Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanov tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir.

02 noyabr 2013 | 16:00

Qəbələ Beynəlxalq  Hava Limanında  Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev  tərəfindən qarşılanan qonağa rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti, son zamanlar rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir.Qeyd olunmuşdir ki, Qəbələ rayonu irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Rayonda sənaye müəssisələri ilə yanaşı turizm sektorunun inkişafı istiqamətində  də mühüm işlər görülür. Qəbələ rayonu ilə yaxından maraqlanan Georgi Pırvanov İlk öncə 14 avqust  2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılışı olmuş “Qafqaz Karvansaray” otel kompleksi ilə yaxından tanış olmuşdur.Məlumat verilmişdir ki, təkcə Qəbələ rayonu deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl infrastruktura malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur.Otel beş hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin mayında başlanmış, bu ilin avqustunda başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir.Bildirilmişdir ki, avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır.Bundan başqa, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilən respublikamızda turizmin inkişafı da sürətlənir. Bu və digər reallıqlar ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Hazırda Azərbaycan dövləti bu baxımdan kompleks tədbirlər reallaşdırır. “Qafqaz Karvansaray” otel kompleksi də həmin istiqamətdə atılan əsaslı addımlardan biridir. Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Otelin zirzəmi hissəsində avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır. ”Karvansaray” otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Oteldə, həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları vardır. Kompleksdə 150 nəfərlik restoran, iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir. Bildirilmişdir ki, mükəmməl infrastruktura malik kompleks ən müasir avadanlıqla təchiz edilmişdir. Gözəl dizayn və interyeri ilə seçilən otaqlarda son dövrdə böyük turist axını müşahidə edilən Qəbələyə gələn turistlərin şən və mənalı istirahəti üçün burada hər bir şərait yaradılmışdır. Daha sonra Georgi Pırvanov 1200 yerlik Heydər Əliyev Konqres Mərkəzinə baxış keçirmişdir. Bildirilmişdir dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Diqqətə çatdırılmışdır ki, öz möhtəşəmliyi ilə seçilən yüksək memarlıq üslubunda inşa olunmuş bu gözəl kompleksin 14 avqust  2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılışı olmuşdur. Qeyd olunmuşdur ki, Qəbələ şəhərinin, Qaraçay çayının sahilində yerləşən komplesin ərazisinin ümumi sahəsi 8,5 hektardır. Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və bu ilin iyulunda başa çatdırılmışdır. Bina üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Bundan başqa, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas və s. üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Kreslolar İspaniyanın Barselona şəhərindəki “Fiquleras” şirkəti tərəfindən hazırlanmışdır. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılmışdır. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılmışdır ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Mərkəzin üçüncü mərtəbəsində isə antressol hissə yerləşir. Binanın zirzəmisində ATS, yanğınsöndürmə otağı, anbar, avtomobillər üçün dayanacaq, media işçiləri üçün otaq və foye yerləşir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılmışdır. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilmişdir. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınmışdır. Diqqətə çatdırılmışdır ki, binanın dam örtüyü və qüllələr Almaniyada istehsal edilmiş mis təbəqə ilə örtülmüşdür. Həmçinin 9 ballıq seysmik normanın tələblərinə uyğun olaraq antiseysmik və deformasiya tikişləri və digər konstruktiv tədbirlər nəzərdə tutulmuşdur. Ərazidə istirahət üçün yerlər, terraslar və s. yaradılmışdır. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilmiş, binanın önündə, çay üzərində eni 24 metr, uzunluğu 42 metr, yükgötürmə qabiliyyəti 100 tona qədər olan körpü tikilmişdir. Məlumat verilmişdir ki, kompleksdə yanğına qarşı və yaşıllığın suvarılması üçün nəzərdə tutulan iki yeraltı su hovuzu tikilmişdir. Qaraj və konfrans zalı yanğına qarşı xüsusi sprinklerlərlə təchiz edilmişdir. Eyni zamanda, bina müasir daxili və xarici mühafizə siqnalizasiya və yanğınsöndürmə sistemləri ilə təchiz edilmişdir. Sonuncu səfərindən sonra rayonun simasında əsaslı dəyişiklik  olduğunu vurğulayan Georgi Pırvanov Qəbələnin böyük infrastruktura malik olduğunu qeyd etmiş, turizm sektoru üçün əlverişli təbiət məkanında yerləşən rayonun bura gələn turistlərdə geniş marağa səbəb olacağını bildirmişdir.

Keçidlər