Qəbələdə şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə bulaq kompleksi inşa edilib
Qəbələ rayonunun Savalan kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əhmədov Mikayıl Hümbət oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş bulaq kompleksinin açılışı olub. Açılış tədbirində rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri və təhsil aldığı məktəbin kollektivi iştirak edib. Çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışmış və onların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulamışlar. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.