Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qafqazın incisi olan Şuşa mədəniyyətimizin beşiyi, Azərbaycanın muğam avazlı yarıdır.

12 noyabr 2020 | 08:00

8 noyabr tarixi Azərbaycan tarixində böyük gündür, şanlı və müqəddəs gündür. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsini rəsmən elan etdikdən sonra respublikanın hər bir tərəfində bayram ab-havası yaşanır. İndi nəinki şuşalılar, bütün Azərbaycan o müqəddəs ocağa qayıdacağı günü səbirsizliklə gözləyir. Şuşanın işğaldan azad olunduğu xəbərini verərkən “Mən xoşbəxt adamam ki, atamın vəsiyyətini yerinə yetirdim. Şuşa işğaldan azad olundu” deyən dövlətimizin başçısı İlham Əliyev 1982-ci ildə Şuşaya atası, xalqımızın ümummilli lideri Heydər Əliyevlə getmişdi, bu dəfə isə Şuşaya Prezident, Şuşanı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq ayaq basacaq, beləliklə də müqəddəs Qarabağ torpağına ayaq basan bir lider kimi tarixə düşəcək. Qarabağ xanlığının ən önəmli şəhəri olmuş, XVIII-XIX əsrlərdə iri mədəniyyət və siyasi mərkəz rolunu oynamış, dahi şairlərin, müğənni və bəstəkarların vətəninə çevrilmiş bu qədim şəhər 1992-ci ildə erməni qəsbkarları ilə müharibə zamanı ciddi dağıntılara məruz qalıb. Ermənilər buradakı Azərbaycan xalqına məxsus mədəni irs abidələrini dağıdıb, bütün Qarabağ ərazisində məscidləri xaraba qoyub, yaxud təhqir ediblər. Şuşada əhalinin böyük əksəriyyəti yerli azərbaycanlılar olub, çox az sayda erməni sonradan bu şəhərə köçürülüb. 1989-cu ildə Şuşada əhalinin siyahıya alınması nəticələrinə görə, 20579 nəfər şəhər sakininin 19036 nəfəri azərbaycanlı, cəmi 1377 nəfəri erməni olub. Bu qədim şəhərin yerli sakinləri olan azərbaycanlılar ermənistanın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşüblər. İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur və Azərbaycan xalqı təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Bizə bu hissləri yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli əsgər və zabitlərimizdir. 8 noyabr 2020-ci il tarixli xalqa müraciəti zamanı “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir” deyən Prezident bu gün Azərbaycan xalqını qürurlu xalq kimi dünyaya tanıdır. İndiyədək dövlət başçımız qətiyyətli siyasət yürüdüb, ölkəmizin mənafeyini hər yerdə əzmlə müdafiə edib. Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə  sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Çünki Prezidentimiz xalqımızı oddan-alovlardan, məhv olmağın astanasından qurtaran Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətinin layiqli davamçısıdır. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - deyən Ümummilli Liderin nə qədər dahi və uzaqgörən şəxsiyyət olduğu hər keçən gün sübut olunur. Prezident İlham Əliyev bütün Azərbaycanın inamını və ümidlərini doğruldur. İstər tarixi və mədəni, istərsə də strateji əhəmiyyəti ilə digər bölgələrdən tamamilə fərqlənən Şuşanın azad edilməsi 30 ildir davam edən işğala son qoyulması və yaxın vaxtlarda regionda sülhün bərqərar olmasının mühüm amilidir. Bu, demək olar ki, həlledici məqamdır. Müasir dünyamızda Prezidentin rəhbərliyi ilə bu gün Azərbaycan xalqı özünü qürurlu, cəsarətli, yenilməz xalq kimi bir daha təsdiq etdi. Hazırda Azərbaycan yeni tarix yazır və reallıqlar diktə edir. Vətənimizi müdafiə edən və tarixi dədə-baba torpaqlarımızı işğaldan azad edən ərənlərimizin hər biri öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazır. Azərbaycanın şanlı, üçrəngli bayrağı Şuşada dalğalanır. İndi bütün kəlamlarımızı sevinc gözyaşlarımız bəzəyir. İllər boyu gözəl Qarabağın, onun musiqi və poeziya beşiyi Şuşanın şərəfinə şairlərimiz şeirlər yazıblar. İndi isə hər bir siravi vətəndaş Şuşanın şanına şeirlər yazır, zümzümələr edir. Çünki nəinki Azərbaycanın, bütün Qafqazın incisi olan Şuşa mədəniyyətimizin beşiyi, Azərbaycanın muğam avazlı yarıdır. Şuşa bizimdir! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər