İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq.
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması hər iki ölkə üçün mühüm tarixi hadisədir. Ölkəmizdə neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi XX yüzilliyin 70-ci illərində Xəzər dənizində yeni yataqların kəşf olunması ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulmasında, çağdaşlaşdırılmasında dönüş mərhələsi kimi dəyərləndirilə bilər. Həmin illərdə Ulu Öndərin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni avadanlıqlar, o cümlədən qazma qurğuları, 2500 ton yük qaldıra bilən kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan, borudüzən gəmilər və başqa texniki vasitələr gətirilmişdir. Xəzərin hüquqi statusunun müəyyənləşməsinə sanballı töhfələr verən Azərbaycan, həmçinin dənizin karbohidrogen resurslarının qarşılıqlı əməkdaşlıq çərçivəsində işlənməsi istiqamətində bir ilkə imza atıb. Belə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində dünyanın aparıcı transmilli şirkətləri ilə Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında tarixə “Əsrin müqaviləsi” kimi düşən sənəd imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Xəzərin mineral sərvətlərindən istifadəsi üçün dünyanın aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım olmuş, bu istiqamətdə dənizdə beynəlxalq əməkdaşlığa yol açılmışdır. “Əsrin müqaviləsi”ndən sonra Xəzər dənizinin zəngin resurslarının işlənməsinə dair yeni kontraktlar imzalandı. Hazırda əksər region dövlətləri, eləcə də Avropanın ayrı-ayrı ölkələri özlərinin enerji təhlükəsizliyini respublikamızın təşəbbüsü və fəal iştirakı ilə yaradılan şaxələndirilmiş mənbələr və dəhlizlər vasitəsilə təmin edirlər. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı “Dostluq” yatağı zəngin neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl respublikamızın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını bildirmişdir. “Dostluq” yatağının işlənilməsi üzrə memorandumun imzalanması ilə dövlətimizin başçısının verdiyi mesaj həyatda öz təsdiqini tapdı. Bu layihə Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl infrastrukturu, ixrac kəmərləri vasitəsilə daşınacaq. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi önəmi artacaq. Memorandumun imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi baxımından çox önəmli addımdır. Eyni zamanda, bu layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Memorandum Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi və xarici investorların bu layihələrə cəlb edilməsi, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyası uzaqgörənlik, rasionallıq, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.