Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ukrayna Respublikasının Rovno vilayətinin numayəndə heyəti Qəbələdə

11 sentyabr 2013 | 09:10

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ukrayna Respublikasının Rovno vilayətinin numayəndə heyətinin üzvləri əməkdaşlıq məqsədilə Qəbələ rayonuna səfər etmişlər. Rovno vilayət administrasiyasının sədri Vasili Bertaşın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Ukrayna xalq deputatı Blaqodır Yuriy, Rovno şəhərinin meri Vladimir Xomko, vilayətə daxil olan rayonların administrasiya rəhbərləri həmçinin özəl sektorun 31 təmsilçisi qatılmışlar.
Nümayəndə heyətini Qəbələ Beynəlxalq Hava Limanında rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko və rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri qarşılamışlar. Qəbələ rayonu ilə yaxından tanış olan nümayəndə heyəti  Qəbələ Üzüm emalı zavoduna baxış keçirmişlər. Qonaqların diqqətinə çatdırılmışdır ki, Qəbələ rayonunda da sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Qəbələ üzüm emalı zavodunun əsas məqsədi respublikada geniş yayılmış və qədim tarixə malik şərabçılıq sahəsinin əvvəlki şöhrətinin bərpa edilməsi və Azərbaycan süfrəsinin dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm növləri və şərab çeşidləri ilə təmin olunmasıdır. Bildirilmişdir ki, müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir. Müəssisə üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın "VİVA Cooperative Rausedo" VCR və Fransanın "Gontard Freres" şirkətləri ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə - Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salmışdır. Ərazinin təbii şəraiti, dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, illik temperatur göstəriciləri və müxtəlif yerlərdən götürülmüş torpaq nümunələrinin İtaliya və Fransa şirkətlərinin laboratoriyalarında aparılmış analizləri bu yerdə yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən ərazidə əkiləcək üzüm növləri və onların kök sistemləri seçilmişdir. Seçilmiş növlər üzrə yüksək keyfiyyətli üzüm tingləri gətirilmiş və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilmişdir. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınmışdır. Qeyd olunmuşdur ki, üzüm emalı müəssisəsinin illik istehsal gücü 1000 tondur. Zavod İtaliyanın ən məşhur şirkətlərinin avadanlığı ilə təchiz olunmuşdur. Hazırda burada 7 növ (“Chardonnary” ,”Viognier”, ”Syrah”, “Cabernet-Merlot”, “Limited- Release”, “Merlo-Desert”, “Reasling”)  məhsul istehsal olunur. Gələcəkdə 11 növ məhsulun istehsalı planlaşdırılır. Zavodda  bütün məhsullar  yüksək ixtisaslı  xarici mütəxəssislərin  rəhbərliyi ilə istehsal olunur və yoxlanılır. Şərablar bütün müəyyən olunmuş normalara riayət edilməklə zirzəmidə palıd çəlləklərdə saxlanılır ki, bu da ona əlavə ətir verir. İstehsal olunan şərab məhsulları bir çox dövlətlərə ixrac olunur. Şərabların gələcəkdə Ukrayna, İtaliya, İsveç kimi ölkələrə ixrac edilməsi də planlaşdırılır. Müəssisənin anbarıda minimum silkələnmə, ciddi şəkildə müəyyənləşdirilmiş temperatur, rütubət və işıqlandırma, zəruri mikromühit mövcuddur. Məhsullar Fransadan və İtaliyadan alınan yüksək keyfiyyətli palıd çəlləklərdə və çənlərdə saxlanılır. Məhsulun belə çəlləklərdə saxlanması bərk zərrəciklərin çəlləyin dibinə çökməsinə səbəb olur ki, onları da oradan təmizləmək asanlaşır. Bundan əlavə, palıd çəlləklərdə saxlanılan əksər şərablar sadə içkini nəfis şəraba çevirməyə qadir xüsusi ətir verir. Zavodda ən müasir avadanlıqla təchiz edilən laboratoriya yaradılmışdır. İstehsal olunan məhsullar İngiltərədən alınan və  MDB məkanında yalnız bu müəssisədə quraşdırılan lazer analiz aparatı ilə yoxlanır. Bu aparat kimyəvi preparatlarsız işləyir və bir dəqiqə ərzində şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir. Daha sonra nümayəndə heyəti  Qəbələ Heyvandarlıq-Südçülük Kompleksinə baxış keçirmişlər. Qeyd olunmuşdur ki, Dövlət proqramları çərçivəsində ölkənin müxtəlif bölgələrində olduğu kimi Qəbələ rayonunda da yeni istehsal sahələri istifadəyə verilir, rayon  və kəndlərdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müntəzəm olaraq ardıcıl tədbirlər həyata keçirilir. Bildirilmişdir Heyvandarlıq-Südçülük Kompleksi də belə müəssisələrdən biridir. Müəssisənin ümumi dəyəri 12,9 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 3 milyon manat güzəştli kredit ayrılmışdır. Kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanmışdır. Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. Müəssisə ABŞ-ın "BouMatic" şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inək tutumlu "Paralel" tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilmişdir. Hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 500 baş "Holstein Friesian" cinsindən olan inək gətirilmişdir. Hazırda sağmal heyvanların sayı 660 başa çatdırılmış, onlardan 150 bala alınmışdır. Gələcəkdə kompleksdə sağmal inəklərin sayının min başa çatdırılması nəzərdə tutulur. Qeyd olundu ki, hər inəkdən bir ildə 8 min 500 litr, ümumi fermada isə gündəlik təqribən 15 ton süd sağımı proqnozlaşdırılır. İstehsal olunan süd Qəbələ süd emalı zavoduna göndərilir. Burada ağartı məhsulları istehsal olunur. Kompleks üçün Qəbələ rayonu ərazisində mövcud əkin sahələri hesabına yem təsərrüfatı yaradılmışdır. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Bunun nəticəsində müəssisənin yemə olan tələbatı tam ödənilir. Komplekslə tanışlıq zamanı qonaqlara məlumat verildi ki, layihənin icrası nəticəsində 95 nəfər iş yeri ilə təmin olunmuşdur. Tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə burada çalışan mütəxəssislərin bir hissəsi Hollandiyada xüsusi kurs keçmişdir. Rayonun turizm sektoru ilə yaxından maraqlanan nümayəndə heyəti “Qafqaz Spa və Sağlamlıq Mərkəzi”nə də baxiş keçirmiş burda olan xidmət növləri ilə maraqlanmışlar. Qeyd olunmuşdur ki, kompleksdə örtülü və açıq hovuzlar, türk hamamı, sauna, buxar hamamı, kinozal, masaj salonu, boulinq zalı kimi xidmətlərdən istifadə olunur. Nümayəndə heyəti Qafqaz Spa və Sağlamlıq Mərkəzi ilə yaxın bir məsafədə tikintisi aparılan Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisinə də baxış keçirmişlər. Burada qonaqlara   bildirilmişdir ki,   dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Diqqətə çatdırılmışdır ki, burada kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaqdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq altı stansiyada quraşdırma işləri başa çatmışdır. Bir-birindən 1414 metr məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılmışdır. Qeyd olunmuşdur ki, hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən "Qafqaz Resort" otel kompleksi üç otel binasından, SPA sağlamlıq mərkəzindən, əyləncə parkından ibarət olmaqla yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə "Qafqaz Resort" otel kompleksində qış istirahət məkanının yaradılması, yəni otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi bütün fəsillərdə ekskursiya və digər fəal istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcəkdir Qəbələ rayonu ilə tanışlıqdan məmnunluqlarını ifadə edən nümayəndə heyəti  Qəbələ rayonunun füsünkar təbiəti olduğunu vurğulamış, bu yerin  geniş turizm potensialı olduğunu qeyd etmişlər.  Nümayəndə heyətinin üzvləri rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinə də baxış keçirmişlər. Bildirilmişdir ki, burada atıcılıq idmanının daha çox yayılan və olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır. Kompleksin ərazisində olimpiya yarışlarında tətbiq edilən və bütün texniki inventarlarla təchiz olunan sahə də yaradılmışdır. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulmuş, nəticələri qeydə alan elektron tablo yerləşdirilmişdir. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılmışdır. Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılmışdır. Ümumilikdə 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sporting meydançası inşa edilmişdir. Dairəvi və səngər stend atıcılığı avadanlığı Fransadan, sporting avadanlığı İngiltərədən, tir avadanlığı İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilmişdir. Daha sonra nümayəndə heyəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən 14 avqust  2013-cü il tarixdə açılışı olmuş “Qafqaz Karvansaray” otel kompleksinə gəlmişlər. Məlumat verilmişdir  ki, təkcə Qəbələ rayonu deyil, bölgələr üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl infrastruktura malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel beş hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin mayında başlanmış, bu ilin avqustunda başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir. Bildirildi ki, avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır. Dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bundan başqa, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilən respublikamızda turizmin inkişafı da sürətlənir. Bu və digər reallıqlar ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Hazırda Azərbaycan dövləti bu baxımdan kompleks tədbirlər reallaşdırır. “Qafqaz Karvansaray” otel kompleksi də həmin istiqamətdə atılan əsaslı addımlardan biridir. Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Otelin zirzəmi hissəsində avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır. ”Karvansaray” otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Oteldə, həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları vardır. Kompleksdə 150 nəfərlik restoran, iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir. Rayonda mövcud olan istehsal müəssisələri ilə maraqlanan qonaqlar Qəbələ Konserv zavodunda istehsal prosesini yaxından izləmişlər. Məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur. Məhsullar “Jalə”, “Bağdan”, “Aycan”, “Zolotoy sad” adlı təbii meyvə şirələri, müxtəlif tamlara malik “İce tea-Jalə” soyuq çayları, həmçinin meyvə dilimlərindən ibarət konservlərdir.
Bildirilmişdir ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Daha sonra qonaqlar zavodda istehsal olunan məhsulların sərgisinə baxış keçirmişlər. Qeyd olunmuşdur ki, zavodun beynəlxalq sertifikatı mövcuddur müəssisələrin məhsulları ölkəmizdən kənarda da kifayət qədər tanınır.
Zavodla tanışlıqdan sonra nümayəndə heyəti Qəbələ rayonunun füsunkar təbiətinin, turizm məkanlarının  həmçinin  müasir sənaye müəssisələri ilə yaxından tanış olmaları üçün onlara yaradılan şəraitin xoş təəsürat yaratdığını diqqətə çatdıraraq öz minnətdarlıqlarını ifadə etmişlər. Nümayəndə heyətinin səfəri davam edir.

Keçidlər