Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə vermişdir.

05 fevral 2021 | 00:00

Prezident İlham Əliyevin fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirakı bir daha bu reallığın təsdiqidir ki, insan amili, vətəndaş məmnunluğu hər zaman dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətin növbəti sübutudur.  Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsində dünyanın aparıcı şirkətlərinin müasir tipli avadanlıqları quraşdırılmışdır. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək.
Dövlət başçısı xəstəxananın açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bir sıra vacib məsələlərə toxunmuşdur.
Dövlətin sosial yönümlü lahiyələri digər sahələr kimi  səhiyyə sahəsini də əhatə edir. Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir. Pilot layihələrin ilkin icrası müsbət nəticələr göstərir. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə ( Mingəçevir, Ağdaş və Yevlax şəhərləri) həm tibbi xidmətin keyfiyyəti artdı, həm də vətəndaşların məmnunluğu yüksək səviyyədədir. İnsanların sağlamlığını əsas tutaraq hər il dövlət 5 milyon vətəndaşı tibbi müayinədən keçirtdi. Böyük təşkilatçılıq və maliyyə resursları tələb edən dövlətin bu addımı insana göstərilən qayğının təcəssümüdür.
COVID-19 pandemiyası 2020-ci ili iqtisadi baxımdan dünya dövlətləri üçün durğunluq dövrü kimi tarixə yazdı. Diqqət yetirsək görərik ki, mübarizə tədbirlərinə başlanan zaman əksər dövlətlərin özünə qapanaraq vəziyyətdən çıxmaq üçün düzgün yol müəyyənləşdirə bilməmələri bir sıra iqtisadi və sosial fəsadlara yol açdı. Azərbaycan isə yenə də özünün təcrübəsi ilə diqqət çəkdi. Ümumdünya Səhiyyə Təşkilatı ilk gündən proqnozunu açıqladı ki, Azərbaycan koronavirus infeksiyası ilə mübarizədən az itki ilə çıxacaq. Dövlətimizin başçısı İlham Əliyev insanların sağlamlığı amilini önə çəkməklə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsini, heç bir sosial layihənin təxirə salınmayacağını qarşıya əsas hədəf kimi qoydu. 2020-ci ilin ilk ayından bu günədək görülən tədbirlərə, atılan addımlara diqqət yetirsək qarşıya qoyulan məqsədə nail olunduğunu görərik. Nəzərə alaq ki, Azərbaycan ötən il koronavirus infeksiyası ilə mübarizə aparmaqla yanaşı, ərazi bütövlüyünü də bərpa etdi, 30 illik işğala son qoydu, Ermənistana və ona havadarlıq edən dövlətlərə haqqın, ədalətin gec-tez qalib gələcəyini göstərdi. 44 günlük müharibə ölkəmizin bütün sahələrdə malik olduğu imkanların təqdimatı oldu.
Vətən müharibəsi zamanı dünya ictimaiyyəti erməni vandalizminə şahidlik etdi. Ermənistan bizim torpaqlarımızı işğal edərək bütün infrastrukturu dağıtmış, rayonları viran qoymuşdur. Bu, bir daha onu göstərir ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək bütün infrastrukturu dağıdıb. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur, bircə hərbi hissənin üç-dörd mərtəbəli binasıdır. Cəbrayıl şəhərinin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda sadəcə olaraq bir neçə ev qalıbdır, özü də yarıdağılmış vəziyyətdə.
Bir vaxtlar “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artıq işğaldan azad edilmişdir. Bu baxımdan, strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğulayan Azərbaycan Prezidenti müsahibəsində bildirib: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi, məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.
Vaxt itirmədən Şuşanın ilkin tarixi simasının bərpa edilməli olduğunu  bildirən ölkə başçısı Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək deyib: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, Şuşa nəinki Azərbaycanın, hətta bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”. Dövlət başçısı vaxtilə Şuşada Vaqif poeziya günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırıb ki, Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı bərpa olunmalıdır.
Biz də Azərbaycan xalqı olaraq inanırıq ki, cənab Prezidentin dediyi sözlər qısa vaxtda öz həllini tapacaq. Şuşa şəhəri işğaldan əvvəlki şöhrətini qaytaracaq. İşğaldan azad edilmiş bütün torpaqlarımız inkişaf edəcək, viran qoyulmuş şəhərlərimiz tarixiliklə yanaşı həm də müasirliyi ilə şöhrət qazanacaq.

Keçidlər