Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Azərbaycan yumruğu sadəcə düşmənin başını əzən yumruq deyil. Azərbaycan yumruğu xalqın birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir.”

22 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 oktyabr 2020-ci il tarixdə xalqa müraciəti cəmiyyətimizdə və bütün dünyada böyük marağa səbəb olmuşdur. Azərbaycan xalqının öz ərazi bütövlüyünü təmin etmək sahəsində qətiyyətini, əzmini, Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna inamını ifadə edən həmin müraciət bir daha nümayiş etdirdi ki, aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəlir. Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar Silahlı Qüvvələrimizin gücünü reallıqda təsdiqləyən hadisə oldu. Ermənistan siyasi rejimi tərəfindən belə bir mif yaradılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin son döyüşlər bunun sadəcə mif olduğunu, dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini,  vətənpərvərliyini,  Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Hər gün Azərbaycan bayrağının işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılması bunun sübutudur. Bu döyüşlər mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etdi. Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalı, nə qədər gec deyil bu həqiqəti qəbul etməli və işğal olunmuş torpaqları qeyri şərtsiz boşaltmalıdır. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, soyqırım törətmək, vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Münaqişə zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artileriyadan atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır. Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir. Buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir. Lakin dünya ölkələri tərəfindən ərazilərimizin bir hissəsinin işğal olunmasına münasibətdə nümayiş etdirilən qərəzli mövqe, təcavüzkarın hərəkətlərinə göz yumulması, onun açıq-aşkar və ya pərdələnmiş şəkildə müdafiə edilməsi məsələnin mürəkkəbliyini artırırdı. Belə olan halda Azərbaycan üzləşdiyi münaqişəni həll etməyin çıxış yolunu özü müəyyənləşdirməli oldu və öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə başladı. Ermənistan höküməti tərəfindən uzun illər ərzində etnik terrora məruz qalmış Azərbaycan xalqı bu gün öz haqqını bərpa edir. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. Xalqa müraciətində işğaldan azad olunan torpaqlar haqqında Prezident İlham Əliyev bildirmişdir: “Ermənilər 30 il ərzində torpaqlarımızda oturub bizə meydan oxuyurdular. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxın ki, bizim qarşımızda hansı vəhşilər dayanıb. Azad edilmiş torpaqlarda salamat bina qalmayıb, tarixi abidələrimiz dağıdılıb, məscidlərimiz talan edilib. Onlar hesab edirdilər ki, biz bununla razılaşacağıq. Onlar rayonlarımızın, kəndlərimizin adlarını dəyişdiriblər. Amma onlar Azərbaycan xalqının iradəsini qıra bilmədilər. İşğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayır. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın. Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləckdir”. Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün həm döyüş meydanında, həm də beynəlxalq müstəvidə öz əksini tapır. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır. Digər tərəfdən 30 ilə yaxın səbr nümayiş etdirən xalq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirib. Azərbaycan xalqının gücünü ifadə edərək Prezident İlham Əliyev “Azərbaycan yumruğu sadəcə düşmənin başını əzən yumruq deyil. Azərbaycan yumruğu xalqın birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir” demişdir. Daha sonra işğaldan azad olunan torpaqlarımızla bərabər düşmən texnikasının itkilərindən bəhs edən Prezident  bildirmişdir: “Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib.  Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Sonda hörmətli mənim xalqım, sizə sizin hər gün gözlədiyiniz xoş xəbəri verim. Bu gün Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd  rayonunun  Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Vəng kəndləri, Vəng kəndinin adını dəyişərək Çinarlı qoyuram, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunub. Xalqımızı bu  qələbə münasibətilə təbrik edirəm. Zəngilan Bizimdir! Qarabağ Azərbaycandır!” Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında ölkə Prezidenti, Silahlı Qüyvələrimizin Ali Baş Komandanı İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır. Bu qayğı, əlbəttə böyük tələb və etimadla müşayiət olunur.  Xalqın öz prezidentinə olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir.  Xalqın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradır. Bütün xalq tez bir zamanda Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə şanlı Azərbaycan Bayrağının işğal altında olan digər torpaqlarımızda dalğalanacağına inanır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər