22 iyul - Milli Mətbuat Günü və Azərbaycan Milli Mətbuatının 149 illik yubileyi münasibətilə adlı tədbir keçirilib
19 iyul 2024-cü il tarixdə Qəbələ Rayon Heydər Əliyev Mərkəzində 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Qəbələ rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşunaslıq Muzeyinin, "Qəbələ" qəzeti redaksiyasının və Mətbuat Yayımın nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Kəmalə Qasımova Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq şərəfli yol keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğunu diqqətə çatdırmışdır. Çıxış edən rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Mələkxanım İsayeva təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, demokratiyanın inkişafını özündə əks etdirən söz, fikir azadlığının yaradılması nəticəsində Azərbaycanın dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanındığını diqqətə çatdırmışdır. Digər çıxış edənlər mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustadlarının milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə, Milli mətbuatın inkişafı və çiçəklənməsinə böyük töhfələr verdiyini vurğulamışlar. Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.