Qəbələ şəhər inzibati ərazi nümayəndəliyi 2013-cü ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilmişdir.
Qəbələ şəhər inzibati ərazi nümayəndəliyində 2013-cü ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda şəhər ictimaiyyətinin nümayəndələri, şəhərdəki idarə, müəssisə və özəl təşkilatların rəhbərləri iştirak etmişlər. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Qəbələ şəhər inzibati ərazi üzrə nümayəndəsi Ramin Əliyev yığıncağı giriş sözü ilə açmış və 2013-cü ildə ərazidə görülən işlər barədə hesabat məruzəsini yığıncaq iştirakçılarına təqdim etmişdir. Hesabat məruzəsində əvvəlcə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2013-cü ildə respublikamızda həyata keçirilən böyük quruculuq işləri barədə dinləyicilərə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafını təmin edən uğurlu siyasət ölkəmizi beynəlxalq aləmdə də aparıcı dövlətlərdən birinə çevirmişdir. Azərbaycanın bu günkü inkişafı, tərəqqisi ölkə başçısı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasətin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən regionlara göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün rayonların, kəndlərin siması dəyişir, hər yerdə böyük quruculuq işləri həyata keçirilir, insanların sosial rifahı daha da yaxşılaşır. Azərbaycanın bugünkü inkişafı və tərəqqisi fonunda Qəbələ rayonu o cümlədən Qəbələ şəhəri dəöz sürətli inkişaf dövrünü yaşayır. Məruzəçi qeyd etdi ki, ötən il Qəbələ şəhəri çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Qəbələ şəhər əhalisinin göstərilən xidmətlərin yüksək səviyyədə təşkili üçün ərazi nümayəndəliyi bir sıra tədbirlər həyata keçirmişdir. Əhalinin elektrik enerjisinə, təbii mavi yanacağa, telefon və internet xidmətinə, içməli suya, kommunal xidmətlərə olan ehtiyacı ödənilmişdir. Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində 1-ci mərhələ üzrə işlər davam etdirilmiş, 2-ci mərhələ üzrə tikinti quraşdırma işlərinə başlanmışdır. Şəhər əhalisinin və qonaqlarımızın istirahətinin təşkili üçün tədbirlər davam edir. Şəhər mərkəzindəki Heydər Əliyev Parkı genişləndirilmiş, ərazidə müasir tələbata tam cavab verən mədəniyyət mərkəzi istifadəyə verilmişdir. Burada yerli və başqa yerlərdən gəlmiş mədəniyyət xadimlərinin iştirakı ilə rəngarəng tədbirlər keçirilir.