Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Prezidenti, Ali Baş Komandan müzəffər Ordumuzun hərbi-strateji əməliyyatlarına uğurla rəhbərlik etdiyi kimi, diplomatiya, informasiya və siyasi müstəvilərdə də tarixi nailiyyətlərə imza atıb.

15 oktyabr 2020 | 02:00

Azərbaycan hazırda Vətən müharibəsi aparır. Bu müharibədə uğurlu hərbi əməliyyatlarla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də nailiyyətlər qazana bilirik. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi təcrübəsi və iradəsi sayəsində reallaşır. Dövlətimzin başçısı informasiya cəbhəsində də ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edir, bu cəbhədə də yeni tarix yazır. Azərbaycan Ordusu ön cəbhədə savaşaraq qələbələr qazanır, diplomatiyamız diplomatik cəbhədə uğurlarını sıralayır. Biz bu gün informasiya cəbhəsində də paralel olaraq uğurlu müharibə aparırıq. Sadalananların hər birində qiymətli və tarixi qələbələr əldə edirik. İlk baxışda hibrid müharibələr fərqli platforma, müstəvi və seqmentlərdə aparılsa da, bütün bunların hamısının bir qəhrəmanı var ki, o da milli gücün beyni hesab edilən milli diplomatiyamızı formalaşdıran, xarici siyasət strategiyamızın müəllifi olan Prezident İlham Əliyevdir. Sentyabr ayının 27-dən bu günə qədər Azərbaycan Prezidenti Ali Baş Komandan olaraq müzəffər Ordumuzun hərbi-strateji əməliyyatlarına uğurla rəhbərlik etdiyi kimi, diplomatiya, informasiya və siyasi müstəvilərdə də tarixi nailiyyətlərə imza atıb. Hərbi uğurlarımız o qədər böyükdür ki, Azərbaycan özünün son 200 illik tarixində heç vaxt sırf hərbi müstəvidə belə böyük qələbələrə imza atmayıb. Ona görə də həm mahiyyətcə, həm də məzmunca bu savaş bizim əsl qurtuluş savaşımızdır. Eyni zamanda, paralel olaraq, sentyabrın 27-dən bu günədək Azərbaycan Prezidenti dünyanın təsir dairəsi və miqyas etibarilə ən böyük, aparıcı informasiya resurslarına, televiziya kanallarına müsahibələr verib. “Əl-Ərəbiyə”dən başlamış “Əl-Cəzirə”, CNN, “Rossiya1”, RBK, “Haber Global”a qədər çoxsaylı telekanallara verilən bu müsahibələrdə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırıb.  “Biz orada şəhərlər quracağıq, biz oraya həyatı qaytaracağıq. Biz bütün dağılmış yerləri bərpa edəcəyik. Ora indi bizim ordumuzun nəzarətindədir. Artıq işğaldan azad edilmiş torpaqların bəzilərinə bizim mətbuat nümayəndələri də gedirlər. Bəzilərində isə hərbçilər özləri videoya çəkirlər, görürlər ki, orada bir dənə də salamat bina yoxdur. Yəni, bu, faşistlərin əməlləridir. Dünya bunu görməlidir və görəcək”- Prezident İlham Əliyev bunu Türkiyənin “Haber Global” telekanalına müsahibəsində bildirib. Həmçinin dövlətimizin başçısı qeyd edib ki, ermənilər bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını səkkiz aya qurduq. İndi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də, evləri də var, hər şey var. Bütün o torpaqları biz cənnətə çevirməliyik. O torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. “Ona görə biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilibdir. Planlama hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər”. Bu müsahibələrin hər biri diplomatiya tarixinə yazılacaq tarixi müsahibələrdir. Ayrı-ayrılıqda analiz etdikdə isə onların hər biri gerçəkliyinə, məzmun tutumuna, həqiqətləri ifadə etmələrinə görə xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, həmin müsahibələrdə önə çıxan xüsusi bir məsələ var və onun üzərində ayrıca dayanmaq lazımdır. Bu, Prezident İlham Əliyevin verdiyi müsahibələrdə istifadə etdiyi diplomatik dil, üslub, metod və məzmundur. Bunların hər biri ayrılıqda qlobal ictimai rəyi bizim lehimizə dəyişmək üçün xüsusi seçilmiş və çox səmərəli formalardır. Bütün bunlar onu göstərir ki, istər ön cəbhədə qurtuluş savaşımızda, istərsə də diplomatiyada, siyasi müstəvidə əldə etdiyimiz qələbələrin yalnız bir memarı var, o da Prezident İlham Əliyevdir. Elə beynəlxalq müstəvidə bu günə qədər ölkəmizin hər hansı bir dövlət, yaxud beynəlxaq təşkilat tərəfindən qınana bilməməsi də məhz Prezidentin etdiyi çıxışlar və həmin çıxışlardakı fikirlərin, müsahibələrin inandırıcılığı ilə bağlıdır. Dövlətimizin başçısı bu fikirləri ilə indiyə qədər qlobal informasiya məkanında ümumi ictimai rəyi bizim lehimizə təmin edib. Bu çıxışlar, müsahibələr və ümumilikdə, baş tutan uğurlu gedişlər Azərbaycanın diplomatiya tarixində əldə etdiyi ən böyük uğurlar kimi diplomatiya və siyasi fənlər üzrə tədris olunan dərsliklərdə əyani vəsait şəklində öz əksini tapmalı, öyrənilməlidir. Əminliklə söyləyə bilərik, müharibədə Prezidentimizin indiyə qədər əldə etdiyi uğurlar bundan sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını təmin etmək üçün elə möhkəm hərbi-siyasi zəmin yaradıb ki, ərazi bütövlüyümüzün bərpası ən qısa zamanda baş tutacaq. Prezidentimizin qeyd etdiyi kimi: “Biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik. Biz 10 oktyabr saat 12-dən qüvvəyə minmiş atəşkəs rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik. Qələbə bizimdir ! Qarabağ Azərbaycandır!”

Keçidlər