Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.

25 noyabr 2020 | 01:00

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi ərzində torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Bundan sonra imzalanan üçtərəfli Bəyanatla Ermənistan işğal etdiyi Kəlbəcər, Ağdam və Laçın rayonlarını da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verir və bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilir. Heç bir qan tökmədən, şəhid vermədən düşməndən torpaq almaq dünya tarixində az rast gəlinən təcrübədir. Bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur. 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması mühüm tarixi hadisədir. Ağdamın işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Ağdam rayonundan çıxmasını nəzərdə tutan 853 saylı qətnamə də məhz Azərbaycanın şərtləri ilə icra edildi.  Bununla yanaşı, işğal nəticəsində Ağdam rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Aparılan arxeoloji tədqiqatlar zamanı aydın olmuşdu ki, Üçoğlantəpə deyilən yerdə ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə yiyələnmişlər. Rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı eneolit və orta tunc dövrünə aid (e.ə. II minilliyin birinci yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkarlanıb. Işğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu fəaliyyət göstərmişdir.Ağdamda bütün dünyada yeganə olan “Çörək muzeyi” ilə yanaşı, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası və şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Ümumilikdə, 130-dan çox tarixi abidə və maddi-mədəniyyət nümunələri yer üzündən silinmişdir. Prezident İlham Əliyev indi Ağdam üçün yeni dövrün başladığını vurğulayaraq demişdir: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”. Ağdam yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, digər əməli fəaliyyət sahələrinin gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Dövlət başçımız xalqa müraciətində də vurğuladığı kimi, Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Ali Baş Komandan İlham Əliyevin də xalqa müraciətində bəyan etdiyi kimi, artıq Ağdam üçün yeni mərhələ başlayır. Bu gün hər kəs Şuşaya, Füzuliyə, Zəngilana, Qubadlıya, Ağdama getməyə səbirsizlənir. İşğaldan azad edilən doğma torpaqlarımızda, o cümlədən Ağdamda çox yaxın gələcəkdə yeni gözəl bir həyat başlayacaq.

Keçidlər