Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır.

10 yanvar 2021 | 02:00

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə ötən ilə icmal xarakterli bir səyahət edilməklə yanaşı, həm də bundan sonrakı mərhələdə qarşıda duran prioritet məsələlər haqqında da geniş məlumat verildi, ölkəmizin müxtəlif sahələri üzrə inkişaf trayektoriyası müəyyənləşdirildi. Hər şeydən öncə qeyd olunmalıdır ki, COVID-19 infeksiyasının gətirdiyi qlobal iqtisadi və siyasi çətinliklər fonunda bu gün dünya ölkələri üçün 2020-ci il son dərəcə ağır il kimi yadda qalsa da, Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən də daha az itkilərlə çıxmağa müvəffəq oldu. Belə ki, Azərbaycan iqtisadiyyatı təqribən 4 faizdən bir qədər çox azalmışdır ki, bu da dünya dövlətləri ilə müqayisədə olduqca yaxşı göstəricidir. Daha öncəki illərdə ölkə başçımız qeyri-neft sektorunun inkişafını ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi ki, qeyri-neft sənayemiz bu il 11 faizdən çox artmışdır. Bu da təbii ki, şaxələndirmə hesabına və sənayeləşmə siyasətinin düzgün aparılması nəticəsində mümkün olmuşdur. Kənd təsərrüfatının 2 faizdən çox artırılması hədəf kimi müəyyənləşdirilmişdir ki, bu da azad edilmiş torpaqlarda payızlıq əkinin aparılması ilə mümkün olacaq. Həm koronavirusla mübarizəyə yönəldilən vəsait, həm müharibə xərcləri, həm də müavinətlər, sosial paket kimi digər xərclərə baxmayaraq, Azərbaycan valyuta ehtiyatlarını qorumağa müvəffəq oldu. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artmışdır. Digər mühüm, tarixi nailiyyət isə enerji sektorunda əldə edilmişdir. Belə ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) də artıq tamamlanmışdır. Beləliklə, Azərbaycan dünya bazarında böyük qaz ixracatçısına çevrildi. Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail oldu. Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Təbii ki, bu məqam da ölkəmizə həm iqtisadi, həm siyasi uğur qazandıracaq. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, xalqlarımıza fayda gətirməlidir. Biznes iqlimi, investisiya iqlimi, bütün həyata keçirilən islahatların nəticəsi Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdə olması ilə öz əksini tapır. Bundan əlavə, əhalinin elektrik təchizatı səviyyəsi üzrə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Eyni zamanda, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci, hökumətin siyasi sabitliyi təmin etməsinə görə ölkəmiz 11-ci yerdədir. Əldə olunan bu uğurlar, qabaqcıl rəqəmlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəritəsi ən düzgün yoldur. Bunlara isə asanlıqla nail olunmayıb. Baxmayaraq ki, torpaqlarımız işğal altında idi, köçkünlərimiz var idi, Azərbaycan bu uğurları əldə etməyə nail oldu. Bundan sonra isə böyük inkişaf proseslərinə start veriləcək, işlər daha da fəal, daha da məqsədyönlü xarakter alacaq ki, bu da öz növbəsində ölkəmizin inkişaf dinamikasını artıracaq. Təbii ki, bərpa işlərinə beynəlxalq qiymətləndirmə aparılandan sonra başlanılacaq. Bundan sonrakı mərhələlərdə köçkünlərin arasında sorğular keçirilib, onların öz dədə-baba torpaqlarına getmək fikirləri barədə niyyətləri öyrəniləcək ki, real vəziyyət bilinsin. Onların cavablarına müvafiq olaraq bərpa işləri də həyata keçiriləcək. Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər isə şəhid ailələrinə veriləcək. Müasir beynəlxalq hava limanının tikilməsi də əsas prioritetlərdən biri kimi müəyyənləşdirildi ki, bu da bölgənin turizm sektorunun, ümumilikdə Qarabağ bölgəsinin inkişafı baxımından olduqca mühüm addımdır. Eyni zamanda, ötən il ərzində korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmağa başlanmışdır ki, bu da aparılan kadr islahatları ilə birbaşa bağlıdır. Nazirlər Kabinetində, Prezident Administrasiyasında, yerli icra orqanlarında kadr dəyişikliyinin müsbət nəticələri artıq görünür ki, bu amilin özü cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, dövlət təşkilatlarında xərclərə nəzarət mexanizmi gücləndiriləcək ki, bu məsələ də yersiz xərclərə son qoyulması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının çıxışı zamanı bir məsələ olduqca mühüm əhəmiyyət kəsb edir ki, bu da işğaldan azad edilmiş şəhərlər bərpa olunarkən hər bir şəhərdə dağıdılmış yerlərin saxlanılması ilə bağlıdır. Burada memorial kompleksləri, qələbəmizi əks etdirən abidələrlə bərabər, işğal muzeylərinin yaradılmasıdır ki, Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsi əks olunsun və beləliklə də həm xaricdən gələn qonaqlar bunu görsünlər, həm də gələcək nəsillərimiz unutmasınlar. Eyni zamanda, azad edilmiş torpaqlarda inkişaf etdirilməsi nəzərdə tutulan iqtisadi sahələrdən biri də dağ-mədən sahəsi olacaqdır ki, ölkəmizin malik olduğu təcrübəyə əsasən bu istiqamətdə də işlər aparılacaq.

Keçidlər