MDB ölkələrinin gənc şərqşünaslarının II qurultayının iştirakçıları tanışlıq məqsədilə Qəbələ rayonuna səfər etmişlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu, AMEA-nın Şərqşünaslıq İnstitutu və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Gənc Alimlər Şurasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasında keçirilən MDB ölkələrinin gənc şərqşünaslarının II qurultayının iştirakçıları tanışlıq məqsədilə Qəbələ rayonuna səfər etmişlər. Səfər çərçivəsində qonaqlar rayonun tarixi mədəni abidələri ilə yaxından maraqlanmışlar. İlk öncə qonaqlar rayon tarix-diyarşünaslıq muzeyinə də baxış keçirmişlər. Qonaqlara məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq tətbiqi sənəti nümunələri, qədim əlyazma və çap məhsulları diqqəti xüsusilə cəlb edir. Doqquz yüz kvadratmetr ərazisi olan muzeydə 13 ekspozisiya zalı, Heydər Əliyev xatirə guşəsi, şəkil qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən təşkil olunmuş sərgi meydançası vardır. Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonaqların diqqətini Qafqaz Albaniyasının 900 il paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketi və orada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri çəlb etmişdir. Nümayəndə heyətində muzeyin fəxri qonaqlarının öz ürək sözlərini qeyd etdikləri kitab maraq oyatmışdır. Burada tanınmış simaların muzey barədə qeyd etdikləri fikirləri onlarda xoş təəsüratlar yatarmışdır. Daha sonra qurultayın iştirakçıları rayonun Nic qəsəbəsindəki Cotari” Alban kilsəsinə də baxış keçirmişlər. Qəsəbədə yaşayan azsaylı xalqların yaşayış tərzi, kilsənin tarixi, fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilmişdir. Qəbələ şəhəri ilə yaxından tanış olan qonaqlar 28 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılışı olan Qəbələ şəhər məscidinin yeni binası ilə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscidin tikintisinə 2010-cu ilin may ayında başlanılmışdır. Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir. Bildirilmişdir ki, inşaat işləri zamanı yerli tikinti materiallarından geniş istifadə olunmuşdur. Qeyd olunmuşdur ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər möminin ibadət etməsi üçün şərait yaradılmışdır. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilmiş görüntüləri qonaqlarda maraq oyatmışdır. Qəbələ şəhərinin görməli yerləri ilə yaxından tanış olan qonaqlar rayonun ecaskar bir təbiət qoynunda yerləşdiyini dilə gətirərək tanışlıqdan məmnun qaldıqlarını ifadə etmişlər.