Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

ASAİF-in XI Yay Forumunun iştirakçıları Qəbələdə olmuşlar

02 sentyabr 2013 | 15:00

Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) “Bizim forum, bizim seçim, bizim Azərbaycan” devizi altında Bakıda keçirilən XI Yay Forumunun iştirakçıları Qəbələyə səfər etmişlər. İlk öncə  gənclər ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov 40-dan çox xarici ölkədə təhsil alan 600 azərbaycanlı gənclə görüş keçirmişdir. Görüşün əhəmiyyətindən danışan Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirmişdir ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərində ölkə rəhbərliyinə qayıdışı ilə xalqımızı fəlakətdən xilas etmiş, onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzu artmışdır. Hazırda Prezident İlham Əliyev ümummilli liderin müdrik daxili və xarici siyasət kursunu layiqincə davam etdirir.
F.Heydərov diqqətə çatdırmışdır ki, bütün ömrünü Azərbaycan xalqına həsr etmiş ulu öndər Heydər Əliyevin hər sözü, açdığı uğurlu yol bu gün gənclərimizin həyat amalına çevrilmişdir. Azərbaycan xalqının ağsaqqal sözünü daima uca tutmasından və onların ətrafında sıx birləşməsindən danışan natiq eyni zamanda, qeyd etmişdir ki, ağsaqqallar da gənclər üçün kamil örnək olmalıdırlar. Bu baxımdan keçirilən tədbir həm də nəsillərin görüşüdür. ölkəmizin inkişafında gənclərin və ağsaqqalların rolundan da geniş söhbət açmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin bir ağsaqqal olaraq Azərbaycan üçün açdığı yol ən düzgün istiqamətdir. Bu yolu bəyənməyənlərin və irad tutanların əksəriyyəti kənar qüvvələrin maraqlarına xidmət edirlər və onların təsiri altına düşürlər. Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov gənclərə və məzunlara hər bir sahədə fəallıq nümunəsi göstərməyi, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik ənənələrini qorumağı və inkişaf etdirməyi tövsiyə etmişdir.    
Fəttah Heydərov ölkəmizdə gənclərə olan dövlət qayğısından söz açmış, son illər xaricdə təhsil alan Azərbaycan gəncliyinin fəallığının artdığını qeyd etmişdir. O, bildirmişdir ki, xarici ölkələrdə təhsil alan və məzun olmuş Azərbaycan gənclərinin forumlarının keçirilməsi görülən işlərə qiymət verilməsində və gələcək fəaliyyətin müəyyənləşməsində mühüm rol oynayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu gün ölkəmiz üçün əsas problem olduğunu diqqətə çatdıran Fəttah Heydərov xaricdə təhsil alan azərbaycanlı gəncləri bu sahədə daha da fəal olmağa, münaqişə ilə bağlı dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləməyə çağırmışdır. Görüş zamanı deputat Fəttah Heydərov ulu öndər Heydər Əliyevlə bağlı maraqlı xatirələrini gənclərlə bölüşmüş, özünün gənclik illərindən söz açmış, tələbə və məzunların suallarını cavablandırmışdır.
Tədbirdə ASAIF-ın sədri Ramin Həkimov, Milli Məclisin deputatı Ceyhun Osmanlı, Təhsil Nazirliyinin məsul işçisi İlham Nağıyev çıxış etmişdir. Bildirilmişdir ki, ASAİF-in forumunun əsas məqsədi xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşmə prosesini gücləndirmək, ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşərək respublikamızın xaricdə təbliğinin daha səmərəli təşkilində, informasiya mübadiləsində, təbliğat işinin interaktiv qurulmasında gənclərimizə kömək etməkdir. Bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini çox yüksək qiymətləndirən natiqlər gənclərə təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzu etmişlər. Tədbirdə ölkəmizdə təhsil və turizm sahəsinin inkişafı istiqamətində görülən işlər və əldə olunan uğurlardan, dövlətin gənclərlə bağlı həyata keçirdiyi tədbirlərdən, Azərbaycanın xarici siyasətindən və beynəlxalq aləmdəki nüfuzundan, regionların inkişafı ilə bağlı görülən işlərdən danışılmışdır.
Sonra forum iştirakçıları üçün açıq havada konsert təşkil edilmiş, gənclər gündən-günə inkişaf edən Qəbələ şəhəri, rayonun turizm obyektləri, mənzərəli guşələri, tarixi abidələri ilə tanış olmuşlar.

Keçidlər