Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir.
Azərbaycanla Pakistan arasında qardaşlığa söykənən sıx əlaqələr mövcuddur. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkədir. 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. Dünyanın ikinci iri müsəlman ölkəsi olan Pakistanla əlaqələr Azərbaycan üçün çox önəmlidir. Pakistan ölkəmizlə həmrəylik əlaməti olaraq, Ermənistanı müstəqil dövlət kimi tanımır. İslam Əməkdaşlıq Təşkilatında Qarabağ məsələsində Azərbaycanı ən çox dəstəkləyən Pakistandır. Azərbaycan da öz növbəsində bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. İkitərəfli əlaqələrdə siyasi sahədən əlavə hər iki dövlət arasında iqtisadi məsələlər də öz müsbət həllini tapmışdır. Hazırda qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur. 30 sentyabr 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmiş və mövcud vəziyyət barədə geniş məlumat vermişdir.Prezident İlham Əliyevin qeydləri, bəyanatları, müsahibələri və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışı Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün siqnal idi. Prezident İlham Əliyev Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu demişdi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən kəndlərə, hərbi mövqelərə hücum etməyə başlamışlar və ötən gündə mülki şəxslər arasında itkilər olmuşdur. Əfsuslar olsun ki, bu gün mülki şəxslər arasında itkilərin sayı artır. Ermənistan silahlı qüvvələri tərəfindən 17 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 50-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. İşğal altındakı bəzi ərazilər ordumuzun əks-hücum nəticəsində azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancılıb. Hazırda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam etdirilir. Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar bizim tarixi abidələrimizi, məscidlərimizi dağıdır, dağıdılmayan məscidlərdən heyvan saxlamaq üçün istifadə edirlər. Bununla onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib. İki il bundan öncə əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. Ermənistanın iki sabiq prezidenti barəsində cinayət araşdırmaları aparılır. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları buna reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala dözür, danışıqlara şərait yaratmaq üçün mandatı olan ölkələr öz məqsədlərinə çatmaq bilmirlər, odur ki, Ermənistan onların bəyanatlarına məhəl qoymur. Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər, Lakin Ermənistan bunlara məhəl qoymur və bu təşkilata hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyri-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur və indi onların müdafiə naziri deyir ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq. Baş nazir “Qarabağ Ermənistandır” deyir. O, göstərir ki, təkcə ölkə daxilində və beynəlxalq səviyyədə yalançı deyil, onun yalançı olması faktı bütün erməni xalqına yaxşı məlumdur. Qarabağın Ermənistan olduğunu demək çirkin yalanın növbəti hissəsidir. Paşinyan, Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmalıdır deyir bu isə danışıqların formatının dəyişməsi deməkdir. O, Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını bəyan edir. Onlar işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər. Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimi Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edilir. Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar və düşünürlər ki, biz buna dözəcəyik. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Biz heç vaxt bununla razılaşmayacağıq və onlara yerlərini göstərəcəyik. Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onu dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək. Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə yanımızdadır. Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat haqq işimizi tam dəstəkləyir. Ölkə Prezidenti Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən demişdir: "Biz əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edirik. Türkiyə Prezidenti Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə bizim yanımızdadır, Azərbaycan tək deyil. Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Biz onlara minnətdarıq. Biz, həmçinin bu mühüm məqamda bizim yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq. Bu dostluq və qardaşlıq davamlı olacaq."