Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim dövlətimizin diqqət mərkəzindədir.
Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı deyib: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”. Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib). Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təminatı həyata keçirilib. Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb. Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda) aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub: 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox vərəsəsi ödəmə ilə təmin edilib. Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqust tarixində keçirdiyi müşavirədəki çıxışında qeyd etmişdir ki, şəhid ailələri və müharibə əlillərinin problemləri daim dövlətin diqqət mərkəzindədir və bu ailələrə olunacaq imtiyazlar bundan sonra da davam etdiriləcəkdir.