Prezident İlham Əliyev: "Xalqımız tarixin ən şərəfli anlarını yaşayır".
Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın səkkizinci günündə Azərbaycan Respublikasının Prezidenti xalqına müraciət etmişdir. Ordumuz qələbə dolu uğurları ilə sürətlə irəliləyir. Bundan azğınlaşan erməni qəsbkarları Azərbaycanın dinc əhalisinə, mülki şəxslərə, onların yaşayış yerlərinə ağır artilleriyadan zərbələr endirirlər. Bununla təcavüzkar ölkə döyüş cəbhəsinin ərazisini genişləndirmək, ordumuzu qıcıqlandıraraq əks cavab atəşlərinin açılmasına təhrik etmək və üçüncü dövləti bu münaqişəyə cəlb etmək istəyir. Ancaq Azərbaycan dövləti ədalətli və haqq işi uğrunda mübarizə aparır. Onun başqasının torpağında gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir. Ermənistan ölkəmizi yenidən danışıqlara çağırır. Lakin ölkə başçısı bu cür mənasız danışıqlara heç vaxt getməyəcəkdir. Çünki aparılan danışıqlar və onun formatı həmişə faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib. Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, onları yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır. Bu gün xalqımızın və dövlətimizin yeni, şanlı tarixi yazılır. Tarixi ədalət bərpa edilir. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq 30 ilə yaxındır ki, erməni qəsbkarları torpaqlarımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar. Prezident cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi ermənilər tərəfindən dağıdılmış bütün məscidlər, şəhərlər bərpa edləcək. Bu bölgələrə həyat qayıdacaq. Ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyulacaq. hazırda yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir. Biz öz torpağımızda döyüşürük. Ölkəmizin ərazi bütövlüyü bərpa edilir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir. Bu gün Azərbaycan xalqının qələbə salnaməsinə yeni sətirlər əlavə olunur. Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmandır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdır. Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işqaldan azad edilərək yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Burada gözəl qəsəbə salındı. Cocuq Mərcanlının alınması onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Cəbrayıllılar sevinc içindədirlər. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi və öz tarixi adı bərpa edildi. Güc üstünlüyü artıq Azərbaycanın tərəfindədir, xalqın həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tezliklə tarixi ədalət bərpa olunacaq, bütün torpaqlar xalqa qaytarılacaqdır. Ermənistanın təcavüzkar tamahı onları bitirəcəkdir. Təcavüzkar tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edir. Bu siyasət Ermənistan dövlətçiliyinə təhlükədir. Ermənistan xalqı öz siyasi rəhbərliyinin axmaq niyyətlərinin əziyyətini çəkir. Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi. Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Bu ittihamların heç bir əsası yoxdur. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq. Azərbaycan hər zaman ədalətli danışıqların tərəfdarı olub. Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirir. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi faktı Azərbaycan xalqını təhqir etmək cəhdidir. Bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq alırlar. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Odur ki, Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır. Ermənistanın havadarları, xarici ölkələr ölkə prezidentinə zənglər edir, ondan xahişlər edirlər. Soruşurlar ki, müharıbə barədə planları nədir, şərt və təkliflər nədir. Cənab Prezidentin şərti birdir: "Erməni ordusu çıxsın bizim torpaqlarımızdan. Onda qarşıdurma dayanacaq. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Verilən dərslərdən Ermənistan nəticə çıxartmalı və təxribatlarından əl çəkməlidir". Müraciətin sonunda ölkə prezidenti bir daha vurğulamışdır: "Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Biz haqq-ədalət tərəfindəyik. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti, ərazi bütövlüyümüzü bərpa edirik. Biz haqlıyıq, xalqımız mütləq zəfər çalacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! "