Qəbələdə şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi inşa edilib
Qəbələ rayonunun Mıxlıqovaq kəndində Vətən müharibəsində şəhadətə yüksələn şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub. Kompleksdə 2020-ci ilin iyul döyüşləri zamanı şəhid olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general Polad Həşimovun və Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Mıxlıqovaq kəndindən olan qəhrəman oğulların xatirə lövhələri yerləşdirilib. Açılış tədbirində rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidlərin ailə üzvləri və təhsil aldıqları məktəblərin kollektivləri iştirak ediblər. Çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışmış və onların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulamışlar. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.