Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə ilk dəfə mürəbbə festivalı keçirilib

25 avqust 2013 | 15:00

Son illər bir çox mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən Qəbələ şəhəri daha bir ilkə imza atıb. Dünyada ilk dəfə olaraq avqustun 24-də Qəbələ rayonunda mürəbbə festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi festival Qəbələ şəhərindəki  “Qafqaz Resort” hotelin qarşısında keçirilib. Festivalda mədəniyyət və turizm nazirliyinin, rayon icra hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də 3 mindən çox yerli və xarici turist iştirak edib. Ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədilə keçirilən Qəbələ I Mürəbbə Festivalında Azərbaycanın 12 şəhər və rayonundan şirniyyatçılar iştirak edib. Onlar burada ən gözəl əl işlərini sərgiləməklə yanaşı satış-yarmarkada da iştirak ediblər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün 7 nəfərdən ibarət xüsusi komissiya da yaradılıb. Komissiya tərəfindən isə 12 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflər heyətinin tərkibinə bu sahə üzrə ixtisaslaşan mütəxəssislər və digər ekspertlər daxildir. Festivalda iştirak etmək üçün Şəki, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Yevlax, Oğuz və Qəbələ rayonlarının hər birindən 12 çeşiddə mürəbbə hazırlayan 12 nəfər, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər.
Qaydalara əsasən hər iştirakçı 1 mürəbbə növü ilə yarışa qatıla bilər. Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin Bakı, Qəbələ və respublikanın digər bölgələrinin bədii kollektivlərinin çıxışları təşkil edilib. Münsiflərin rəyi ilə xalqın gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan iştirakçılar 3 nominasiya üzrə qalib elan olunub. Münsiflər heyətinin qərarına əsasən festivalda Ucar sakini Bəsirə Abbasova ən yaxşı ərik mürəbbəsi bişirdiyi üçün 93.6 xalla qalib elan olunub və 500 manat pul mükafatına layiq görülüb. Qəbələ komandası ən yaxşı gül mürəbbəsinə görə 300 manat , Oğuz komandası gavalı mürəbbəsinə görə 200 manat qazanıb.

Keçidlər