Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbekoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələyə səfər etmişdir

20 oktyabr 2012 | 15:00

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbekoviç, onun xanımı Sebiya İzetbeqoviç və digər rəsmi şəxslər Azərbaycana səfəri çərçivəsində oktyabrın 19-da Qəbələ rayonunda olmuş, bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri, tarixi-dini abidələrlə tanış olmuşlar. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbekoviçin rəhbərlik etdiyi nümayəndə heyətini Qəbələ Hava Limanında rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşılamışdır. Qonaqlar əvvəlcə Qəbələ şəhər məsçidinin yeni binasının inşası prosesi ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir. Xalqın mənəvi dəyəri olan ibadət ocaqları, məscidlər hər zaman dövlət tərəfindən qorunur, lazım olduqda təmir və bərpa edilir, yeni məsçid binaları inşa olunur. Bildirilmişdir ki, Qəbələnin mərkəzində 800 kvadratmetr ərazidə yeni məscid binasının tikintisinə 2011-ci ilin martında başlanılmışdır. Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılmışdır. Minarələrin davamlılığını artırmaq məqsədilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılmışdır. Hazırda binanın daxilində işlər davam etdirilir. Məscidin ərazisindəki məişət binasında da əsas işlər görülmüşdür. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar olacaq.
Qəbələ Konserv Zavodunda istehsal prosesi ilə yaxından tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıqlar quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat formada məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir. Nümayəndə heyəti Qəbələ Limonad Zavoduna da baş çəkmiş, istehsal prosesi ilə maraqlanmışdır. Qonaqlara məlumat verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı müəssisədə beş çeşiddə məhsul–kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin edilmişdir. Sonra qonaqlar Qəbələdə meyvə-tərəvəz məhsullarının saxlanılması üçün inşa edilmiş soyuducu anbar kompleksi ilə də tanış olmuşlar. Orada məlumat verilmişdir ki, üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlıqların quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun xarab olmaması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Müəssisədəki meyvəçeşidləmə sexinə də baş çəkən qonaqların diqqətə çatdırılmışdır ki, burada quraşdırılan avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə imkan verir.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbekoviç və onu müşaiyyət edən qonaqlar Qəbələ Cümə Məsçidini də ziyarət etmişlər. Məsçidlə tanışlıq zamanı məlumat verilmişdir ki, 1896-97-ci illərdə tikilməyə başlanılan məscid 1906-cı ildə istifadəyə verilmişdir. Binanın tikintisində çay daşı və meşə ağaclarından istifadə olunmuşdur. Məsçid Sovet dövrünədək möminlərin ixtiyarında olmuşdur. Sovet dövründə Azərbaycanda bütün məsçidlərin başına gələn bəla, bu məscidin də başına gəlmişdir. Allah Evi anbar, klub, məhkəmə salonu, iclas zalı, film göstərilən klub kimi istifadə olunmuşdur. Bina 1980-ci ilin sonundan 2004-cü ilə qədər muzey kimi fəaliyyət göstərmişdir. Sonra muzey oradan köçürülmüş və bina təmir-bərpa işlərindən sonra məscid kimi fəaliyyətə başlamışdır. Daha sonra beşulduzlu “Qafqaz Resorte” otelində qonaqların şərəfinə nahar verilmişdir. Nahardan sonra qonaqlar 5 hektar ərazidə müasir üslubda inşa edilmiş “Fitnes” sağlamlıq mərkəzi ilə tanış olmuşlar. Bildirilmişdir ki, mərkəz istirahət yeri olmaqla yanaşı turistlərin müayinə və müalicəsinə də xidmət edir. Burada 700 yerlik amfiteatr, kinozal, saunalar, SPA kabinetləri, hidromasaj otaqları, müalicə vannaları fəaliyyət göstərir. Mərkəzdə, həmçinin 8 yolluq boulinq zalı, reytbol, stolüstü oyun masaları və digər idman qurğuları da quraşdırılmışdır. Uşaqlar üçün xüsusi üzgüçülük hovuzları tikilmiş, uşaq klubu yaradılmışdır. “Fitnes” sağlamlıq mərkəzində eyni vaxtda 300 qonağın istirahət etməsi üçün imkan vardır. Qonaqlar Qəbələyə səfəri zamanı “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki ilə də tanış olmuşdur. Onlara məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada “Beltmann” markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilməsi mümkündür.
Sonra nümayəndə heyəti Qəbələyə səfərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olmuş, qonaqlara bölgənin turizm imkanları barədə geniş məlumat verilmişdir. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbekoviçin rəhbərlk etdiyi nümayəndə heyətinin üzvləri son illər Qəbələdə aparılan tikinti-quruculuq və abadlıq işləri, rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə tanışlıqdan sonra xoş təəsüratlarla Bakı şəhərinə yola düşmüşlər.
 

Keçidlər