Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.
30.09.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında müsahibə vermiş və həmin müsahibədə Ermənistanın sentyabrın 27-də Azərbaycan sərhədində törətdiyi təxribat haqqında məlumat verərək qeyd etmişdir ki, müharibəyə başlayan Ermənistandır. Ermənistanın başladığı hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 nəfər dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkarlara adekvat cavab verməyə, öz xalqımızı, öz torpağımızı müdafiə etməyə məcbur idik. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad etmiş, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutmuşdur. Hal-hazırda fəal döyüş əməliyyatları davam edir. Ermənistan artıq bir neçə ay idi ki, hucuma – yeni müharibəyə hazırlaşırdı. Onların hərəkətlərinin və bəyanatlarının xronologiyası aşkar göstərir ki, onlar bu təxribata şüurlu şəkildə gedirlər. Prezident İlham Əliyev BMT Baş Assambleyasının tribunasından çıxış edərkən demişdi ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar dövlət sərhədindəki yaşayış məntəqələrinə silahlı hücum etdilər. Bu münaqişə zonasından uzaq bir yerdir. O vaxt 1 nəfər dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi. Bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Azərbaycan son iki ildə dəfələrlə bəyan edib ki, biz illər boyu işlənib hazırlanmış Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, danışıqlar Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparılsın. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür. Münaqişənin yalnız iki tərəfi var. Ermənisan və Azərbaycan. Dövlət sərhədindəki bizim mövqelərəmizə hücum edilib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Azərbaycan danışıqlara sadiqdir, lakin Ermənistan tamamilə əks hərəkətlər edir. Ermənistan açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir ki, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Onlar bunu nümayişkaranə şəkildə edirlər. Onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar şüurlu provokasiyalar, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Lakin Azərbaycan təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdi, onların niyyətləri baş tutmayanda isə bu cür cəhd göstərdilər. Haqlı olaraq da Azərbaycan adekvat cavab tədbirləri gördü. İnformasiya məkanında Ermənistanın SU-25 döyüş təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulması haqqında xəbər yayılıb. Ölkə başçısının qeyd etdiyi kimi, bu xəbər heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Azərbaycan bütün məsuliyyəti ilə bəyan edir ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur. Daha sonra ölkə Prezidenti Türkiyənin regionda nüfuzuna toxunaraq demişdir: “Türkiyə regionda sülhün təminatçısıdır. Türkiyə qardaş ölkə və müttəfiqdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyə mənəvi dəstək göstərir və Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına Azərbaycanla həmrəy olduğuna və dəstəklədiklərinə görə təşəkkür edirik. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət də yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Dünən qismən səfərbərlik elan edilib. 2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən 10 minlərlə ehtiyatda olanları orduya çağırır. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki, o, bir daha Azərbaycan tərəfə baxmağa cəsarət etməsin.” Möhtərəm Prezidentimizin dediyi kimi: "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"