Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qərb jurnalistləri ilə müsahibələrdə Prezident İlham Əliyev onlara tam bir master-klass keçir.

06 noyabr 2020 | 00:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Almaniyanın ARD televiziya kanalına müsahibə vermiş və həmin müsahibədə Ermənistanın Azərbaycana qarşı təxribatlarının davamlı və məqsədyönlü olduğunu bildirmişdir.  Birinci hərbi təxribat iyul ayında, ikinci hərbi təxribat avqust, üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmişdir. Ermənistan tərəfinin təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya atəşinə tutması  nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşmüş, 91 nəfər mülki şəxs həlak olmuş və 404 nəfər xəsarət almışdır. Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub. Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir. Lakin danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərar və qətnamələr qəbul edilib. Bu sənədlərdə Azərbaycan ərazilərinin işğalı faktı tanınıb, işğal altında olan ərazilərdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması tələb edilib. Buna baxmayaraq, indiyədək münaqişənin həlli istiqamətində heç bir irəliləyiş əldə olunmayıb və beynəlxalq təşkilatlarda bu məsələyə açıq-aşkar biganəlik müşahidə edilir. Münaqişənin dondurulmuş kimi görünməsi isə beynəlxalq vasitəçiləri qane edib. Lakin Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini çoxdan geri çəkərdi. Azərbaycan bir aydan artıqdır ki, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasını həyata keçirir. Tarixi ədalətin bərpa olunması istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi  bu günədək ölkəmizə qarşı  dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası kimin  münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı. Bunun üçün dövlətimizin başçısının xarici mətbuata verdiyi müsahibələrinə diqqət yetirmək kifayətdir. Müxtəlif dövlətləri təmsil edən televiziya kanallarının, digər mətbu orqanların qərəz dolu, tarixdən və hüquqdan xəbərsizlikləri, ən əsası Ermənistana meyillikləri fonunda ortaya çıxan sualları   diplomatik şəkildə, səbir və təmkinlə, tarixi faktların dili ilə cavablandıran prezidentimizin keçdiyi tarix və hüquq dərsləri Azərbaycanın nəinki döyüş meydanında,  informasiya cəbhəsində də üstünlüyünü bir daha təsdiqləyir. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırır. Buna görə də, beynəlxalq hüquq müdafiə təşkilatları, eləcə də  “Amnesty International”, “Human Rights Watch” və indiyədək Azərbaycanın tənqidi ilə məşğul olan  çoxsaylı beynəlxalq təşkilatların son günlər tutduğu mövqe, yenə ikili standartdan çıxış etmə faktı diqqət çəkir. Azərbaycana səfər etmək istəməyən sözügedən təşkilatları cənab Prezident israrla Azərbaycana dəvət etdi. Bu hadisələrlə yerində tanış olduqdan sonra “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatları Ermənistan silahlı qüvvələrinin istifadəsi qadağan olunmuş kasetli raketlərlə Bərdəyə zərbələr endirdiyini təsdiqlədilər, bununla bağlı hesabat verdilər və bu təqdirəlayiqdir. Həmin hesabatlar əsasında beynəlxalq məhkəmələrə müraciət edilə bilər.  Bu diplomatik qələbədir. Nədənsə ARD müxbiri “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçdi. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər cənab Prezidentə ünvanladıqları sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemikaya girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir. Qərb jurnalistləri ilə müsahibələrində Prezident onlara tam bir master-klass keçir. Bu cür müsahibələr həmin KİV-lərin qərəzini və  peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Jurnalistin Azərbaycandakı siyası vəziyyət və demokratiya ilə bağlı verdiyi suala cavabında Cənab Prezident demişdir: “Azərbaycanda siyasi sistem və siyasi proses səmərəlidir. Parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verilib. Biz müasir, yeni siyasi prosese başladıq.” Prezident qeyd etdiyi kimi, onun təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud  52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir. Azərbaycanda siyasi dialoq mühiti var. Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib. Azərbaycanın pandemiya dövründə də iqtisadi göstəriciləri normaldır. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Azərbaycanın konvertasiya oluna bilən valyuta ehtiyatları xarici borcundan 6 dəfə çoxdur. İqtisadi göstəricilər regionda ən yaxşıdır, sosial göstəricilər Avropanın bəzi ölkələrindən belə yaxşıdır. Özlərini demokratiya nümunəsi kimi göstərən ölkələrdə etirazçıları qətlə yetirirlər fikrini ifadə edən Prezident İlham Əliyev bildirmişdir: “Avropada etirazçıları  atlarla döyür, itləri gətirir və bu, demokratiya hesab olunur. “Sarı jiletlilər”in nümayişləri polislə qarşıdurmada 10-dan çox adam qətlə yetirilib.” Prezidentin cavabını şərh edərkən biz bunu bir qədər də genişləndirə bilərik. Fransada etirazlar zamanı 26 nəfər gözünü itirib, 5-inin əli qopub və daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Euronews" fransız polisinin Avropada ən yaxşı silahlanmış təşkilat olduğunu deyir. Onlara fişənglər, digər ölkələrdə döyüşlərdə istifadə olunan silahlar verilir. Digər araşdırmaya görə, il ərzində Almaniyada aksiya iştirakçıları və yoldan keçənlərə qarşı polis tərəfindən törədilən 12 mindən çox zorakılıq qeydə alınıb. Onu da qeyd edək ki, qərb dövlətlərindən gələn jurnalistlər nə qədər qərəzli suallar versələr də ölkə başçısının tutarlı faktlarla verdiyi cavablar qarşısında məğlub vəziyyətə düşürlər. Çünki Azərbaycanın lideri hərbi vəziyyətlə bərabər diplomatiya sahəsində də zəfər çalır. Çünki biz ədaləti bərpa edirik, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad edirik. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər