“Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər” mövzusunda tədbir keçirilmişdir
İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər” mövzusunda konfrans keçirilmişdir. Qəbələ şəhərində, “Qafqaz Riverside” hotelin konfrans zalında təşkil olunan tədbirdə Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan icra hakimiyyəti başçılarının sosial-iqtisadi məsələlər üzrə müavinləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri iştirakı təmin olunmuşdur.Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Rahib Əhmədov dövlət başçısının ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Qəbələdə də yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, Qəbələdə belə tədbirin təşkilinin əhalinin mənzil-kommunal sahəsində yeni münasibətlərə dair məlumatlandırılmasının əhəmiyyətini vurğulamışdır.Daha sonra çıxış edən Nazirliyin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yaxşılaşdığını vurğulamışdır. Qeyd edilmişdir ki, aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası - Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edilmişdir. 1 oktyabr 2009-cu il tarixindən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması Nazirliyə tapşırılmışdır. N.Qasımov qarşıya qoyulmuş məqsədlərə nail olunmasının səmərəli mexanizminin yaradılması məqsədilə icra və bələdiyyə qurumları ilə birlikdə genişmiqyaslı maarifləndirmə və təbliğat işlərinin aparılması, ictimaiyyətin Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri barədə məlumatlandırılmasının zəruriliyini qeyd etmişdir.Nazirliyin Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Elşən Əsədov təqdimatla çıxış edərək, Mənzil Məcəlləsinin üstünlükləri, yeni idarə etmə üsulları, Məcəllənin tətbiq edilməsi istiqamətində yerli icra hakimiyyəti orqanları və bələdiyyələrlə birgə işin təşkili barədə danışmışdır.İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qəbul edilməsi ilə bütövlükdə mənzil-kommunal sahəsində islahatların başlanılmasına təkan verilmişdir. İnstitut bu istiqamətdə aparılan siyasətin elmi əsaslarının işlənməsi üçün müasir beynəlxalq təcrübənin öyrənilməsi əsasında bu sahədə yeni idarəetmə formasının tətbiqi, qeyri-rasional xərclərin azaldılması, yaşayış fondunun idarə edilməsində rəqabətin inkişaf etdirilməsi, təchizatçı-istehlakçı münasibətlərinin formalaşdırılması, bu sahənin modernləşdirilmə prosesinə investisiyaların cəlb edilməsi, enerji resurslarına qənaət üzrə effektiv tədbirlərin görülməsi, yaşayış fondunun inventarlaşdırılması və özəlləşdirilməsinin stimullaşdırılmasına özəl sektorun cəlb edilməsi istiqamətində tədqiqatlar aparır və müvafiq təklif və tövsiyələr verir.Sonra tədbirdə mənzil-kommunal sahəsində yeni münasibətlərə dair iştirakçıları maraqlandıran suallar cavablandırılmış, “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” adlı kitabçalar paylanmışdır