Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq”

25 iyul 2020 | 09:00

1993-cü ilin 15 iyun tarixində ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi Azərbaycanın müstəqil dövlət kimi yaşaması hələ də sual altında olardı. Lakin həmin tarixdə ümumilli liderin hakimiyyətə gəlişi xalqa böyük inam verdi, hakimiyəti düşdüyü bataqlıqdan çıxardı. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət, ordu quruculuğu, iqtisadiyyatı inkişaf etdirmək siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalq inanır ki, Azərbaycanın daxili və xarici siyasəti əmin əllərdədir. Bu yaxınlarda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun təxribatı ilə torpaqlarımıza olan hücum zamanı biz bunun bir daha şahidi olduq. 22 iyul 2020-ci il tarixdə Ermənistan ordusunun Tovuz rayonu istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən edilən artilleriya hücumu nəticəsində hərbçilərimiz həlak oldu, yaralandı. Lakin Azərbaycan ordusu tərəfindən cavab olaraq  həyata keçirilən qisas əməliyyatı nəticəsində şəhidlərimizin intiqamı alındı, onlarla düşmən və onların texnikası məhv edildi. 15 iyul 2020-ci il tarixdə bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxaraq dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edərək iğtişaş yaratmağa cəhd etdilər. Bu əməlləri törədən heç bir kəs məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı insan müharibə gedən dövrdə bu cür hərəkətlər edə bilməz. 22.07.2020-ci il tarixdə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında demişdir: “Bu günlərdə heç vaxt olmadığı qədər güclü müharibə gedirdi. Bizim apardığımız ədalətli siyasət beynəlxalq hüquqa, tarixi ədalətə söykəndiyi üçün haqq səsimizi dünya dövlətləri, əksər beynəlxalq təşkilatlar eşitdi. Bizi əvvəllər heç vaxt xarici dövlətlər belə dəstəkləməmişdi. Nə 1990-cı illərin əvvəllərində, nə də başqa dövrdə. İndi biz çox güclü beynəlxalq dəstək gördük. Ilk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstərdilər. Türkiyə, Azərbaycan,Qazaxıstan, Özbəkistan, Qırğızıstan dövlətlərinin üzvü olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana birmənalı şəkildə dəstək göstərdi.120 ölkənin cəmləşdiyi Qoşulmama Hərəkatı, 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı bizi birmənalı dəstəklədi. Necə ki, biz müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bütün müsəlman aləminə məxsus olan bütün ibadət yerlərini dağıdır, məhv edir, təhqir edir. Torpaqlarımıza hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb. Ermənistan qoşunları gözləmədiyi halda ordumuzun müqaviməti ilə qarşılaşdı.Azərbaycan ordusu Ermənistana başından güclü zərbə vurduqdan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Lakin buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi. KTMT-nin 6 üzvündən 3-çü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus respublikası isə Qoşulmama Hərəkatında təmsil olunur, o da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi”. Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm də mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmindir ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim dövlətin diqqət mərkəzindədir. Xalqımız üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ölkə başçısının elə həmin görüşdə qeyd etdiyi kimi: “Münaqişənin yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya, Laçına, Xankəndinə qayıtmalıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq”.

Keçidlər