2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda müəllimlərin sentyabr konfransı
“2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda müəllimlərin sentyabr konfransı keçirilmişdir. İlk öncə konfrans iştirakçıları şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoymuşlar. Qəbələ Mədəniyyət Mərkəzinin tamaşaçı zalında davam edən konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Respublika Ağsaqqallar şurasının sədri Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, rayonun ümumtəhsil məktəblərinin pedaqoji kollektivi, qabaqcıl müəllimlər və bir sıra idarə və təşkilat rəhbərləri iştirak edirdilər. Tədbiri açıq elan edən rayon Təhsil şəbəsinin müdiri Oktay Hacıyev çoxsaylı müəllim kollektivi adından qonaqları salamlamış və ənənəvi sentyabr konfransını açıq elan etmişdir. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Daha sonra “2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilində təhsil işçiləri qarşısında duran vəzifələr barədə hesabat məruzəsi ilə ətraflı çıxış edən rayon Təhsil şəbəsinin müdiri O. Hacıyev qeyd etmişdir ki, bu günlər daim yeniləşən, inkişaf edən və gözəlləşən Azərbaycanımızın hər yerində ənənəvi sentyabr konfransalrı keçirilir. Konfransda bütün təhsil işçiləri ötən dərs ilinin nəticələrini təhlil edir, araşdırmalar aparır və qarşıdan gələn yeni dərs ilində görüləcək işləri müəyyənləşdirirlər.Bildirilmişdir ki, YUNESKO bəşəriyyətin çoxillik inkişaf təcrübəsinə əsaslanaraq XXI yüzilliyi “Təhsil əsri” adlandırır. Bunu nəzərə alaraq cəmiyyətin bütün sahələrində olduğu kimi təhsil sahəsində də günü-gündən qloballaşan dünya ilə ayaqlaşmaq üçün islahatların aparılması vacibdir. Dövlət müstəqilliyinin 22-ci ildönümünü yaşayan Azərbaycan Respublikası, təhsildə islahatlara Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə başlamışdır. Diqqətə çatdırılmışdır ki, Bu gün bu tövsiyyələr ulu öndərin layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunmuşdur ki, möhtərəm prezidentimiz İlham Əliyev özünün qurub-yaratmaq, xalqını, dövlətini ucaltmaq işini davam etdirən ləyaqətli, ağıllı, zamanında və doğru qərarlar verən, dünya siyasi arenasında öz müstəqil sözünü deyə bilən, sadəliyi ilə xalqının və dünyanın sevimlisinə çevrilən lider kimi yetişdi. Aparılan uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan bu gün nəinki regionun, həm də dünyanın siyasi cəhətdən stabil ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmış, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur. Natiq öz çıxışında qeyd etmişdir ki, Respublikamızın bütün bölgələrində olduğu kimi Qəbələdə də sosial-mədəni obyektlərin təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi yüksək əhəmiyyət kəsb edir. Doğma Azərbyacanımızın İsveçrəsi hesab edilən Qəbələmizin geniş əhatəli, inkişafı sahəsində aparılan siyasət nəticəsində gündən-günə artmaqda olan istehsal müəssisələri, mədəniyyət, turizm və sağlamlıq mərkəzləri, istirahət parkları, abadlıq, səliqə səhmanı ilə şöhrətləşən rayonumuzu daha da gözəlləşdirməklə dünya ölkələri və mötəbər təşkilatların diqqətini daim özünə cəlb etməkdədir. Diqqətə çatdırılmışdır ki, son illərdə rayonda 10-larla beynəlxalq tədbirin, o cümlədən musiqi festivalının keçirilməsi buna bariz nümunədir. Diqqətə çatdırılmışdır ki, rayonda gedən sosial-iqtisadi inkişaf yeni məktəb binalarının tikintisi, onların əsaslı təmiri təhsil işçilərini sevindirir və qəlbimizi iftixar hissi ilə doldurur. Cari dərs ilində Nazirlər Kabineti, Fövqaladə Hallar Nazirliyi, iqtisadi İnkişaf Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələri tərəfindən rayonun 41 məktəbinə baxış keçirilmişdir. Yaxın illərdə, keçirilən monitorinqə uyğun həmin məktəblərdə əsaslı təmir işlərinin aparılması və yeni məkəb binalarının tikintisi nəzərdə tutulmuşdur. 2012-2013-cü dərs ilində Kiçik Pirəlli kəndində 180 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmiş, məktəbin daxilində istilik sistemi quraşdırılmış, müasir informasiya telekommunikasiya texnologiyaları ilə təmin olunmuşdur. Tikanlı və Həmzəlli kənd tam orta məktəblərinin dam örtüyü dəyişdirilmiş, şəhər 4 saylı tam orta məktəbin akt zalı təmir olunmuş, RİH-nin yaxından köməkliyi sayəsində rayonun digər ümumtəhsil məktəblərində cari təmir işləri aparılmışdır. Yengicə və Zirik kənd ümumi orta, şəhər 5 saylı tam orta məktəblərinin smeta layihə sənədləri hazırlanmış, yaxın vaxtlarda onların tikintisinə başlanacaqdır. Bildirilmişdir ki, 2012-2013-cü dərs ilində rayonda 68 ümumtəhsil məktəbi, o cümlədən 53 tam orta, 11 ümumi orta, 4 ibtidai məktəb fəaliyyət göstərmiş, şagirdlərimizin sayı 16664 nəfər, cari ildə onların təlim-tərbiyəsi ilə 2317 nəfər müəllim məşğul olmuşdur. Məktəblərimizdən 52-i beşgünlük iş rejimi ilə işləmişdir. Rayon üzrə beş məktəbdənkənar təlim-tərbiyə müəssisəsi fəalıiyyət göstərmişdir, onlara 81 qrupda 1171 nəfər şagird cəlb edilmişdir. rayonda öz işini dərindən bilən, pedoqoji səriştəsi, bilik və bacarığı ilə seçilən, ictimaiyyət arasında böyük nüfuz sahibi olan onlarla, qabaqcıl müəllimlərin adlarını sadalayan təhsil şöbəsinin müdiri onlara minnətdarlığını ifadə etmişdir. Respublika üzrə keçirilən olimpiada qaliblərindən , rayonda müxtəlif hərbi idman yarışları, o cümlədən, “Cəsurlar”, “Şahin” və “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyünün məktəbdaxili və rayon birinciliklərindən söz açılmış qazanılan nailiyyətlər diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli sərəncamına əsasən 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan eilmişdir. Bu məqsədlə rayon Təhsil Şöbəsində və bütün məktəblərdə xüsusi tədbirlər planı hazırlanmışdır. Rayonumuzda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin məktəblərin informasiya kommunikasiya texnologiyaları ilə təmin olunması işi həmişə diqqət mərkəzində saxlanılır. Keçən dərs ilində məktəblərimiz 481 ədəd komputerlə təmin edilmiş, rayon üzrə 43 komputer sinfi fəaliyyət göstərmişdir. Yeni dərs ilinə hazırlıq məqsədilə yerli büdcə hesabına daha 35 dəst komputer alınması nəzərdə tutulmuşdur. 17 məktəbimiz fəal internet sisteminə qoşulmuş, Təhsil Şöbəsinin, həmçinin 5 məktəbin xüsusi internet saytı açılmış, şöbədə informasiya mərkəzi yaradılmış, TİMS proqramı üçün bütün məktəblər üzrə kordinatorlar müəyyən edilmişdir. Tədbirlər planına uyğun olaraq şəhər 4 və 5 saylı, Zarağan 1 saylı, Vəndam qəsəbə 1 saylı, Nic qəsəbə 2 saylı, Tüntül tam orta, Dızaxlı və Bum ümumi orta məktəblərdə informatika fənninin tədrisi keyfiyyətinə aid monitorinq aparılaraq təhsilyanı şura iclasında müzakirə edilmişdir.Tədbirdə Müəllimlərin metodiki hazırlığının yüksəldilməsi, onlara təlimin texnologiyaları sahəsində olan yeniliklərin vaxtında çatdırılması, ayrı-ayrı ixtisas müəllimləri arasında təcrübə mübadiləsinin aparılmasında “Dayaq məntəqələri”nin böyük rolu olduğu bildirilmişdir. 2013-2014-cü dərs ilinin başlanması ərəfəsində ümumtəhsil məktəblərimzin qarşıdan gələn dərs ilinə hazırlığından söz açılmış, məktəblərin inventar və avadanlıqla təmin olunması həmişə olduğu kimi yenə də diqqət mərkəzində saxlanılmışdır. İndiyə kimi yerli büdcə hesabına 118993 manatlıq 1029 ədəd parta, 1300 manatlıq 100 ədəd yazı lövhəsi, 37000 manatlıq 200 ədəd kitab şkafı, 57600 manatlıq 1300 ədəd stul, 3700 manatlıq 200 ədəd müəllim masası, 8550 manatlıq 15 ədəd direktor kabineti dəsti, 16900 manatlıq 50 ədəd paltar şkafı, 5600 manatlıq 150m2 pərdə jalüz, ümumilikdə 294143 manat dəyərində müxtəlif adda inventar avadanlıq alınaraq bölgü əsasında məktəblərə paylanılmışdır.Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidenitinin 04 sentyabr 2007-ci il tarixli, 2373 nömnrəli sərəncamı ilə artıq 6 ildir ki, Təhsil Nazirliyi tərəfindən “Ən yaxşı məktəb” və “Ən yuaxşı müəllim” müsabiqəsi keçirilir. 2009-cu ildə şəhər 1 saylı, 2011-ci ildə Nohurqışlaq kənd tam orta məktəbi həmin müsabiqənin qalibi olmuşdur. Diqqətə çatdırılmışdır ki, ki, 2012-2013-cü dərs ilində keçirilən müsabiqədə iştirak edən rayonun 2 məktəbi bu müsabiqənin qalibləri sırasına çıxmışdır. Şəhər 4 saylı və Vəndam qəsəbə 1 saylı tam orta məktəbləri “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olmuş, respublikanın 50 ən yaxşı məktəbi sırasına çıxmış, hər bir məktəb 10 min manat pul mükafatına layiq görülmüşdür. Məktəblərin dərsliklərlə təminatı eləcə də kitabxanaların bədii ədəbiyyatlarla zənginləşdirilməsi istiqamətində məktəblərdə xeyli iş görülmüşdür. Belə ki, 2013-2014-cü dərs ili üçün Təhsil Nazirliyi hesabına azərbaycan bölməsi üçün 32, rus bölməsi üçün isə 28 adda olmaqla 23134 ədəd dərslik gətirərək bölgü əsasında məktəblərə çatdırılmışdır. Təhsil Nazirliyi və Dünya bankının birgə layihəsi olan “Səmərəli məktəb modeli”nin həyata keçirilməsi istiqamətində məktəb kitabxanalarının iş şəraitinin yaxşılaşdırılması,onların kitab fondunun çoxaldılması istiqamətində məqsədyönlü iş görülmüşdür. Bu məqsədlə respublikanın 500-dən artıq ümumtəhsil məktəbində monitorinq aparılmış, 10 məktəbin kitabxanası pilot kitabxana kimi seçilmişdir. Bu monitorinqdə Qəbələ məktəbləri də iştirakçı olmuşdur. Rayonun 9 məktəbinin kitabxanasına baxış keçirilmiş, həmin məktəblərin hər birinə 1093 adda bədii ədəbiyyat və 443 ədəd plakat olmaqla ümumilikdə Təhsil Nazirliyi tərəfindən 55976 manatlıq kitabxana vəsaiti verilmişdir. Ali məktəbə daxil olma göstəricilərindən söz açan natiq qeyd etmişdir ki, ali məktəblərə test üsulu ilə tələbə qəbulunun 22-ci ilində də rayonumuzun məzunları yenə də yüksək nəticələr əldə etmiş belə ki, sənəd verən 795 nəfərdən 496 nəfəri tələbə adını qazanmışdır. Bu da əvvəlki illə müqayisədə 40 nəfər çoxdur. Məzunlarımızdan 27 nəfəri 600-dən, 104 nəfəri isə 500-dən çox bal toplamışılar. Məzunları ali məktəblərə qəbul olunmasında yüksək nailiyyət qazanan məktəblərdən şəhər məktəblərini, Vəndam qəsəbə 1;2;3 saylı, Zarağan kənd 1;2 saylı, Tüntül, Nohurqışlaq, Xırxatala, Əmirvan, Mirzəbəyli tam orta məktəblərinin adlarını iftixarla çəkmək olar.Bu nəticələr içərisində Xırxatala kənd tam orta məktəbinin göstəricisini xüsusi qeyd etmək lazımdır. Beləki ali məktəblərə sənəd vermiş 23 şagirdin 20-si tələbə adını qazanmış, onlardan 7 nəfəri 500-dən, 2 nəfəri 600-sən çox bal toplamışdır. Qeyd olunmuşdur ki, bu dərs ilində qəbul imtahanlarında ən yüksək nəticəni Zarağan kənd 1 saylı tam orta məktəbin məzunu Qafarzadə Şahnaz Bəhman qızı göstərmişdir. O, 692 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının Beynəlxalq hüquq fakültəsinə daxil olmuşdur. Rayonun təhsil sahəsinin bir cox istiqamətləri barədə ətraflı məlumat verən rayon təhsil şöbəsinin müdiri O.Hacıyev çıxışının sonunda qarşıdan gələn yeni dərs ilinin başlanması münasibəti ilə pedaqoji kollektivi təbrik etmişdir. Daha sonra tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək qonaqları salamlamış, rayonunun bütün təhsil işçilərini müəllimlərin ənənəvi sentyabr konfransı münasibəti ilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, Müstəqil Azərbaycanın ictimai, iqtisadi, mədəni həyatı sürətlə dəyişir, bütün sahələrdə başlanılmış islahatlar uğurla davam etdirilir. Bu islahatlar cəsarətli olduğu kimi, həm də möhtəşəm və əzəmətlidir. Çünki onun özülü, bünövrəsi çox peşəkarlıqla qoyulmuşdur. Ulu öndər Heydər Əliyev təhsil islahatlarına yüksək qiymət verərək demişdir: “Müstəqil Azərbaycanda son illər təhsil sahəsində geniş islahatlar aparılır. Bu islahatlar Azərbaycanın təhsil sistemini, o cümlədən təhsilin səviyyəsini daha da təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır”. Təhsil sahəsində başlanılmış islahatlar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Müasir təhsil texnologiyalarının öyrənilməsi, ümumiləşdirilərək milli zəmində inkişaf etdirilməsi, ümumi təhsilin məzmunu, texnologiyaları və qiymətləndirilməsi sahələrində böyük irəliləyişlər, təhsilin hümanistləşdirilməsi və demokratikləşdirilməsi sahəsində yüksək nailiyyətlər əldə olunur. Bu gün hər bir təhsil müəssisəsi rəhbərinin qarşısında dövlət standartının düzgün tətbiq olunması əsas məsələ kimi qoyulur və bu tapşırığa ciddi riayət edilməlidir.Bu gün dövlət qayğısı ilə əhatə olunmuş Azərbaycan təhsilinin uğurlarının günü-gündən artmasının, inkişaf etməsinin və dünya təhsilinə inteqrasiyasının təməlində Ümumilli liderimiz Heydər Əliyev tərəfindən müyyən edilmiş siyasi kurs və bu kursun Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur. Cənab İlham Əliyevin dəfələrlə səsləndirdiyi “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” – fikri təhsilin dövlət siyasətinin mərkəzi subyekti olduğunu təsdiq edir. Respublikamızda, eləcə də rayonumuzda geniş vüsət almış yeni məktəblərin, uşaq bağçalarının tikintisi, onların müasir avadanlıqlarla, informasiya-kommunikasiya vasitələri ilə təchizi, yeni dərsliklərin, tədris vəsaitlərinin pulsuz olaraq şagirdlərə çatdırılması, yeni təlim texnologiyalarının tətbiqi və s. bu kimi tədbirlər milli təhsilimizin möhkəm təməllər əsasında qurulduğundan və düzgün inkişafından xəbər verir. Diqqətə çatdırılmışdır ki, bu gün ölkəmizin hər yerində olduğu kimi Qəbələ rayonunda da təhsil sistemi inkişaf yolundadır. Artıq neçə illərdir ki, təhsilin zəruri, hüquqi bazası yaradılmış, təhsilin məzmunu və strukturunda müasir tələblərə uyğun dəyişikliklərin aparılması istiqamətində səmərəli işlər görülmüşdür. Bildirilmişdir ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, el-obasına hörmət, soykökünə, milli adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və buna həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, onda inam hissini gücləndirir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirmişdir. Qarabağ savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi buna canlı misaldır. Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, ümumtəhsil məktəblərində oxuyan şagirdlərə ayrı-ayrı fənlərlə yanaşı ilkin hərbi hazırlıq təlimlərinin tədrisinə də ciddi diqqət yetirilsin. Bu gün müstəqil dövlətimizin və cəmiyyətimizin inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Sonda RİH başçısı ənənəvi sentyabr konfransı münasibəti ilə iştirakçıları bir daha təbrik etmiş kollektivə işlərində uğurlar arzulamışdır. Konfransa çıxış edən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı respublikada təhsil sahəsində görülmüş və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Natiq qeyd etmişdir ki, ölkəmizdə keçirilən təhsil islahatının mühüm və aparıcı sahələrindən biri Milli kurikulumun yaradılmasıdır. Qeyd olunmuşdur ki, təhsildə kurikulumla bağlı islahatın əsas mahiyyəti ondan ibarətdir ki, bu zaman təhsil alana subiyent kimi baxılır, yəni təhsil alan şəxs fəaliyyətin subyektinə çevrilir. O, məqsəd qoymağı, situasiyanı və nəticəni təhlil etməyi, özünün fəaliyyətini qiymətləndirməyi bacarmalıdır. Qeyd edilmişdir ki, məktəblərimizdə artıq I-IV siniflərdə yəni məktəbin I pilləsində kurikulumla təhsil başa çatmış, keçən dərs ilində V siniflərdə, bu ildən etibarən VI siniflərdə bütün təhsil fənləri kurikulumla tədris olunacaqdır. Yeni kurikulumların tətbiqinə başlanılmasının 6-ci ilində qarşıya qoyulan məqsədlərin necə həyata keçirilməsi vəziyyətinin öyrənilməsi, qazanılan müsbət təcrübənin tətbiq edilib yayılması, yeni ədəbiyyatların nəşri, nöqsan və çatışmazlıqların müəyyən edilib aradan qaldırılması daim Təhsil Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır. sonda Təhsil Nazirliyinin nümayəndəsi sentyabr konfransı münasibətilə təbrik etmiş, pedaqoji kollektivə uğurlar arzulamışdır. Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı, Respublika Ağsaqqalar Şurasının sədri Fəttah Heydərov çıxış edərək respublikada Təhsil sahəsində qazanılan uğurlardan, dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan söz açmış, bu il qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanan gəncləri təbrik etmişdir. Natiq ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi, yaxşı təhsil alması və ictimai həyatda fəallığının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin əhəmiyyəti barədə məlumat vermiş, yeni dərs ilinin başlanması münasibətilə rayonun bütün təhsil işçilərini təbrik etmişdir. Konfransda Vəndam qəsəbə 1 saylı tam orta məktəbin xarici dil müəllimi Mədinə Hacıyeva, Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, Cığatelli kənd tam orta məktəbinin informatika müəllimi Yazgül Hacıyeva, Şəhər 4 saylı tam orta məktəbin direktoru Qəşəngi Musayeva, Texniki yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Turanə Abdullayeva cıxış edərək təhsil, idman və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində qazanılmış uğurlardan söz açmış qarşıda duran vəzifələr barəsində ətraflı məlumat vermişlər. Sonda təhsil sahəsində fərqlənən müəllimlərə, “Qızıl medal”, fərqlənmə şəhadətnaməsi və yüksək bal toplayan tələbə adını qazanmış gənclərə, rayon Icra hakimiyyətinin və təhsil şöbəsinin fəxri fərman və diplomları təqdim olunmuşdur.