Qəbələdə 27 sentyabr Anım günü qeyd edilmişdir
27 sentyabr 2021-ci il tarixdə Qəbələ rayon Şəhidlər Xiyabanında Anım günü tədbiri keçirilmişdir. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərlərinin, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Dövlət Himni səslənmiş və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Ordu quruculuğu strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox böyük uğurla davam etməsindən, onun bir çağırışıyla dəmir yumruq kimi birləşən ordu-xalq birliyinin əzmlə mübarizə aparmasından və qalib gəlməsindən bəhs etmiş, şəhidlərə Allahdan rəhmət, şəhid ailələrinə səbir, qazilərə isə can sağlığı arzulamışdır. Şəhid valideynləri adından çıxış edən Əbülfəz Abdurahmanov və qazi Həbib Bayramov Vətən müharibəsində şəhid və qazilərimizin qəhrəmanlıqlarından söz açmış, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Sonda şəhidlərin ruhuna Qurani-Kərimdən surələr oxunmuş və tədbir iştirakçıları Birinci Qarabağ və Vətən müharibəsində şəhadətə yüksəlmiş şəhidlərin xatirəsinə ucaldılmış kompleksi ziyarət edərək, məzarlara və xatirə lövhələrinin qarşısına gül dəstələri düzmüşlər. Daha sonra isə ayrılmış ərazidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə 500 ədəd göyrüş və qarağac ağacları əkilmişdir.