“Zəfər günü”-nə həsr edilmiş “Vətənin Müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
Qəbələ Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin təşkilatçılığı, Qəbələ rayon Təhsil şöbəsinin iştirakı ilə “Zəfər günü”-nə həsr edilmiş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçrilmişdir. Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının gücləndirilməsi, idmançılarda yarış təcrübəsini və ustalığı artırmaqdan ibarətdir. Tədbirin açılış mərasimində Qəbələ rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov komandaları salamlayaraq 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun zəfər çalaraq torpaqlarımızı geri qaytarmasından, Respublikada idmana göstərilən dövlət qayğısından danışmış, yarışın məqsəd və vəzifələri barədə məlumat verərək idmançılara nailiyyətlər arzulamışdır. Beynəlxalq Poliatlon çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma üzrə keçirilən birincilikdə rayonun tam orta məktəblərindən 10 komanda iştirak etmişdir. Yarışın yekun nəticəsinə əsasən Həmzəlli kənd tam orta məktəbin komandası I yeri, Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası II yeri, Zarağan kənd 2 saylı tam orta məktəbin komandası isə III yeri tutmuşlar. Qalib komandalara Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir. Birinci yeri tutmuş Həmzəlli kənd tam orta məktəbin komandası Respublika çempionatının zona mərhələsində iştirak etməyə vəsiqə qazanmışdır.