Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ festivalında Bakı Musiqi Akademiyasının müəllimləri konsert proqramı ilə çıxış ediblər

03 avqust 2021 | 11:00

Uğurla davam edən XII Qəbələ Musiqi Festivalının üçüncü günündə - avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər və konsert Üzeyir Hacıbəylinin “Cəngi” əsərinin ifası ilə başlayıb. Solist respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Fəqan Həsənlidir. Sonra tamaşaçılara Vətən müharibəsinin qazisi, respublika və beynəlxalq müsabiqələr laureatı, bəstəkar Vüqar Məmmədzadənin Nizaminin sözlərinə bəstələdiyi “Ay üzlü nigarım” mahnısı təqdim olunub. Solist Atəş Qarayevin ifa etdiyi mahnını Əməkdar artist İlham Nəcəfzadə (ney), respublika və beynəlxalq müsabiqələr laureatları Fəridə Ələkbərli (arfa), Əkbər Məmmədov (darbuka) və Orxan Hüseynov (violençel) müşayiət ediblər. Konsertdə, həmçinin M.Falyanın “İspan rəqsi”, İ.Bramsın “Laylay”, J.Ramonun “Quşların cəh-cəhi”, Cövdət Hacıyevin “Ballada” və digər bəstəkarların əsərləri səsləndirilib. Bakı Musiqi Akademiyasının “Lumineux” vokal ansamblının təqdim etdiyi Azərbaycan xalq mahnısı “Güləbatın” və C.Blankonun “Lumen” əsəri tamaşaçıların ürəyincə olub. Konsertin proqramına, həmçinin “Clarte” klarnet kvartetinin üzvləri Anar Məmmədov, Emil Bağırov, Məhəmmədəli Paşazadə və Məmməd Rəcəblinin ifasında Tofiq Quliyevin “Sən mənimsən, mən sənin”, Vaqif Mustafazadənin “Yollar” və İ.Volantenin “American feelinq” əsərləri də daxil edilib. Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da açıq səhnədə (Qafqaz Resort) tamaşaçılara muğam axşamı təqdim olunacaq.

 

Keçidlər