Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibəsində bildirmişdir: “Azərbaycan iqtisadiyyatının şaxələndirmə programı çox uğurla icra olunur.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibəsində Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələri olduğunu qeyd etmiş və bildirmişdirki, Xarici İşlər nazirlərinin bu üç ölkənin paytaxtında görüşməsi münaqişənin sülh yolu ilə nizamlanması üzrə əvvəllər də aparılmış danışıqların davamıdır. Əfsuslar olsun ki, Ermənistanın indiki hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər sülh danışıqlarını mənasız etmişdir. Lakin döyüş meydanında öz taleyini həll edən Azərbaycan artıq status-kvonu məhv etmişdir. Azərbaycan onların cəzasını yerində verir, əraziləri azad edir, demək olar ki, hər gün Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edilir. Buna görə, indi Ermənistan rəhbərliyi daha məntiqli davranmalı, işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalı və bunun nə vaxt baş verəcəyini müəyyən etməlidir. Bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalı, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar. Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. İşğal olunmuş torpaqların azad olunmasından sonra orada qalmaq istəyən ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq. Rusiya Dövlətinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında iki dəfə humanitar atəşkəs elan olunmuşdur. Birinci atəşkəs cəhdindən sonra onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Atəşkəsə nail olmaq üçün ikinci cəhd - atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan dinc şəhərlərə hücum etdi. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra ordumuz tərəfindən Zəngilan şəhəri və bir çox kəndlər azad edildi. Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına Azərbaycan və Ermənistan özləri razılıq verməlidir. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Artıq Türkiyə də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan danışıqlara cəlb olunub. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Türkiyə indi təkcə regionumuzda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Türkiyənin əhalisi 83 milyon, Azərbaycanın əhalisi 10 milyondur. Ermənistanın əhalisi isə 2 milyondan azdır. Onlar məntiqli olmadığı, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Ermənistanın Azərbaycana qarşı təcavüzə və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiyə ilə sərhədi bağlıdır. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Türkiyə kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarını gündəmə gətirmək ağılsızlıqdır. Lakin bu, onların ideologiyasının mahiyyətidir. Onların “cəsur ordusu” haqqında bütün miflər sadəcə bir növ dezinformasiyadır. Başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən döyüşür. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan və Kanada pasportu olan insanlar var. Bu Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri münaqişə zonasına cəlb etməsinin sübutudur. Lakin Azərbaycan ordusunun heç bir xarici döyüşçüyə ehtiyacı yoxdur. Azərbaycanın kifayət qədər insanı, nizami ordusu, kifayət qədər əsgər və zabitləri var. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın İqtisadi yüksəlişinə toxunaraq bildirmişdir: “İqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəlik var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsul aşağı düşür, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, artım var. Bu, onun göstəricisidir ki, sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Ərazilərin geri qaytarılması kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Kənd təsərrüfatımızın gələcək inkişafı artıq planlaşdırmağa başlanılıb. Azərbaycan beynəlxalq enerji layihələrini də qrafikə uyğun icra edir. Yaponiya şirkətləri Azərbaycanda enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə Bakıda iki böyük elektrik stansiyası tikilib. Yeri gəlmişkən, Azərbaycan həm də elektrik enerjisini ixrac edir və Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpa edilən enerji sahəsində görmək istəyirik. TAP-ın rəsmi açılışı bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya çəkilən tarixi kəmər tamamlanıb. Digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana heç bir hadisə baş verməyib. Kəmərlərimiz ərazimizdə lazımi qaydada qorunur. Əlbəttə, Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar kəmərlərə, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Bu da onların terrorçu xislətinin bir hissəsidir”. Ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəkləyir. Azərbaycanda siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub. Bununla bağlı məhdudiyyət yoxdur. İnternet azaddır. Hal-hazırda sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər müvəqqətidir. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır. Bu gün xalq millətinə dəyər verən Prezidentinin və ordusunun hər zaman yanındadır və tezliklə bu birlik Azərbaycanın bütün işğaldan azad olunmuş torpaqlarının bərpasında, yenidən çiçəklənməsində və inkişafında öz əksini tapacaqdır. Var olsun inkişaf edən Azərbaycan Dövləti! Yaşasın Azərbaycan ordusu! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!