Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Nizami Gəncəvi İli” dahi şairin bəşəriyyətə verdiyi misilsiz töhfələrə yenidən baxış ili kimi tarixə yazılacaq.

09 yanvar 2021 | 01:00

Prezident İlham Əliyevin ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi irsinə göstərdiyi böyük diqqət və qayğı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə hesab olunur. Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Belə ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusilə böyük diqqət və qayğı ilə yanaşmışdır. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. 880 il bəşəriyyəti öz poetik dünyası ilə heyrətdə qoyan Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində keçirilməsi ölkəmizdə milli mədəniyyətə diqqət və qayğının daha bir parlaq nümunəsi olmaqla bərabər, dünyaşöhrətli şairin duhasının əzəmətinə, saf və təmiz bəşəri duyğularına yeni baxış olacaq. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir. Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. O, dünya ədəbiyyatında humanist və mütəfəkkir şair kimi şöhrət qazanmışdır. Onun əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün dünyanı dolaşır. Şairin qanadlı misraları klassik poeziyanın ən gözəl nümunələri kimi günümüzlə də səsləşir və ona görə onu bizim mənəvi müasirimiz də hesab edə bilərik. Nizami yaradıcılığı dərindən tədqiq olunduqca, bütün dolğunluğu ilə öyrənildikcə, daha böyük tərbiyəvi əhəmiyyət kəsb edir. Əsərlərində ümumbəşəri fikirləri yüksək poetik məharətlə ifadə edən mütəfəkkir şair Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz bu nöqteyi-nəzərdən çıxış edən Prezident İlham Əliyev dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin ölkəmizdə daha yüksək səviyyədə qeyd olunması məqsədilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan etdi. Şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərləri bu gün də gözəllikləri, ülviyyəti dərk etməyə çağırır, ağlın qüdrətinə, haqqın, xeyrin qələbəsinə inam hissləri oyadır. “Nizami Gəncəvi İli” böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərindən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə növbəti bir töhfə olacaqdır.

Keçidlər