Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibə onun öz siyasətində və bugünkü mövqeyində dönməz olduğunu bir daha nümayiş etdirir.
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti uzun illər boyu davam etməkdədir. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ötən əsr 90-cı illərin əvvəllərindən başlamış və artıq beynəlxalq xarakterli problemə çevrilmişdir. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları da eynisini edib, lakin bu, kifayət etmir. Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Fransa və digər dövlətlər son illər münaqişənin sülh yolu ilə həll edilməsi üçün müzakirələrin davam etmədiyini yaxşı bilirdilər. Hətta Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkələrin diqqətinə çatdırmışdı ki, Paşinyan hökuməti danışıqlardan boyun qaçırır. Yaranmış indiki vəziyyət həmsədr ölkələrin münaqişənin sülh yolu ilə həll olunması prosesinə etinasız yanaşmasının nəticəsidir. Uzun illər boyu problemin sülh yolu ilə həllinə çalışan Azərbaycan hökuməti və Azərbaycan xalqının artıq səbr kasası dolmuşdur. Sentyabrın 27-də Ermənistan tərəfinin atəşkəsi pozması ilə Dağlıq Qarabağ münaqişəsi pik həddə çatdı. Azərbaycan Ordusu düşmənə tutarlı cavab verərək əzəli torpaqlarımızın işğaldan azad olunması uğrunda əks-hücuma keçdi. Azərbaycanın haqq işi uğrunda mübarizəsini açıq şəkildə dəstəkləyən, hər zaman yanında olduğunu vurğulayan qardaş dövlətlər - Türkiyə, Pakistan bu yolda daha dönməz mövqe tutmuşdur. Otuz il ərzində torpaqlarına həsrət qalmış Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır və Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını azad etmək üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır, bu, onun haqq işidir. Ancaq bəzi Qərb dövlətləri o cümlədən Fransa, ABŞ, Rusiya kimi dövlətlər və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edirdilər. Son iki ildə Azərbaycan Prezidenti İlham Əliyev bu ölkələrin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan imtina edir. Nəticə isə göz qabağındadır. Ermənistan hökumətinin işğalçı siyasətinə qarşı Azərbaycan ordusu öz torpaqları uğrunda son damla qanına kimi vuruşmağa hazırdır, elə buna görə də bütün Azərbaycan müharibənin başlanmasına sevinir, çünki haqlı olduğunu bilir. Artıq neçə gündür ki, Azərbaycan Ordusu düşmənə öz gücünü, qüdrətini göstərərək, müqəddəs torpaqlarımız, Vətənimiz və xalqımız uğrunda mübarizəni davam etdirir. Bu gün bütün dünya ictimaiyyəti, mənəm-mənəm deyən dövlətlər, öz maraqlarını “məzlum” erməni xalqının haqqını müdafiə etmək adı altında pərdələyən siyasətçilər başa düşməli və belə bir tarixi faktla barışmalıdırlar: Qarabağ mübahisəli torpaqlar deyil, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınmış əzəli torpaqları, Azərbaycanın özüdür. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən ermənilər hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını belə döyüş meydanında qoyub qaçırlar. Bu gün bütün qabaqcıl və güclü dövlətlərin diqqəti Azərbaycanda gedən azadlıq mübarizəsinə yönəlmişdir, ancaq təəssüf ki, bizim qələbələrimiz onların çoxlarının ürəyincə deyil. Haqq işi uğrunda mübarizəyə qalxmış Azərbaycan öz əzmini dəyişmək fikrində deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibə onun öz siyasətində və bu günkü mövqeyində dönməz olduğunu bir daha nümayiş etdirir. Bizi döyüşləri dayandırmağa, yenidən mənasız sülh danışıqlarına cəlb etməyə çalışan dövlətlərə üz tutaraq bildirmişdir ki, qoy Paşinyan etiraf etsin ki, Qarabağ Azərbaycandır. Bundan sonra bizim şərtlərimizlə döyüşləri dayandırmaq mümkündür. Müsahibə zamanı cənab Prezident demişdir: “Biz nə ediriksə, özümüz edirik. Ordumuzda da, ehtiyatımızda da kifayət qədər insan var. Qismən səfərbərlik elan edilib. Ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan var. Hələlik buna ehtiyac yoxdur. Ermənistanın isə buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar Yaxın Şərqdən insanları döyüşə cəlb edirlər və buna sübutumuz var, özü də təkcə erməni əsilliləri deyil”. Dövlət rəhbərinin belə dönməz mövqeyi döyüşçülərimizin də, xalqımızın da əzmini artırır. Çünki bu Azərbaycanın haqq işidir. O, Vətən müharibəsi aparır. Bundan müqəddəs və ədalətli iş ola bilərmi?!
Bütöv Azərbaycan uğrunda döyüşən Azərbaycan ordusuna eşq olsun!