I Qəbələ Mürəbbə Festivalı keçiriləcəkdir.
Azərbaycan mədəniyyəti və milli kulinariyasının təbliği məqsədilə 2013-ci ilin 24-25 avqust tarixlərində Qəbələ rayonunda ilk dəfə olaraq I Qəbələ Mürəbbə Festivalı keçiriləcəkdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı cərçivəsində təşkil olunan festivalın keçirilməsi üçün 7 nəfərdən ibarət təşkilat komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin təkliflərinə əsasən 11 nəfərdən ibarət münsiflər heyətinin üzvləri qiymətləndirmədə iştirak edəcəklər. Münsiflər heyətinin tərkibinə bu sahə üzrə ixtisaslaşmış mütəxəssilər və digər ekspertlər daxil olacaqlar. Festivalda Şəki, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Yevlax, Oğuz və Qəbələ rayonlarından yarışda iştirak etmək üçün 12 çeşiddə, 12 nəfər mürəbbə hazırlayan, habelə qeyd edilən şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak edəcəklər. Qaydalara əsasən hər iştirakçı 1 mürəbbə növü ilə yarışa qatıla bilər. Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılacaqdır. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Bakı, Qəbələ və respublikanın digər bölgələrinin bədii kollektivlərinin çıxışları təşkil ediləcəkdir. 2 gün davam edəcək Festival Qəbələ şəhərində “Qafqaz Resort” hotelinin ərazisində keçiriləcəkdir.