Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bü gün Azərbaycan xalqı dövlət tariximizin ən parlaq səhifəsini yazır.

21 oktyabr 2020 | 02:00

27 Sentyabr tarixindən Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən, ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə intensiv raket hücumları mülki insanları öldürmək məqsədi ilə həyata keçirdiyi dövlət terrorudur. Ermənistanın faşist rəhbərliyinin bu hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalı, onlar  məsuliyyətə cəlb edilməlidir.Bütün dünya rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sığışmayan, namərd və faşist əməllərinin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən, 2 uşaq həyatını itirib, 55 insan ciddi yaralanıb. Bütün bu baş verənlər əlbəttə, təkcə Azərbaycana qarşı yox, bütövlükdə ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir və Ermənistan buna görə dünya birliyi qarşısında cavab verməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin hadisələrdən bir neçə saat sonra Azərbaycan xalqına müraciətində Ermənistanın Azərbaycana qarşı törətdiyi bu vəhşiliyin əsil qiymətini vermişdir. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi  bütün beynəlxalq norma və prinsiplərə əməl etməyərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur; dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat  təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Mülki vətəndaşlara qarşı cinayətlər törədir. Hədəf kimi əhalinin kompakt yaşadığı məntəqələr, rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər, xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.  Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə başqa ölkələrdən ermənilərin gətirilməsi və məskunlaşdırması hərbi cinayətdir. İşğal olunmuş Dağlıq Qarabağ ərazisində və digər ətraf rayonlarda ermənilər tərəfindən vandalizm əməlləri törədilmiş, evlər talan edilərək sökülmüş, yandırılmış, tarixi abidələr, xüsusilə qəbiristanlıqlar dağıdılmış, talan və qarət edilmişdir. 30 il ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımız amansızcasına dağıdılmışdır. İşğaldan azad edilmiş  Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür. Xalqa müraciətində cənab Prezident demişdir: “İşğalçı dövləti silahlandırıb işğala məruz qalan dövlətin ərazisində döyüşməsinə, mülki əhalini atəşə tutmasına vasitəçi olmaq özü beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, böyük cinayətdir. Bank rezervlərində valyuta ehtiyatları cəmi 1,5 milyard dollar təşkil edən Ermənistanda, habelə xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil etdiyi halda müharibəni aparmaq üçün silah və texnikanı hansı yollarla əldə etməkləri böyük suallar doğurur. Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti 2 milyard dollar səviyyəsindədir. İşğalçıya maddi və mənəvi dəstəyi göstərməklə, silahlandırmaqla onun cinayət əməllərinə şərik olmaq heç bir dövlətə və beynəlxalq təşkilata başucalığı gətirməz. Azərbaycan xalqının bu açıq qalmış suallara cavab tələb etməyə haqqı var.” Cəbhədə aldığı ardıcıl məğlubiyyətlər iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Heç bir şübhə yoxdur ki, ölkədə Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks-qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Artıq Ermənistanın əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmaqdadır. Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər. Eyni zamanda, əsgərlər arasında kütləvi fərarilik baş alıb gedir, orduda xidmətdən boyun qaçıranları məsuliyyətə cəlb etmək praktikası heç bir nəticə vermir. Müraciəti zamanı cənab Prezident xalq və rəşadətli ordunun öz qələbə salnaməsini yazdığını, öz xilaskar missiyasını yerinə yetirdiyini qeyd etmiş, 17 oktyabr tarixində Fizuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Fizuli şəhərinin işğalçılardan azad edilməsi münasibətilə xalqı təbrik etmişdir. Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması deməkdir. Müzəffər Azərbaycan ordusu şərəfli missiyanın öhdəsindən gələ bilir. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhərinin düşmən tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri bəxş edir. Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirmiş ordumuz haqqı bərpa edir. Bu gün Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri əldə edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyən düşmən öz silah və texnikasını qoyaraq qaçmaq məcburiyyətində qalıb. Azərbaycan ordusu tərəfindən Ermənistan ordusuna aid 234 ədəd tank məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb,  49 ədəd piyadaların döyüş maşını məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb, 196 ədəd yük avtomobilləri məhv edilib, 98-i qənimət kimi götürülüb. Əlavə olaraq 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 ədəd müxtəlifçaplı toplar,  2 ədəd “Uraqan” sistemi, 1 ədəd TOS odsaçan, 2 ədəd “Elbrus” əməliyyat taktiki raket kompleksi,  1 ədəd “Toçka-U”,  35 ədəd OSA zenit raket kompleksi, 3 ədəd TOR zenit-raket kompleksi, 5 ədəd “KUB” və “Kruq” zenit raket kompleksi, 9 ədəd radioelektron mübarizə sistemləri, 2 ədəd S-300 zenit raket kompleksi məhv edilib. Bü gün Azərbaycan xalqı dövlət tariximizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Torpaqlarımızın işğaldan azad olunan hər qarışı xalqa xoşbəxt hisslər bəxş edir. Haqlı olan Azərbaycan ordusu öz torpaqlarında vuruşur. Ordumuz öz gücünü döyüş meydanında göstərir. Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaq, Azərbaycan dövləti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır. İşğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oradan azan səsi eşidiləcəkdir. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır. Heç bir qüvvə, heç bir təhdid, heç bir hədə və heç bir təzyiq Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcək, Qarabağa sülh həyatı qaytarılacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Ordumuz şərəfli missiyanın öhdəsindən mütləq gələcəkdir. Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər