Minsk qrupunun gələcək mandatı regionda söz sahibinə çevrilən Azərbaycandan asılıdır.
Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən reallıqları qarşı tərəfin diqqətinə çatdırdı. İkinci Qarabağ müharibəsinin Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatmasından, dünyaya bu Qələbənin təqdimatında əhəmiyyətli rola malik olan Zəfər paradının keçirilməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə səfəri təəccüb doğurmaya bilməz. ATƏT-in Minsk qrupu həmsədrlərinin sonuncu dəfə Azərbaycana səfərindən ötən bir il ərzində bölgədə vəziyyət artıq tamamilə fərqlidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmaması regionda vəziyyəti dəyişdirib. 28 il vasitəçilik və 44 gündə Azərbaycan dövlətinin qətiyyəti sayəsində münaqişənin həlli arasında müqayisəli təhlil özlüyündə bu vasitəçiliyin ədalətə deyil, maraqlara söykəndiyini bir daha ortaya qoyur. Minsk qrupu həmsədr ölkələrinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi üsullarla həll etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Münaqişənin hərbi həlli yoxdur” deyənlər sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Ancaq status-kvo Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirildi. Beləliklə, Prezident Azərbaycan xalqı adından Minsk qrupunun 30 illik fəaliyyətsizliyin hesabını açıqca soruşdu. Bakıdakı görüş zamanı həmsədrlərin üz ifadələrindən, sözün əsl mənasında, güclü və qalib bir ölkənin rəhbəri ilə qarşı-qarşıya olmağın həyəcanı hiss olunurdu. ATƏT-in Minsk qrupu həmsədrləri çox yaxşı bilirlər ki, təcavüzkar Ermənistan ordusu müharibə müddətində dinc əhalini ağır artilleriya qurğusundan, hətta qadağan olunmuş silahlardan atəşə tutub. Nəticədə 100 mülki şəxs qətlə yetirilib, 416 nəfər isə yaralanıb. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrləri də bu faktdan məlumatsız deyillər. Ümumiyyətlə, Minsk qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil etmişdir. Həmsədrlər işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olmuşlar. Regiona yeni canlanma gətirilməli, yeni inkişaf olmalıdır. Azərbaycan iqtisadi və hərbi baxımdan güclü dövlətdir və buna hazırdır. Azərbaycan uzunmüddətli sabitlik və təhlükəsizliyin təmin olunması yollarını göstərib. Ölkəmizin şanlı Qələbəsi ümumilikdə Cənubi Qafqaz regionunun inkişafına dair müzakirələr üçün yeni imkanlar açdı. Ümumi qənaət budur ki, Azərbaycan rəhbərliyi öz xalqı və beynəlxalq ictimaiyyətlə həmişə səmimi olub, niyyət və məqsədlərini açıq ifadə edib. Ermənistan rəhbərliyi isə bütün dövrlərdə həm beynəlxalq aləmi, həm də öz xalqını aldadıb. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri 28 ildə bu reallığın da fərqində olmalı idilər Işğal altında olan torpaqlarımız Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad olundu. Bu torpaqların hər qarışında Azərbaycan əsgərinin qanı var. Bundan sonrakı mərhələdə mövcud tərkibdəki Minsk qrupunun missiyasına ehtiyac qalmayıb. İndi qarşıda duran vəzifə həmrəylik göstərərək, dövlətimizin yanında olaraq, işğaldan azad olunmuş bölgələrdə quruculuq işləri həyata keçirmək və tezliklə insanlarımızın öz dədə-baba yurdlarına qayıtmasını təmin etməkdən ibarətdir. Yaxın zamanda Qarabağ və işğaldan azad edilmiş digər rayonlarda yenidən həyat canlanacaq, vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar.