Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar mövcuddur.
Azərbaycan və Türkiyə dövlətləri arasında mövcud olmuş hərbi əməkdaşlıq əlaqələri bu gün də öz inkişaf mərhələsində davam edir. İki dövlət arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq 2020-ci il iyul ayının 29-dan avqust ayının 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilmişdir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdir. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra orduda kadr çatışmazlığı mövcud idi. Məhz belə bir çətin zamanda Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına Türkiyə dövləti yardım göstərmişdir. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etmiş, Türkiyə Azərbaycanda hərbi kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin önəmi böyükdür, eyni zamanda bu təlimlərin insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün çox böyük əhəmiyyəti və faydası vardır. Prezident demişdir: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş cari ilin iyul ayının 2-də qüvvəyə minmişdir. İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir: 1. NATO ilə əməkdaşlıq sənədləri. (Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir.) 2. Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr. 3. Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən demişdir: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”. Prezidentin: “Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz” kimi sözləri Azərbaycanın açıq diplomatiyasına işarə edir. Ta qədim zamandan iki qardaş dövlət Türkiyə və Azərbaycan arasında mövcud olan qardaşlıq əlaqələri, eləcə də hərbi-strateji əlaqələr bu gün öz inkişaf mərhələsindədir. Və biz inanırıq ki, bu iki dövlət arasındakı əlaqələr bundan sonra da möhkəmlənərək daha da inkişaf edəcəkdir.