Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibəsində demişdir: “İndiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan özünü qoruya bilən güclü bir dövlətdir!”
Prezident İlham Əliyev 17 Oktyabr 2020-ci il tarixdə Türkiyənin “A Haber” televiziya kanalına müsahibə vermiş və Ermənistan Ordusunun dinc sakinlərə təcavüz edərək bütün dünyanın gözü qarşısında hərbi cinayət törətdiyini və öz tarixinə daha bir qara ləkə əlavə etdiyini bildirmişdir. Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açır. Bu birinci Qarabağ savaşında da müşahidə edilib. Məhz Xocalı soyqırımını törədən həmin mənfur düşmən eyni əməllərinə davam edir və bu açıq-aşkar insanlığa qarşı cinayətdir. Lakin bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayır və bütün bu çətinliklərə dözür. Mülki şəxslər arasında itkinin davam etməsinə baxmayaraq onları birləşdirən bir amal – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsi arzusudur. Oktyabrın 10-da baş vermiş humanitar məqsədlər, cəsədlərin götürülməsi və əsirlərin dəyişdirilməsi üçün atəşkəs missiyasını Rusiya öz üzərinə götürmüşdür. Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə edərək, bir gün keçməmiş Gəncəyə namərd hücum təşkil etdi. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Lakin Azərbaycan Ordusu qarşısında aciz vəzyətdə qalan Ermənistan hökümətinin itkiləri hər gün dəyişən bir statistikadır. 200-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi, iki S-300 sistemi məhv edilib. Təqribən 170 karqo maşını ya məhv edilib, yaxud ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu davam edir. Bir daha hər pozduğu atəşkəsin yeni yaşayış məntəqəmizin, şəhərimizin azad olunması və yüzlərlə erməni əsgərinin, hərbi texnikasının məhv edilməsi demək olduğunu anlayan Ermənistan höküməti yenidən ağ bayraqla atəşkəs istədi. Ermənistan döyüşlərə silahlı muzdluları cəlb etməklə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini açıq şəkildə pozur. BMT-nin “Silahlı muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası”-nda qeyd olunur ki, “Üzv dövlətlər muzdluları cəlb etməməli, istifadə etməməli, maliyyələşdirməməli və ya onlara təlim keçməməli, eləcə də belə addımları qadağan etməlidirlər”. Ancaq heç bir beynəlxalq təşkilatlara məhəl qoymayan Ermənistan höküməti Livan, Suriya və Latın Amerikasından yaşı 30-dan çox olan “könüllü”ləri döyüşlərə cəlb edir. Azərbaycan öz torpağında özünü müdafiə edir və işğalçıları qovur. Bizim Ermənistan torpağında hərbi məqsədlərimiz yoxdur. Ancaq Azərbaycanın işğal olunmuş ərazilərini qanunsuz olaraq istismar edən, Kəlbəcərin qızıl yataqlarından çıxan qızılı xaricə satmaqla pul qazanan Ermənistan höküməti bu torpaqları əbədi olaraq Ermənistanın tabdağı altında saxlamaq istəyir. Buna görə də, öz ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməklə Ermənistan müharibə coğrafiyyasını genişlətməyə və həmsədr ölkələri bu məsəsləyə qatmağa çalışır. Soros Fondunun dəstəyi ilə “inqilab” edib hakimiyyətə gələn Nikol Paşinyan nə daxili, nə də xarici siyasətdə uğur qazana bildi. Ermənistan daxilindəki sosial çətinliklər, problemlərin öhdəsindən hakimiyyətin gələ bilməməsi və xarici ölkələrlə münasibətlərin pozulması, xüsusi ilə Rusiya ilə münasibətlərdəki gərginlik, Sorosun iflası ilə nəticələnir. Daxili problemlərdən fikri yayındırmaq məqsədi ilə rəsmi İrəvan Azərbaycanla sərhəddə təxribatlara əl atır. Təxribatına növbəti dəfə cavab alaraq məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq yazıq obrazında xaricdən yardım dilənməyə başlayıb. Amma nüfuzlu dövlətlər, beynəlxalq təşkilatlar nə Paşinyanı, nə də ki, onun komandasını ciddi qəbul edirlər. Azərbaycanın haqlı mübarizəsinə Türkiyə və Pakistan ilk dəstək olan ölkələrdir. Daha sonra Əfqanıstan, Bosniya və Herseqovina, Ukrayna və digər ölkələrin dəstək göstərməsi Azərbaycanı daha da ruhlandırdı. Eyni zamanda İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Həmsədr ölkələr tərəfsizliyini qorumalıdır fikrini ifadə edən Prezident İlham Əliyev bildirmişdir ki, Fransa həmsədr kimi bitərəf olmalıdır. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Bu gün Fransanın addımları və yanaşması müsbətdir. Rusiya Prezident Adminstrasiyası tərəfindən verilən açıqlama tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır. Bunun razılığı və bunun təqvimi verilməlidir. Bu gün fəal münaqişələr gedə-gedə bu haqda danışmaq bir qədər tezdir. Müsahibəsində cənab Prezident bildirmişdir: “İşğal altında olan torpaqlarını azad etmə mübarizəsində hər zaman Azərbaycanın yanında olan Türkiyə dövlətinin gücündən narahat olan dairələr vardır. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Türkiyə ilə hərbi sahədə işbirliyimiz gündən-günə möhkəmlənir. Qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gün SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bilir. Türkiyə istehsalı olan SİHA-larla xeyli sayda erməni hərbi texnikası məhv edildi. Buna baxmayaraq Türkiyənin Azərbaycanda hərbi baza yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir və bölgədə yerləşən ölkələrlə bu məsələni danışır və müzakirə edir. Rusiya və Türkiyə prezidentlərinin, Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin bu məsələnin həll yolları ilə bağlı danışıqlarının olması bunun sübutudur.” Prezident İlham Əliyev bildirmişdir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir. Lakin Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik. Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan Ordusunun daha da uğurlu olmasına şərait yaradır. Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifədir. Buna nail olmaq üçün siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə böyük səy göstərilir. Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağımızdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Azərbaycan xalqının iradəsi sarsılmazdır, lakin bizi ən çox kədərləndirən həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında itkilərin olmasıdır. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. İstər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı soydaşlarımızdır, övladlarımızdır, qardaşlarımızdır. Azərbaycan xalqı iradəlidir. İndiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. İnsanlar mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki Vətən sağ olsun! Bu gün Tərtəri Ermənistan Stalinqrada çevirir. Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Bu gün Azərbaycan ordusunun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim döyüş hazırlığımızı, təcrübəmizi öyrənirlər. Bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Bu gün Ulu Öndər Heydər Əliyevin yolunu inamla davam etdirən Prezident İlham Əliyevə bütün xalq inanır və Azərbaycanın işğal altında olan torpaqlarını azad edəcəyi günü səbrsizliklə gözləyir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!