Qəbələdə koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
13 avqust 2020-ci il tarixində rayonda fəaliyyət göstərən mobil qruplar tərəfindən respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı rayonun ticarət, ictimai iaşə və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər davam etdirilmişdir. Nazirlər Kabinetinin Operativ Qərargahının tələb və tövsiyələrinə uyğun olaraq bütün obyektlərdə işçi heyətinə sosial məsafənin gözlənilməsi, sanitar-gigiyenik qaydalara əməl edilməsi və tibbi maskalardan istifadə etmənin vacibliyi barədə ətraflı məlumatlar verilmişdir. Gün ərzində ümumilikdə 48 ticarət obyektinə və 53 digər obyektə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Karantin qaydalarını pozduğu üçün 4 nəfər mikroavtobus sürücüsü və 1 nəfər ictimai iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdirilir.