“Həyatla oyun” başlıqlı teatr tamaşası təqdim olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.1.1-ci bəndində zərərli vərdişlərin profilaktikası ilə bağlı teatr tamaşalarının hazırlanması və regionlarda nümayiş etdirilməsi bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının üzərinə vəzifə kimi qoyulmuşdur.Gənclərin bu sahədə maarifləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birlikdə “Həyatla oyun” adlı teatr tamaşası hazırlanmışdır. Tamaşanın Qəbələ rayonunda nümayişi 28 avqustda Qəbələ Mədəniyyət Mərkəzində baş tutmuşdur. Tamaşaya rayonun müxtəlif idarə və müəssisələrində çalışan yeniyetmə və gənclər, ictimaiyyət nümayəndələri, həmçinin orta məktəblərin yuxarı sinif şagirdləri dəvət edilmişdir.Tamaşanın nümayişindən öncə rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək teatr tamaşasının nümayiş etdirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə gəncləri yox deməyə səsləmək, onların bu sahədə məlumatlarını artırmaqdan ibarət olduğunu diqqətə çatdırdı. Daha sonra teatrın direktoru-bədii rəhbəri İntiqam Soltan tamaşaçılara zərərli vərdişlərin törətdiyi fəsadlar barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin ruhən və fiziki cəhətdən sağlam həyat, sağlam düşüncə tərzi seçmələri üçün valideyinlərə daha məsuliyyətli olmalarını tövsiyyə etmişdir.Real həyatda baş verən hadisələr əsasında hazırlanmış “Həyatla oyun” tamaşasının əsas məqsədi insanları bəşəriyyətin ən böyük fəlakəti olan narkomaniyaya qarşı mübarizəyə səsləməkdir. Rejissor İntiqam Soltanın səhnələşdirdiyi və Bakı Uşaq Teatrının kollektivinin oynadığı tamaşa tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanmışdır.