Qəbələdə rayon məhkəməsi üçün yeni binanın təməli qoyuldu.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə üzrə genişmiqyaslı islahatlar aparılır, ədliyyə orqanları və məhkəmələr üçün yeni binalar tikilərək istifadəyə verilir. Yanvarın 24-də Qəbələdə rayon məhkəməsi üçün yeni binanın təməli qoyulmuşdur. Tədbirlərdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Britaniya Krallığının prokuroru xanım Elizabet Hou, Qəbələ Rayon Məhkəməsinin sədri Vahid Sadıqov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Mərasimdən əvvəl Qəbələ şəhərinin mərkəzi parkında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, onun xatirəsi dərin ehtiramla yad olunmuşdur. Sonra Qəbələ Rayon Məhkəməsi üçün yeni inzibati binanın təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov və qonaqlar ölkə Prezidentinin rəhbərliyi ilə son illər respublikamızın, xüsusilə regionların sosial-iqtisadi inkişafı üzrə əldə olunmuş yüksək nailiyyətlərdən, o cümlədən genişmiqyaslı məhkəmə-hüquq islahatlarından danışmış, regionlarda 20-dək yeni məhkəmələrin yaradıldığını, hakimlərin sayının 2 dəfə artırıldığını, onların seçim prosesinin şəffaflığına görə Avropada örnək kimi dəyərləndirildiyini, məhkəmə infrastrukturunun müasirləşdirilməsini qeyd etmişlər. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək rayon məhkəməsinin müasir binasının inşasının məhkəmə sistemində aparılan islahatlara əlavə töhfəverəcəyini qeyd edərək demişdir: “Ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Bu gün Qanunun aliliyi, insanların qanun qarşısında bərabərliyi məsələsi ədliyyə sisteminin əsas prinsipini təşkil edir. Cəmiyyətdə hüquq sistemin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının davam etdirilməsi və vətəndaşların məhkəmə orqanlarına müraciət imkanlarının asanlaşdırılması istiqamətində atılan addımlar bu orqanların maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə zərurət yaradır. Bu baxımdan Qəbələ Rayon Məhkəməsinin də yeni binasının tikintisinə böyük ehtiyac duyulurdu. Bu zərurət artıq Sizlərin iştirakı ilə gerçəkləşir, yeni bir memarlıq nümunəsinin təməli qoyulur. Ölkə başçısının yaxından köməkliyi və qayğısı sayəsində həyata keçirilən belə layihələr mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür.” Sonda rayon icra hakimiyyətinin başçısı bütün qəbələlilər adından tikintidə çalışan mühəndis-texniki heyətə, inşaatçılara, layihənin memarına və binanın başa çatdırılmasında zəhməti olan hər bir kəsə əvvəlcədən təşəkkürünü bildirmişdir.
***
Həmin gün Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov Qəbələ Rayon Mədəniyyət Mərkəzində Oğuz, İsmayıllı və Qəbələ rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirmişdir.