Qəbələ rayon Gənclər və İdman idarəsi “15 iyun – Milli Qurtuluş günü”nə həsr edilmiş onlayn konfrans keçirib
Qəbələ rayon Gənclər və İdman idarəsi “15 iyun – Milli Qurtuluş günü” ilə əlaqədar 11 iyun 2021-ci il tarixdə onlayn konfrans keçirmişdir. Tədbirə fəal gənclər, ASAN könüllüləri, Dövlət Peşə Təhsili Mərkəzinin müəllim və şagirdləri, həmçinin ictimaiyyət nümayəndələri qoşulmuşdur.
Konfransı giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov “15 iyun – Milli Qurtuluş günü”nün yaranma tarixindən danışaraq, dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müsbət dəyişikliklərin ölkə həyatının bütün sahələrində olduğu kimi gənclərlə iş və idman sahəsində də öz bəhrəsini verdiyini bildirdi. Həmçinin çıxışında Ulu öndərin başladığı bədən tərbiyəsi və idmanın inkişafı, gənclərin məşğulluğu və sosial müdafiəsinin təmin olunmasının stimullaşdırması siyasətinin bu gün respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulandı.
Daha sonra məruzə ətrafında çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun qurub-yaratdığı doğma Azərbaycanımızda sabitliyin və dinamikliyin, ordu quruculuğunun, sosial-iqtisadi, eləcə də elm və təhsilin uğurlu inkişafından danışdılar və gənclər üçün yaradılmış bu gözəl şəraitə görə ölkə rəhbərliyinə təşəkkür etdilər.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.