Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ermənistanın Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatlara qarşı mübarizədə Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır.

20 iyul 2020 | 02:00

Oğuz elinin ağır günlərində,  düşmən hücumu baş verəndə uca dağ başında tonqallar qalanar,  yurdun hər yerindən igidlər toplaşar,  çətinlikləri birgə dəf edərdilər. Hətta aralarında inciklik olanlar belə umu-küsünü unudar,  yağı düşmənə birlikdə qalib gələrdilər . 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etmişlər. Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamışlar, praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər. Çoxdan arzuladığımız, digər ölkələrin siyasət mədəniyyətində həsəd və qibtə ilə izlədiyimiz an nəhayət yetişmişdir. Azərbaycanda da dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşmişlər. 43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.” Bu birgə bəyanatdan sonra Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca bəyanatlar verərək Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını demişlər. Siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri və analiz etmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir. Oğuz ellərində yenə də tonqallar qalanıb. Azərbaycan sərhədlərində döyüş gedir.  Anaların,  bacıların,  qardaşların,  övladların qəlbi şəhid itkisindən köz-köz olub,   alovlanır.  Amma Ordumuz düşmənin layiqli cəzasını verir və verəcək. Onlar ön cəbhədə,  biz isə arxa cəbhədə bütün qüvvələrimizi səfərbər etmişik.  Azərbaycan xalqına da bu yaraşır:  Vətən təhlükədə olduğu anda rəqabəti unutmaq və ölkə prezidenti ətrafında eyni məqsəd naminə birləşmək, Ali Baş Komandanın əmrlərinə tabe olmaq və sözsüz yerinə yetirmək.  Azərbaycan bu zaman yenilməzdir!

Keçidlər