Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.

28 noyabr 2020 | 02:00

Noyabrın 10–da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanat imzalanması ölkəmiz üçün tarixi hadisədir. Bununla da 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu. Üçtərəfli Bəyanat problemin həlli istiqamətində son nöqtə oldu. Birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Tarixi əhəmiyyət kəsb edən bu Bəyanat Ermənistanın kapitulyasiyası, eyni zamanda, Azərbaycanın şanlı Qələbəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olub. Sonrakı mərhələdə ərazinin minalardan təmizlənməsi, təhlükəsizlik tədbirlərinin görülməsi işləri aparılacaq. Bütün bu işlər başa çatdırıldıqdan sonra aidiyyəti qurumlar Prezident İlham Əliyevin tapşırığı əsasında müvafiq infrastruktur işlərini yerinə yetirəcəklər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə əlaqədar xalqa müraciətində də qeyd etdiyi kimi, Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar qanunsuz yollarla hakimiyyətə gələn, heç bir siyasi biliyə, təcrübəyə, səriştəyə malik olmayan Azərbaycan Xalq Cəbhəsi olub. Torpaqlarımızın işğal altına düşməsində Xalq Cəbhəsinin birbaşa iştirakı var və bu məsuliyyəti onlar daşıyır. Xalq Cəbhəsinin məqsədi, sadəcə, hakimiyyət uğrunda mübarizə idi. Ermənistan da bundan istifadə edərək torpaqlarımızı işğal edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra ölkəmizdə vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Onların tək məqsədi öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmaq idi. Bunun nəticəsində də Kəlbəcər işğal altına düşdü. Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür. Bu qələbə ulu öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı Prezident İlham Əliyevin qələbəsidir, ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir, müzəffər Ordumuzun qələbəsidir. Bu, həm diplomatiyada, həm də ordu quruculuğundakı uğurlarımızın nəticəsidir. Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən savaşında qızıl hərflərlə tarixi bir salnamə yazdı. Eşq olsun rəşadətli ordumuza! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Bu Qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi.

Keçidlər