Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

05 dekabr 2020 | 00:00

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində də qeyd edir: “Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik”. İstənilən yaşayış məntəqəmizin, hər qarış torpağımızın düşmən tapdağından azad olunması bizim üçün çox dəyərlidir. Vətən torpağının hər qarışı qiymətlidir və biz onun uğrunda ölümü gözümüzə aldıq. Biz bu sözlərin həqiqət olduğunu 44 günlük müharibədə sübut etdik. Sirr deyil ki, Laçın rayonu Qarabağ müharibəsində müstəsna əhəmiyyətə malik idi. Bəzi Qərb dairələrinin qarşı tərəfi dəstəkləməsi onlara qol-qanad verirdi. Məhz bu səbəbdən Laçın rayonunda çox ciddi məskunlaşdırma siyasəti aparılırdı. Prezident İlham Əliyev də vurğuladığı kimi, 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı məsələ diqqətçəkən olub. Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz Azərbaycanla Türkiyəni quru yolla birləşdirir ki, bu da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir. Laçında Azərbaycan Bayrağının qaldırılması, Azərbaycanın Dövlət Himninin oxunması erməni cəmiyyətinə çox böyük zərbədir. Biz onlara əzəmətimizi, gücümüzü göstərdik və sübut etdik ki, bizə xəyanət etməklə böyük səhvə yol veriblər. Ermənistanda daxili çəkişmələr bundan sonra daha da güclənəcək. Qarabağ ermənisi, yerli erməni kimi ifadələr daha çox işlənəcək. Budur, uzun illər bizə məğlubiyyətlə barışmağı “diktə edən” Ermənistanın reallığı. 30 ilə yaxın “qalib” ədası ilə lovğalanan, özünü üstün tərəf kimi təqdim etməyə cəhd göstərən Ermənistanın çöküşü qaçılmazdır. Düşünürəm ki, Laçının azad edilməsi ilə Ermənistanın işğalçılıq siyasəti başa çatdı. Azərbaycanın Silahlı Qüvvələrinin Laçına daxil olması bir dövrün başa çatması, yeni bir dönəmin başlanmasının təzahürüdür. Qondarma rejimə dövlət statusu qazandırmaq istəyən Ermənistan artıq öz başının çarəsinə baxmalıdır. Hərçənd özünü dolandırmaq üçün resurslardan məhrumdur. İşğal altındakı torpaqlardan illər uzunu daşıdığı taxıl, üzüm və digər qiymətli sərvətlər – mineral sular, qızıl və sair artıq Ermənistanın əlindən çıxıb. Bundan əlavə, işğalçı ölkə Azərbaycana vurduğu ziyana görə təzminat ödəməlidir. Xarici borcu dövlət büdcəsindən çox olan kasıb və məğlub bir ölkə olan Ermənistanın taleyi sual altındadır. İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq o bölgələr Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə  bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılacaq.  Artıq müvafiq dövlət qurumu da yaradılıb və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən  Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı, bir güllə atmadan, bir şəhid vermədən Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad etdi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiqlədi.

Keçidlər