Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman verib.

30 sentyabr 2020 | 01:00

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq Azərbaycan Prezidenti İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi” haqqında Fərman imzalayıb. Hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir. Fərmana görə, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. Azərbaycan Milli Məclisi bu barədə qərar qəbul edib. Beləliklə, ölkə ərazində hərbi vəziyyət elan olunmaqla, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir. Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Qanunvericiliyə görə, hərbi vəziyyət elan edilərkən əhaliyə qabaqcadan məlumat verilməklə, hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Beynəlxalq sənədlərə əsasən, 3 gün ərzində BMT və Avropa Şurasının baş katibləri məlumatlandırılır. Hərbi vəziyyətin müddəti bitənədək elan edilmə əsasları aradan qalxmadıqda və ya yeni əsaslar yarandıqda hərbi vəziyyətin qüvvədə olma müddəti uzadılır. Hərbi vəziyyətin elan edilməsi əsasları aradan qalxdıqda və bunun üçün yeni əsaslar yaranmadıqda hərbi vəziyyət ləğv edilir. Ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır. Hərbi vəziyyət dövründə Milli Məclis, məhkəmə, prokurorluq orqanları və Ombudsman fəaliyyətini davam etdirir. Bu dövürdə xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi, xüsusi iş rejiminə keçid, karantin rejimi, təhsil müəssisələrinin xüsusi iş rejimi və ya fəaliyyətinin dayandırılması, əhalinin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunması, istənilən idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılması mümkündür. Hərbi vəziyyətdə sərbəst hərəkət etmək, yaşayış yeri seçmə və s. hüquq və azadlıqlara məhdudiyyətlər tətbiq edilə bilər.      Hərbi vəziyyətin elan olunduğu əraziyə (ərazilərə) xüsusi giriş-çıxış rejiminin tətbiqi, ölkəyə xüsusi gəlmə-getmə qaydaları tətbiqi, yaşayış və ya olduğu yeri seçmək hüququnun və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması baş verə bilər. Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır. Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır. 28 sentyabrdan  etibarən Azərbaycanın komendant saatı tətbiq edildiyi ərazilərində saat 21.00-dan 06.00-dək şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Həmçinin, xüsusi giriş-çıxış rejiminin tətbiq edilməsi və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görüləcək. Komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsi Daxili İşlər Nazirliyinə həvalə edilib. Hərbi vəziyyət dövründə xüsusi əmək şəraiti müəyyən edilir. Yəni, bəzi qəzaların nəticələrinin aradan qaldırılmasına fiziki və hüquqi şəxslər cəlb edilə bilər. Hərbi vəziyyət dövründə tətil və aksiyalar qadağan edilir. Mülkiyyət formasından asılı olmayaraq daşınar və daşınmaz əmlak (xüsusi mülkiyyətin  əvəzi ödənilməklə) müdafiə ehtiyacları üçün alına və ya istifadə edilə bilər. Qanunvericiliyə görə, ölkə ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan ediləndə hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 (üç) ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz. Eyni zamanda hərbi vəziyyətlə bağlı tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, fondların və digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması, mitinq və nümayişlərinin qadağan edilməsi də mümkündür. Hərbi vəziyyət dövründə məxfilik rejiminin gücləndirilməsi, rabitədən istifadə, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarət gücləndirilir. Bu dövrdə kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi, xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, hətta onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi, cəbhəboyu zonada KİV-in fəaliyyətinin tənzimlənməsi öz əksini tapa bilir. Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür. Hərbi vəziyyətlə bağlı qanunvericiliyi pozanlar İnzibati Xətalar, Cinayət və Mülki məcəllələrlə məsuliyyət daşıyırlar. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.

Keçidlər