Vətən müharibəsi şəhidi Şöhrət Mikayılovun məzarı ziyarət edilib
Bu gün Vətən müharibəsində tarix yazmış igidlərdən biri olan Qəbələ rayon Zərgərli kənd sakini Mikayılov Şöhrət İkram oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılmış və ruhuna dualar oxunmuşdur. Şöhrət Mikayılovun ailəsi mərasim iştirakçıları tərəfindən evində ziyarət edilmişdir. Şəhidin ailə üzvləri şəhid ailələrinin Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini bildirmiş, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində görülmüş işlər və aparılan islahatlara görə dərin minnətdarlıqlarını bildirmişlər.