Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycanın tanınmış muğam ifaçıları Qəbələ festivalının tamaşaçılarına unudulmaz anlar yaşadıblar

03 avqust 2021 | 15:00

Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olan Qəbələ Musiqi Festivalı bu qədim şəhərdə uğurla davam edir. XII Qəbələ Musiqi Festivalının proqramına daxil olan, tamaşaçıların, Vətən müharibəsi iştirakçılarının və şəhərin qonaqlarının səbirsizliklə gözlədikləri “Zəfər muğam kompozisiyası” adlı muğam axşamı nəhayət, reallaşdı. Avqustun 2-də axşam saat 21:00-da Qəbələ şəhərində açıq səhnədə (Qafqaz Resort) Azərbaycanın tanınmış muğam ifaçıları möhtəşəm ifaları ilə buraya toplaşan tamaşaçılara unudulmaz musiqi bayramı bəxş etdilər. Konsertin əvvəlində Nazim Əliverdibəyovun “Muğam” xoreoqrafik miniatürü təqdim olunub. Xalq artistləri Rəfiqə Axundova və Maksud Məmmədovun quruluş verdiyi xoreoqrafik miniatürü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fatimə Xalafova və Əməkdar artist Samir Səmədov ifa ediblər. İfa Rəfiqə Axundovanın 90 və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub. Konsertdə Xalq artisti, professor Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam ansamblının ifasında “Zəfər muğam kompozisiyası” təqdim olunub. Mənsum İbrahimovun, Əməkdar artist Təyyar Bayramovun, xanəndələr Gülzar Fərəcova, Günay İmamverdiyeva və gənc xanəndə Kənan Bayramlının ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İstedadlı muğam ifaçılarını tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, sintezatorda Ceyhun Qurbanov, nağarada Siyavuş Kərimov müşayiət ediblər. Sonda Xalq artisti, professor Mənsum İbrahimov konsertdə iştirak edən Vətən müharibəsi qazilərini səhnəyə dəvət etdi. Tamaşaçıların alqışları ilə səhnəyə qalxan qazilər adından çıxış edən Nicat Məmmədov onlara göstərilən diqqət  və qayğıya görə, belə möhtəşəm festivalın təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir. Festivalın proqramına uyğun olaraq, avqustun 3-də tamaşaçılara Bakı Musiqi Akademiyası müəllimlərinin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertləri təqdim olunacaq.

 

Keçidlər