Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı keçirilmişdir
Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı keçirilmişdir
Heydər Əliyev Konqres Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev, Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev toplantıda iştirak etmişlər. Zirvə toplantısını Qırğızıstan Prezidenti Almazbek Atambayev açdı. Şuraya sədrlik Azərbaycana keçdi. Dövlət başçısı Zirvə toplantısında çıxış etdi. Sonra Zirvə toplantısının gündəliyi təsdiq olundu. Daha sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Almazbek Atambayev, Türkiyə Prezidenti Abdullah Gül, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı çıxış etdilər.Çıxışlardan sonra sənədlərin imzalanması mərasimi oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının bəyannaməsini və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasının baş katib səfir Xəlil Akıncının səlahiyyət müddəti haqqında qərarını Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Almazbek Atambayev imzaladılar.Prezident İlham Əliyev toplantıya yekun vurdu.Bununla da Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı başa çatdı.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX Zirvə görüşündə yaradılmışdır. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstanın sabiq Prezidenti Kurmanbek Bakiyev TDƏŞ-in yaradılması haqqında Naxçıvan Sazişini imzalamışlar. Şuranın məqsədi türkdilli ölkələr arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsinə və inteqrasiyaya nail olmaqdır. TDƏŞ-in I Zirvə toplantısı 2011-ci il oktyabrın 21-də Almatıda, II Zirvə toplantısı isə 2012-ci il avqustun 23-də Bişkekdə keçirilmişdir.