Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

08 fevral 2014 | 16:00

Qəbələ rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Heydər Əliyev parkına gələrək Ümummilli liderin abidəsi önünə tər güllər düzmüşlər.
Daha sonra Qəbələ Mədəniyyət Mərkəzinin foyesində sosial-iqtisadi inkişafı əks etdirən stendlərin və rayonda istehsal olunan məhsulların sərgisinə baxış keçirilmişdir. Mədəniyyət Mərkəzin tamaşaçı zalında təşkil olunan hesabat yığıncağını rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev  açaraq 2013-cü ildə Qəbələ rayonunda sosial-iqtsadi sahədə görüımüş işlər barədə ətraflı məruzə etmişdir. O demişdir:
Hörmətli qonaqlar,
Hörmətli yığıncaq iştirakçıları,
Bildiyiniz kimi  yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafın yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlət başçısı 2013-cü ildə də Azərbaycanın sosial-iqtisadi inkişafının uğurla davam etdirildiyini və beynəlxalq imicinin möhkəmləndirildiyini vurğulamışdır. Cənab Prezident BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə respublikamızın beynəlxalq hüququ və ədaləti əsas götürərək daim prinsipial mövqe tutduğunu, ölkəmizin nüfuzunun bu müddət ərzində daha da artdığını qeyd etmişdir.
Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində heç bir irəliləyişin olmadığına diqqət çəkən İlham Əliyev 2013-cü ilin sonunda bu prosesdə müəyyən canlanmanın müşahidə edildiyini bildirmişdir.
Ölkə başçısı ötən il 20 min məcburi köçkünün yeni mənzillərlə təmin edildiyini, bu il də təxminən bir o qədər məcburi köçkün üçün mənzillərin inşa ediləcəyini demişdir.
Respublikamızda 2013-cü ildə ümumi daxili məhsulun təxminən 6 faiz, qeyri-neft sektorunun 9,8 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artdığını və infilyasiyanın 2.4 faiz təşkil etdiyini deyən dövlət başçısı həmin dövrdə Azərbaycan iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulduğunu və ölkənin strateji valyuta ehtiyatının 50 milyard dollara çatdığını söyləmişdir.
2013-cü ildə ölkəmizdə 80 mini daimi olmaqla 110 min yeni iş yeri yaradıldığını və işsizliyin 5 faiz təşkil etdiyini deyən cənab İlham Əliyev yoxsulluğun 5.3 faiz səviyyəsində olduğunu qeyd etmişdir.
Rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdə olan ölkəmizdə bundan sonra da sosial-iqtisadi inkişafın uğurla davam edəcəyini bildirən cənab Prezident 2013-cü ildə maaş və pensiyaların artırıldığını, MDB məkanında məhz Azərbaycanda sovet dövründən qalan əmanətlərin kompensasiyasının ən qısa müddətdə reallaşdırıldığını vurğulayaraq demişdir: “Ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atmışdır. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, əminəm ki, nə beynəlxalq aləmdə, nə də regionda bu uğurlara nail ola bilməzdik”.
“İnformasiya – kommunikasiya texnologiyaları ili” elan edilən 2013-cü ildə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılmasını tarixi nailiyyət kimi dəyərləndirən cənab İlham Əliyev, respublikamızda turizm və nəqliyyat sektorlarının inkişafı üçün də böyük işlərin görüldüyünü bildirmişdir.
Dövlət başçısı inşası uğurla davam etdirilən Bakı-Tibilisi-Qars dəmiryolunun 2015-ci ildə istismara veriləcəyinə ümidvar olduğunu demişdir.
2013-cü ildə TAP və Şahdəniz-2 layihəsi çərçivəsində əldə olunan uğurlara toxunan cənab Prezident, qlobal səviyyəli bütün layihələrin reallaşdırıldığını və 2014-cü ildə daha böyük layihələrin gerçəkləşdiriləcəyinə diqqət çəkərək demişdir: “Hər bir ölkə çalışmalıdır ki, öz müstəqilliyini qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin gələcəyi haqqında düşünsün”.
Hörmətli yığıncaq iştirakçıları,
2013-cü ildə ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlər Qəbələ rayonunda da uğurla davam etdirilmişdir.
Rayonumuzun ictimai həyatında baş verən əsas əlamətdar hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin fevral və avqust aylarında Qəbələyə rəsmi səfərləri olmuşdur.
Səfərləri zamanı ölkə başçısı bir çox mühüm sosial və sənaye xarakterli obyektlərin açılışlarında iştirak etmiş, inşaat işləri davam edən tikintilərdə işin gedişi ilə tanış olmuşdur. Görülmüş işlər barədə fikirlərini bildirən ölkə başçısı qarşımıza yeni-yeni vəzifələr qoymuşdur.
Hesabat dövründə Qəbələ 4 ölkənin prezidentlərinin iştirakı ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Sammiti, V Beynəlxalq Musiqi Festivalı, “MDB-nin Mədəniyyət Paytaxtları – 2013” dövlətlərarası proqramının təntənəli açılışı, III Beynəlxalq İncəsənət Sərgisi kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Rayonumuzda  “Mürəbbə Festivalı”, “İbtidai təhsil-yeni baxışlar, təcrübələr və prespektivlər” mövzusunda konfrans, “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika və beynəlxalq birinciliyi, “II Qəbələ Kuboku” futbol oyunları, boks və digər idman yarışları kimi maraqlı, yadda qalan tədbirlər keçirilmişdir.
Rayonumuzun mədəni həyatının əsasını təşkil edən beynəlxalq musiqi festivalları, incəsənət sərgiləri və digər bu səpkili iri həcmli tədbirlər Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın yaxından köməkliyi və rəhbərliyi ilə gerçəkləşərək  həyata keçirilmişdir.
Eləcə də 2013-cü ildə Kiyev şəhərində Qəbələ rayonu ilə Ukrayna Respublikasının Rovno vilayəti arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma protokolu imzalanmışdır.
Hörmətli yığıncaq iştirakçıları,
Rayonumuzun ərazisi 1548 kvadrat kilometr, əhalisi  99838 nəfərdir. Əhalinin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udilər, 0,1 faizini türklər, 0,2 faizini isə digər millətlərin nümayəndələri təşkil edir. Rayonda 1 şəhər, 3 qəsəbə, 60 kənd vardır. Yaşayış məntəqələrində 60 icra nümayəndəliyi, 55 bələdiyyə fəaliyyət göstərir.
2013-cü ildə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 234890 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6920 min manat, yaxud  3 faiz çox olmuşdur.
Cari ildə keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 309  min manat, yaxud 1,4 faiz, kənd təsərrüfatında 3.054 min manat, yaxud 5,7 faiz,  tikintidə 1.040 min  manat, yaxud 0,8 faiz, nəqliyyatda 79 min manat, yaxud 2,5 faiz, rabitədə 123 min manat, yaxud 19,8 faiz, ticarətdə 2.315 min manat, yaxud 9,7 faiz artmışdır.
Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 2.352 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə (2.274 manat) nisbətən 3,4 faiz çoxdur.
Sənaye mallarının istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi  74,0 faiz təşkil etmişdir.
İl ərzində sənaye müəssisələrində çalışan  752 nəfər işçinin orta aylıq nominal əmək haqqı 373 manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 17,7 faiz çox deməkdir. 2003-cü ilin oktyabr ayından 01 yanvar 2014-cü ilədək  11.803 yeni iş yerləri  açılmışdır. Onlardan 9.786-ı daimi iş yerləridir. 2013-cü il ərzində 860 yeni iş yeri açılmışdır ki, həmin iş yerlərinin  hamısı daimi iş yerləri olmuşdur.
Əsas kapitala yönəlmiş investisiyanın həcmi 128.242 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 127.515 min manat təşkil etmişdir. Əvvəlki  illə müqayisədə əsas  kapitala  yönəlmiş  investisiyanın  həcmi   1.767 min manat,  yaxud  1,4 faiz artmışdır.
Rayonun yerli gəlirləri 2013-cü ildə  8.783,0 min manat proqnoza qarşı 9112,2 min manat (104 faiz) və ya 329,2 min manat çox, o cümlədən rayonun yerli gəlirlərinə aid olan məbləği 8632,0 min manat proqnoza qarşı 8985,8 min manat (104 faiz) və ya 353,8 min manat çox icra olunmuşdur.
Rayonun yerli xərcləri icra hakimiyyəti orqanlarının saxlanması xərcləri üzrə 299,9 min manat,  təhsil xərcləri üzrə 702,6 min manat, səhiyyə xərcləri üzrə 27,7 min manat, mədəniyyət xərcləri üzrə 32,6 min manat, digər xərc maddələri üzrə 6,8 min olmaqla, ümumilikdə il üzrə 1.069,6 min manat təyinatdan az icra olunmuşdur.
Yerli xərclərin  təyinatdan az icra olunmasının səbəbi müəyyən xərc maddələri  üzrə bəzi təşkilatlar tərəfindən  sifarişlərin yerli xəzinədarlıq orqanına vaxtında təqdim edilməməsi,  vakant vəzifələrin olması və bəzi xərc maddələri üzrə faktiki icranın tam yerinə yetirilməməsi olmuşdur.
Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
İl ərzində bübün növ istehlakçı qruplar tərəfindən 84.851,8 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 5.091,1 min manata qarşı 4.177,6 min manat vəsait toplanaraq  yığım planı 82,1 faiz yerinə yetirilmişdir. Həmin göstərici büdcə təşkilatları üzrə 57,2 faiz, dövlət müəssisələri üzrə 91,9 faiz, ticarət xidməti üzrə 86,9 faiz, özəl sənaye üzrə 89,6 faiz, əhali qrupu üzrə isə 74,8 faiz olmuşdur.
İstehlakçılar tərəfindən 35.181,8 min kub/metr təbii qaz istehlak edilmiş,  3.518,2 min manata qarşı 3.559,6 min manat vəsait toplanaraq   ümumi yığım məbləği 101,2 faiz təşkil etmişdir. Həmin göstərici  əhali sektoru üzrə 104,5 faiz,  büdcə təşkilatları üzrə 96,3 faiz, sənaye, kommersiya və digər təşkilatlar üzrə üzrə isə 98,1 faiz təşkil etmişdir. İl ərzində 1.919 yeni abonentə təbii qaz verilərək, əhali abonentlərin ümumi sayı 11.315-ə çatdırılmışdır.
Azərbaycan hökuməti və Dünya bankının maliyyə dəstəyi  əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində 1-ci mərhələ üzrə işlər davam etdirilmiş, 2-ci mərhələ üzrə tikinti işlərinə  başlanmışdır. Sahil küçəsində plastik borularla 7.040 p/m kanalizasiya xətti, 3.885 p/m su xətti  çəkilmiş, 2 ədəd subartezian quyusu qazılmışdır. ”Hidro- İnşaat” MMC tərəfindən məyəl dərəsindən dövlət əhəmiyyətli tikintiyə su xətti çəkilmişdir. “Qaraçay”, “Duruca” su mənbələrində yerləşən  anbarlar lil və qumdan təmizlənmiş, cari təmir işləri görülmüşdür. Şəhərin küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı  və  kanalizasiya xətlərində müxtəlif diametrli  borular dəyişdirilmiş, təmir-bərpa işləri aparılmışdır.  İl ərzində 230,7 min manat dəyərində  su və kanalizasiya xidməti göstərilmiş, həmin məbləğin 91,0 faizi yığılmışdır. Bu göstərici əhali sektoru üzrə 90,0 faiz, büdcə, kommersiya və digər təşkilatlar üzrə 100,0 faiz təşkil etmişdir.
Qəbələ rayon 11 saylı Yol İstismar İdarəsi tərəfindən 2013-cü ildə 670,2 min manatlıq  cari təmir və yolların saxlanması işləri görülmüşdür.
Qəbələ Telekommunikasiya qovşağı il ərzində 1.000,0 min manat tarif gəliri proqnozuna qarşı 1.078,1 min manat gəlir əldə etmiş, proqnoz tapşırığına 108,0 faiz əməl etmişdir.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz, yəni 141,0 min manat artıq gəlir əldə edilmişdir.
“Azərpoçt” MMC-nin Qəbələ filialı 2013-cü ildə 192,7 min  manata qarşı  194,2 min manatlıq poçt-rabitə xidməti göstərərək  proqnoz  tapşırığını 101,0 faiz yerinə yetirmişdir. Dünya Bankının krediti hesabına həyata keçirilən “Maliyyə xidmətlərinin İnkişafı Layihəsi” çərçivəsində struktur islahatları aparılmış, poçt filiallarının və poşt şöbələrinin avtomatlaşdırılması prosesi həyata keçirilmişdir. Məlikli, Zalam,Yenikənd, Quşlar, Bunud, Bayramkoxalı, Zarağan və Böyük Əmili kənd poçt şöbələri üçün yeni binaların tikilməsi üçün bütün sənədləşmə işləri başa çatdırılaraq aidiyyəti üzrə “Azərpoçt” MMC-yə göndərilmişdir.
Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 375 min kub/metr lildən,  daşqın və selə qarşı mübarizə məqsədilə 1115 min kub/metr çay məcrası daş və qumdan təmizlənmiş, 320 kub/metr qabion bəndi vurulmuş, 3830  kub/metr daş beton bəndi cari təmir edilmişdir.
Qəbələ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hazırda 3.959 hərəkətdə olan sosial müavinət və təqaüd işi vardır. Həmin müavinətlərin və təqaüdlərin ödənilməsi üçün tələb olunan vəsaitin orta aylıq məbləği 291,7 min manat təşkil edir. İl ərzində 110 nəfər 18 yaşadək əlil uşağa, 99 nəfər I,II və III qrup əlillərə, 30 ailəyə ailə başçısını itirməyə görə  müavinət təyinatı aparılmışdır. Bundan başqa 1.365 ailənin 1.465 uşağına uşağın anadan olmasına görə, 19 nəfərə dəfn üçün birdəfəlik müavinət ödənilmişdir. 625 ailəyə ünvanlı sosial yardım təyin edilmiş,  həmin ailələrdən 1 yaşadək uşağı olan 17 ailənin 18 uşağına müavinət təyin edilmişdir. Hal-hazırda mərkəzdə 594 hərəkətdə olan ünvanlı sosial yardım işi vardır.
Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsi tərəfindən 2013-cü ilin  yekununa görə gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 5.837,8 min manata qarşı 5.538,8 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq,  proqnoz tapşırığa 94,9 faiz əməl olunmuşdur. İl ərzində 1.137 sığortaedən qeydiyyata alınmışdır ki, bunlardan 232-i hüquqi, 768-i fiziki şəxs, 137-i isə pay torpaq mülkiyyətçisi olmuşdur. 01 yanvar 2014-cü il  vəziyyətinə şöbə üzrə 11.528 pensiya işi üzrə 11.866 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur.  Hesabat dövründə pensiyaçılara ümumilikdə 19.645,1 min manat pensiya ödənilmiş,  orta aylıq pensiya məbləği  1.737,9 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 150 manat 75 qəpik təşkil etmişdir.
Qəbələ Rayon Məşğulluq Mərkəzində il ərzində işsiz və işaxtaran kimi 620 nəfər vətəndaş qeydiyata alınmış, onların 22 nəfərinə işsizlik statusu verilmişdir. Qeydiyyatdan keçmiş 620 nəfərdən 325-i münasib işlə təmin edilmiş, 25 nəfərə işsizlik müavinəti ödənmişdir. Qeyri məşğul əhalidən 16 nəfər qadın xalçaçılıq kursuna cəlb edilmiş və kursu bitirdikdən sonra onlar işlə təmin olunmuşlar.
2013-cü ildə Qəbələ şəhərində inşa edilən «Qəbələ Mədəniyyət Mərkəzi», Qaradeyin kəndində şərab zavodu, Böyük Əmili kəndində və Vəndam qəsəbəsində 1200 başlıq heyvandarlıq kompleksləri, Qəbələ şəhərində 1200 yerlik «Heydər Əliyev Konqres Mərkəzi», «Şəhidlər  xiyabanı» kompleksi, «Karvansaray» oteli, Qəbələ şəhər məscidi, Zarağan kəndində məcburi köçkünlər üçün inşa edilən  2 ədəd 5 mərtəbəli 155 mənzilli yaşayış binaları, Qəbələ–Ağdaş avtomobil yolunun (22 km) yenidən qurulması və həmin yolun abadlaşdırılması, işıqlandırılması, kommunikasiyaların köçürülməsi, Qəbələ–Oğuz avtomobil yolunun əsaslı təmiri, Qəbələ şəhərində yeni yanacaqdoldurma məntəqəsi, Kiçik Pirəli kəndində 180 şagirdyerlik tam orta məktəb binası, «Tufandağ» dağ-xizək, yay-qış istirahət kompleksinin birinci mərhələsi, Qəbələ–Küsnət–Laza avtomobil yolu obyektlərində tikinti işləri başa çatdırılmış və istismara verilmişdir.
Həmçinin Qəbələ şəhərinin Sahil, Həzi Aslanov, Musabəyov, Xalid Qasımov küçələrində abadlıq işləri davam etdirilmiş, Həmzəli kəndinin mərkəzindən keçən avtomobil yolunda, Nic qəsəbə parkında, eləcə də Nic və Bum qəsəbəsinin mərkəzi küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılmışdır.
Bunlarla yanaşı Qəbələ Futbol Akademiyası, stadionlar kompleksi, DİN-nin «N» saylı alayı, şəhərin şimalında «Qəbələ-2 yanğınsöndürmə deposu», YAP rayon təşkilatının inzibati binası, cipsi və su-limonad, Dəmiraparan çayı üzərində 10 aşırımlı, 324 p/metrlik dəmir-beton körpü, Mirzəbəyli–Çuxur Qəbələ–Dizaxlı–Çarxana avtomobil yolu, Bum qəsəbəsində «Stend atıcılığı kompleksi», «Aquapark» istirahət kompleksi, «Qolf-klub» kompleksi, Qəbələ şəhərinin içməli su və kanalizasiya sistemi obyektlərində tikinti-quraşdırma, Dəmiraparan və Duruca çaylarının hövzələrində sahilbərkitmə işləri görülmüş və bu istiqamətdə inşaat işləri bu gün də davam etdirilir.
Eləcə də 2013-cü ildə Qəbələ şəhərində 360 şagirdyerlik tam orta, Zirik kəndində 220 şagirdyerlik,  Yengicə kəndində 80 şagirdyerlik ümumi orta məktəb binaları, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binası, Savalan kəndində «Raftinq Mərkəzi», rayon məhkəməsinin inzibati binası, Laza Sərhəd Zastavası və Nohur gölünün sahilində sanatoriya kompleksi obyektlərinin tikintisinə başlanılmışdır.
Məlumat üçün bildirirəm ki, 2014-cü ildə Qəbələ Peşə Məktəbinin yeni binasının, rayon mərkəzi xəstəxanası kompleksinin, Xarici Dillər Universitetinin Qəbələ Filialının, Gömrük Akademiyasının, “ASAN” xidməti Qəbələ rayon filialının inzibati binasının, 37 hektar ərazidə yeni şəhərciyin, Qəbələ atçılıq mərkəzinin, Yengicə su anbarının, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Cəmiyyəti” MMC-nin Qəbələ Rayon Şöbəsinin inzibati binasının, Soltannuxa kəndində 35/10 kv-luq və Qəbələ şəhərində 110/35/10 kv-luq elektrik yarımstansiyalarının tikintisinə başlanılması nəzərdə tutulmuşdur.
Hörmətli toplantı iştirakçıları!
2013-cü  il rayonun təhsil müəssisələrinin də maddi-texniki  bazsasının  möhkəmləndirilməsi,  məktəblərdə tədrisin keyfiyyətinin  yüksəldilməsi,  yeni  texnologiyaların  tətbiqi  sahəsində  qazanılmış  uğurlu  nəticələrin əldə edilməsi ilə  səciyyələnmişdir. Ötən dərs ilində biliyi qiymətləndirilən 16248 nəfərdən 3963-ü əla, 5765 nəfəri yaxşı qiymətlərlə oxumuşdur. İlin müvəffəqiyyət faizi 99,8 faiz, keyfiyyət göstəricisi isə 59,9 faiz olmuşdur.
2012-2013-cü dərs ilində məzunlardan 5 nəfər qızıl medalla və 2 nəfər fərqlənmə attestatı ilə ümumtəhsil məktəblərini bitirmişdir.
Orta  təhsil  kursunu  bitirən  1374  nəfər  şagirddən  795 ali  məktəblərə sənəd  vermiş,  onların  496 nəfəri  ali  məktəbə  qəbul olunmuşdur. Bu  da  əvvəlki illə  müqayisədə  46  nəfər  çoxdur. Ali  məktəbə qəbul  olunanların 104  nəfəri  500-dən  artıq,    27 nəfəri  isə  600-dən   yuxarı bal toplamışdır.
Ötən  il  Zarağan  kənd  1 saylı tam orta  məktəbinin  məzunu  Qafarlı  Şahnaz  Bəhman qızı (692 bal) və  Əfəndiyeva Ayişə  Ədalət qızı (688 bal) qəbul imtahanlarında yüksək nəticələr göstərərək Azərbaycan Respublikasının   Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının  hüquq  fakültəsinə daxil olmuş  və  hər ikisi   Azərbaycan Respublikası  Prezidentinin  fərmanı ilə  Prezident  təqaüdünə layiq  görülmüşdür.
Ali məktəblərə qəbul olunmuş uşaqların sayına görə  rayonun   Xırxatala, Vəndam qəsəbə 1 və 2 nömrəli, Zarağan, Tüntül, Həmzəli, Nohurqışlaq, Əmirvan, Bunud  kənd  tam orta  məktəbləri  daha çox fərqlənmişlər.
Hesabat ilində məktəblərin ən zəruri inventar və avadanlıqlarla təchizatına diqqət yetirilmiş, yerli büdcə hesabına 602 min manatlıq inventar və avadanlıq alınaraq məktəblərə verilmişdir.
Hazırda məktəblərdə 551 kompüterdən istifadə edilir və 43 kompüter sinifi fəaliyyət göstərir. 17 kompüter sinifi internet şəbəkəsinə qoşulmuşdur. Bu il daha 70 dəst kompüter alınaraq məktəblərə verilmişdir.
Eləcə də təhsil nazirliyi  tərəfindən  ümumilikdə məktəblərimizə  161 adda   49751 ədəd  pulsuz  dərslik  verilmişdir.
Gənc nəslin təlim-tərbiyəsi sahəsində zəngin təcrübəyə malik məktəblərin və pedaqoji işçilərin qabaqcıl təcrübəsinin öyrənilərək yayılması davam etdirilmişdir. Şəhər 4 saylı,  Vəndam qəsəbə 1 saylı tam orta məktəblər “ən yaxşı məktəb” müsabiqəsinin qalibi olmuş və ölkə Prezidentinin sərəncamı ilə şəhər 3 saylı tam orta məktəbinin kimya müəllimi İbrahimova Xalidə Səhrab qızı “Tərəqqi” medalına layiq görülmüşdür.
Yeni  dərs  ilinə  məktəblərimiz  16312  nəfər  şagirdlə  başlamışdır. Onların  1547 nəfəri bu il I  sinfə  qəbul olunmuşdur. Yeni  tikilmiş  məktəblərin  birinci  sinif  şagirdlərinə  dərs çantaları  və  tədris  ləvazimatı  hədiyyə  edilmişdir. 17  imkansız  ailənin  uşaqlarına  məktəbli  forması  və  məktəb  ləvazimatı  verilmiş,  7  xəstə  uşaq  fərdi  təhsilə  cəlb  olunmuşdur.
Təlim-tərbiyə  müəssisələrinin  qış  mövsümünə  hazırlanması,  yanacaq  və  istiliklə  təmin  olunması  sahəsində də iş  aparılmışdır. Hazırda  məktəblərimizdə  25 qazanxana  istilik  sistemi  mövcuddur.  Onların  11-i qazla,  11-i   duru  yanacaqla, 3-ü isə   elektrik  enerjisi  ilə  qızdırılır.
Mədəniyyət və turizm şöbəsi,  eləcə də onun şəbəkələri tərəfindən rayonda bütün tarixi, əlamətdar günlərin, dövlət və milli bayramların hazırlanması və keçirilməsi təşkil olunmuş, adamların asudə vaxtlarının təşkili istiqamətində xeyli işlər görülmüşdür. Folklor kollektivlərimiz respublika və zonalar üzrə keçirilən bütün tədbirlərdə müvəffəqiyyətlə çıxış etmişlər. Mədəniyyət işçiləri müntəzəm olaraq rayonumuzdakı sərhəd zastavalarında və FHN-nin “N” saylı hərbi hissələrindəki əsgərlər qarşısında maraqlı konsert proqramları təşkil etmişlər.
Ümumrayon tədbirlərində meydan tamaşaları göstərilmiş, rayon mədəniyyət mərkəzinin “Çinar” instrumental ansamblı, “Gülbuta”, “Gülüstan” folklor qrupları, Bum qəsəbə yaradıcılıq evinin “Zopu-zopu” folklor-etnoqrafik rəqs ansamblı və digər kollektivlər maraqlı proqramlarla fəal çıxışlar etmişlər.
2013-cü ilin aprel ayında Qəbələ İncəsənət Məktəbinin şagirdləri uşaq xor kollektivlərinin Şəki şəhərində keçirilən VIII respublika müsabiqəsində, iyun ayında isə rayonumuzda keçirilən V Beynəlxalq Uşaq Muğam Festivalında uğurla iştirak etmişlər.
Fərəhli haldır ki, həyata keçirilən tədbirlərin arasında məruzənin əvvəlində səslənən ölkə əhəmiyyətli və beynəlxalq tədbirlər daha çox üstünlük təşkil edir. Dövlətin bu sahəyə olan diqqət və qayğısının nəticəsidir ki, ölkə başçısı ötən ilin fevralında Qəbələyə rəsmi səfəri zamanı çox möhtəşəm və müasir Qəbələ Mədəniyyət Mərkəzinin açılışını etmişdir.
2013-cü ilin “İnformasiya –kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı mədəniyyət mərkəzi, mərkəzləşdirilmiş kitabxana sistemi və onun filialları, tarix-diyarşünaslıq muzeyi kompüter avadanlıqları ilə təchiz edilmiş, onların internetə çıxışı təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr  2008-ci il tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq mərkəzləşdirilmiş kitabxana sistemində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, kitabxana-biblioqrafiya resursları avtomatlaşdırılmış, informasiya resurs və multimedia şöbələri yaradılmışdır. Kitabxanaya gözdən əlillər üçün audio-disklər alınmışdır.
Qəbələnin təbiəti, iqlimi, coğrafi şəraiti, mineral bulaqları, gur şəlalələri, iti axan dağ çayları, ərazinin “İpək yolu”nun üstündə yerləşməsi və tarixiliyi burada turizmin inkişafına stimul verən amillərdəndir.
Ölkə başçısı tərəfindən yüksək qiymətləndirilən bu keyfiyyətlər Qəbələdə müasir turizm infrastrukturunun yaradılmasına və bölgənin beynəlxalq turizm məkanına çevrilməsinə yol açmışdır.
Bu gün Qəbələdə fəaliyyət göstərən 16 otelin üçü beşulduzlu, biri dördulduzlu, ikisi isə üçulduzludur. Həmin obyektlərin hesabına Qəbələdə eyni vaxtda 3 minə yaxın turisti qəbul etmək  imkanı yaranmışdır.
Bütün turizm komplekslərində beynəlxaq standartlara uyğun olan şərait, xidmətlərin səviyyəsi gələn qonaqları razı salır. Bunun nəticəsidir ki, il ərzində rayonumuza 46 minə yaxın turist gəlmişdir.
Görülən işlər və gələcək layihələr deməyə imkan verir ki, həqiqətən Qəbələ çox yaxın zamanda beynəlxalq turizm mərkəzi kimi dünyada tanınmış bölgələrdən birinə çevriləcəkdir.
Turizmin Qəbələ rayonunda sürətli inkişafı ixtisaslı kadrlara olan tələbatı artırmışdır. Bu məqsədlə 2009 cu ildən fəaliyyət göstərən Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində hazırda 6 ixtisas üzrə  194 nəfər şagird dövlət hesabına təhsil alır. Onların 94 nəfəri ümumi orta təhsil bazasından, 100 nəfəri isə tam orta təhsil bazasından olan şagirdlərdir.
Turizmə göstərilən dövlət qayğısının nəticəsidir ki, bir ay öncə ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Tufandağ” dağ-xizək yay-qış istirahət kompleksinin birinci mərhələsinin açılışı olmuşdur.
Növbəti ildə də turizm infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılacaq, daha böyük layihələrin icrasına başlanılacaqdır.
Ötən il rayon mərkəzi xəstaxanasında da xeyli işlər görülmüşdür. İl ərzində büdcə xərcləri 2.153.934,00  manat olmuş, dərman və sarğı materiallarının alınmasına 280318,00 manat vəsait xərclənmişdir. Əhaliyə 192.809,00 manatlıq pulsuz dərman verilmişdir. O cümlədən epileptik və ruhi xəstələrə 34.059,00  manatlıq, şəkərli diabet xəstələrinə 140.959,00 manatlıq, şəkərsiz diabet xəstələrinə 5.267,00 manatlıq, vərəm xəstələrinə 1.094,00 manatlıq, parkinson xəstələrinə 2.217,00  manatlıq, onkoloji xəstələrə 3.320,00 manatlıq, hemotoloji xəstələrə 3438,00 manatlıq pulsuz dərmanlar verilmişdir.
Hesabat dövründə 34.913,00 manatlıq əsaslı təmir, 14.719,00 manatlıq cari təmir işləri aparılmış, 10.628,00 manatlıq tibbi avadanlıq alınmışdır.
İl ərzində stasionar  xəstələrin sayı 3610 nəfər, cərrahi əməliyyatların sayı 336 olmuşdur.
Bu müddət ərzində 1721 körpə doğulmuşdur. Perinatal ölümlərin sayı 7, neonatal ölüm 2 və körpə ölümü (0-1 yaş) 7 olmuşdur.
Ambulator müraciət edən xəstələrin sayı 207.487  nəfər təşkil etmişdir.
Məcburi tibbi müayinəyə cəlb edilməsi nəzərdə tutulan obliqat qruplar qrafik üzrə 7389  nəfər planlaşdırıldığı halda, 4.615 nəfər müayinəyə cəlb edilmişdir ki, bu da nəzərdə tutulanın 62.4 faizə qədəridir.
Tibbi sığorta  kartına  keçidlə  əlaqədar  0-6 yaşlı uşaqlardan  1252  nəfərə yeni kart sifariş olunmuş, 1119 uşağa kart hazırlanmışdır.
Heyvan dişləməsi ilə 410 nəfər müraciət edən vətəndaşlara müvafiq yardım göstərilməklə 3.576.00  manatlıq antirabik vaksin, 4.253,00 manatlıq antirabik  immunoqlobulin sərf edilmişdir. Bu müddət ərzində 14 nəfərin bruselyoza, 10 nəfərin  Hepatit B-yə,  2 nəfərin hepatit C-yə ilə yoluxması qeydiyyata alınmışdır.
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ilin əvvəlindən yoluxucu xəstəliklərin  qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr və yoluxucu xəstəliklər üzrə kompleks tədbirlər həyata  keçirilmişdir. 
Rayon üzrə yeni doğulan bütün uşaqların vərəm əleyhinə BSJ peyvəndinə cəlb edilməsi üçün 4.350 doza peyvənd materialı alınıb müalicə profilaktika müəssisələrinə verilmişdir.
Aparılmış  profilaktik  tədbirlərin nəticəsində son 10 il ərzində  rayonda uşaqlar arasında   difteriya,  göy ösgürək,  tetanus,  qızılça,  parotit,  məxmərək kimi  idarə  oluna  bilən  yoluxucu  xəstəliklər qeydə alınmamışdır.
2013-cü il ərzində rayon GEM-nin bakterioloji labarotoriyasında yoluxucu xəstəliklərin aşkar edilməsi məqsədilə 1036 müayinə aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə əsasən vahid məlumat reysterindən çıxarışla mərkəz tərəfindən rayon ərazisində olan 294 sahibkarlıq subyektində sanitar müayinələri aparılmışdır.
Aparılmış reyd zamanı müəyyən olunmuşdur ki, 2013-cü ildə rayonda yerləşən turizm obyektlərinin sanitar gigiyenik vəziyyəti, həmçinin xidmətin səviyyəsi ötən illərə  nisbətən xeyli yüksəlmişdir. Lakin bununla bərabər aşkar edilən sanitar nöqsanların aradan qaldırılması üçün “Çənlibel”, “Soyuqbulaq”, ”Duyma”, Sərin Meşə” istirahət mərkəzlərinin rəhbərlərinə tapşırıq verilmiş “Yeni həyat” və “Karvan” istirahət  mərkəzlərinin icraçı direktorları cərimə olunmuşdur.
Sanitar müayinələri zamanı sanitar qaydalarını pozduğuna görə ictimai iaşə, ticarət və digər xidmət müəssisələrində işləyən 19 nəfər fiziki şəxs cərimə olunmuş, sanitar tələblərinə cavab verməyən 6 obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır.
Küçələrə,  çaylara məişət tullantılarını tökərək sanitar qaydalarını pozan vətəndaşlara bildiriş verilmiş, əksəriyyəti ilə izahat işləri aparılmış, onların bir çoxu kommunal müəssisələr kombinatında müqaviləyə cəlb olunmuşdur.
Qəbələ Müalicə Diaqnostika Mərkəzinə il ərzində müayinə və müalicə məqsədi ilə ölkəmizin 42 rayonundan xəstə müraciət etmişdir. Konsultativ poliklinika şöbəsinə xəstə gəlişlərinin sayı 19636, endoskopiya kabinetində müayinələrin sayı 1269, stomatoloji kabinetdə müalicə olunan xəstələrin sayı 602, stasionar şöbəyə daxil olan xəstələrin sayı 1255, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 1244 olmuşdur. Onlardan 288-i laparoskopik əməliyyatlardır. Hemodializ şöbəsində seanslarının sayı 7196, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 12446, kompüter tomoqrafik müayinələrin sayı 965, fizioterapiya şöbəsində proseduraların sayı 4006, kliniki laboratoriya şöbəsində 9020  xəstədə   640421   müayinə aparılmışdır.
Ölkəmizin birinci xanımı Heydər Əliyev fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı layihəsi çərçivəsində mərkəzdə 12 mart 2013-cü il tarixdə qan vermə aksiyası keçirilmiş və bu aksiyada  70 nəfərin iştirakı nəzərdə tutulduğu halda  265 nəfər iştirak etmişdir.
Gənclər və İdman İdarəsi tərəfindən hesabat ilində 62 tədbir həyata keçirilmişdir. Bunlardan 34 tədbir gənclərlə iş sahəsini, 28 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə edir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən ümumrespublika tədbirlərində qəbələli gənclərin   iştirakı  təmin olunmuşdur. Belə ki, gənclərlə iş sahəsində respublika üzrə keçirilən 13 tədbirdə, idman sahəsi üzrə isə 38 yarış və birincilikdə idmançılarımız rayonumuzu təmsil etmişlər. İdmançılarımızdan Aydan Hüseynzadə şahmat məsələlərinin həlli üzrə IX Beynəlxalq həlletmə yarışında qadınlar arasında I yeri tutmuş, Gürcüstanda keçirilən Beynəlxalq həlletmə yarışında qadınlar arasında II yerə layiq görülmüşdür.
Araz Alməmmədov şahmat məsələlərinin həlli üzrə ötən il keçirilən 34-cü Azərbaycan çempionatında I yeri tutmuşdur.
Murad Şəfiyev İdman Məktəblərinin VI Respublika oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə zona birinciliyində I yeri, Faiq Səddinov isə  II yeri tutmuşdur.
Qocyu-ryu okinava karate do üzrə Açıq Respublika Kubokunda Cəlal Əlibəyov I yeri, Kənan Şəfiyev və Fərid Şəfiyev II yeri, Pənah Seyidov III yeri tutmuşdur.
“Cəsurlar” hərbi-idman və turizm oyununun zona yarışlarında komandamız IV yerə çıxmışdır.
“Gənc yanğınsöndürən və xilasedici” yarışının zona mərhələsində komandamız II yeri,  respublika final mərhələsində isə I yeri tutmuşdur.
Qəbələ Olimpiya İdman Kompleksi MMC-ti  tərəfindən də  idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin kütləvi şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması istiqamətində işlər davam etdirilmişdir.
2013-cü  ildə  51957 nəfər kompleksin xidmətlərindən istifadə etmişdir. 
Olimpiya  İdman növləri üzrə təşkil olunmuş güləş, boks və futbol üzrə  seksiyalarda məşğul olan 1983 nəfər idmançı kompleksin xidmətlərindən ödənişsiz əsaslarla istifadə etmişdir. Qəbələ Olimpiya İdman Kompleksində  2013–cü ilin yanvar ayında boks üzrə kişilərdən   ibarət  respublika  milli komandasının,   fevral ayında  isə  boks üzrə qadınlardan ibarət respublika milli komandasının  təlim-məşq toplantısı keçirilmişdir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Qəbələ Olimpiya İdman Kompleksi ilin ən yaxşı İdman Qurğusu elan edilmişdir
Hesabat ilində Qəbələ Peşə Məktəbini 133 nəfər şagird bitirmişdir.
Cari tədris ilində məktəbə dövlət büdcəsi hesabına 100 nəfər, o cümlədən tam orta təhsil bazasından 60 nəfər, ümumi orta təhsil bazasından 40 nəfər şagird qəbul edilmişdir.
2013-cü ildə  Qəbələ  Uşaq və Ailələrə Dəstək Mərkəzində də əlillik və digər şərtlər altında yaşayan uşaqların, gənclərin müəyyən edilməsi, onların yaşadığı problemlərin aradan qaldırılması, ailələrinə bu istiqamətdə dəstək verilməsi, qadına və uşağa qarşı zorakılığa zəmin yaradan münasibət və davranışların aradan qaldırılması sahəsində müəyyən işlər görülmüşdür.
Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan 57 uşaq qeydiyyata alınmış, onların hüquqlarının qorunması və  müalicəsinin təmin olunması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Burada sağlamlıq imkanları məhdud olan uşaqlara və imkansız ailələrə maddi yardımlar göstərilmiş, onların əl işlərindən ibarət sərgilər təşkil edilmişdir.
Hörmətli toplantı iştirakçıları,
Aqrar iqtisadiyyata dövlət  qayğısının artması ilə əlaqədar 2013-cü ildə rayonumuzun  kənd  təsərrüfatı sektorunda da xeyli işlər görülmüşdür. Bu sahədə Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncam xüsusi əhəmiyyət kəsb edir. Sərəncamda kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcə vəsaiti hesabına yardımların verilməsi nəzərdə tutulur.
Həmin Sərəncamın icrası ilə əlaqədar olaraq rayonda cari ilin iyun ayında 1961 nəfər torpaq sahibinə əkin sahələrinin becərilməsinə görə 1067674,0 manat yardım hesablanmış və həmin vəsait plastik kartlar vasitəsilə onlara çatdırılmışdır. Bundan əlavə ötən ilin dekabr ayında 1252 nəfər buğda istehsalçısına 734384,0 manat yardım hesablanaraq, tərtib olunmuş sənədlər aidiyyəti üzrə respublika komissiyasına təqdim edilmişdir.
2013-cü ildə 25958 hektar sahədə payızlıq dənli bitkilər: o cümlədən 19303 hektar buğda, 6655 hektar arpa əkilmişdir. Keçən il 65400 ton taxıl istehsal edilmiş və məhsuldarlıq hər hektardan 25.2 sentner olmuşdur.
Torpaq sahibləri tərəfindən ötən il  6040 ha sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun da 1085 hektarını kartof, 2095 hektarını tərəvəz, 1366 hektarını qarğıdalı, 132 hektarını bostan bitkiləri, 1258 hektarını isə birillik və çoxillik otlar təşkil etmişdir. Həmin sahələrdən 7082 ton kartof, 9430 ton tərəvəz, 1888 ton bostan məhsulu, 3270 ton qarğıdalı dəni, 90 ton günəbaxan məhsulu toplanılmışdır. İl ərzində həmçinin, 11261 ton meyvə, 7160 ton üzüm istehsal olunmuşdur.
Hesabat ilində mövcud olan əkin sahələrində torpağın münbitliyini öyrənmək məqsədilə 4678 ədəd torpaq nümunəsi və 2356 məhsul nümunələri laboratoriya analizindən keçirilmiş və nəticələri barədə torpaq mülkiyyətçilərinə məlumat verilmişdir.
Keçən dövr ərzində ziyanvericilərə və alaq otlarına qarşı bir sıra mübarizə tədbirləri həyata keçirilmişdir. Belə ki,  alaq otlarına qarşı 6250 hektar, gəmiricilərə qarşı mübarizə məqsədi ilə isə 599 hektar sahə dərmanlanmışdır.
Cari ildə hüquqi və fiziki şəxslər tərəfindən rayon toxum müfəttişliyinə laboratoriya analizinə gətirilmiş 2978 ton taxıl toxumu, həmçinin qarğıdalı, kartof, yonca, keşniş toxumları  yoxlanılmış və vətəndaşlara müvafiq rəy verilmişdir.
2013-cü il  ərzində Dövlət  meşə fondu torpaqlarında 70 ha meşə əkini aparılmışdır ki, bunun da 49 hektarını qoz-şabalıd cinslərindən ibarət sahələr təşkil edir.
Rayonda aqrar tədbirlərin həyata keçirilməsi üçün fəaliyyət göstərən 4 aqroservisdə kifayət qədər kənd təsərrüfatı maşınları cəmlənmişdir. Bundan əlavə 410 fiziki şəxsdə müxtəlif kənd təsərrüfatı texnikaları vardır. Bütövlükdə rayon üzrə 80 ədəd taxılyığan kombayn, 53 ədəd tırtıllı və 444 ədəd təkərli traktor, 29 ədəd buldozer, 38 ədəd ekskovator və s. kənd təsərrüfatı texnikası mövcuddur. Kənd təsərrüfatı texnikası parkı daim təzələnir.
Heyvandarlıq  sahəsində də  əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayon üzrə iri buynuzlu mal-qaranın sayı artaraq 55776 başa, qoyun-keçilər 218791 başa, donuzların sayı 1020 başa çatmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı da xeyli artmışdır. Belə ki, ət istehsalı 5909 tona, süd istehsalı  34130 tona, yumurta istehsalı  10350 min ədədə, yun istehsalı isə 481 tona çatdırılmışdır. Hazıdra əhalinin quş əti və yumurtaya olan tələbatının ödənilməsi məqsədilə rayonda əvvəllər mövcud olmuş broyler quşçuluq kompleksi yenidən qurularaq istifadəyə verilmişdir.
Rayonda  mal-qaranın damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün       10 süni mayalama məntəqəsi fəaliyyət göstərir. İl ərzində 4203 baş inək və düyələrdə süni mayalama aparılmışdır ki, bu da yüksək məhsuldar heyvanların əldə olunmasına imkan yaradacaqdır.
Heyvanların yoluxucu xəstəliklərə tutulmaması üçün vaxtaşırı lazımi müayinə və profilaktika işləri aparılır. Bu gün rayonda epizootik durum demək olar ki, sabitdir. 2013-cü il ərzində 14 baş iri buynuzlu və 2 baş xırda buynuzlu heyvanın bruselloza qarşı aparılan müayinə zamanı xəstə olduğu müəyyən edilərək, kəsilmiş və  təsərrüfatdan çıxarılmışdır.
Digər yoluxucu xəstəliklər - dabaq, qarayara, leptesprioz, çiçək və sair müşahidə edilməmişdir.
Rayon balıqyetişdirmə zavodu tərəfindən göstərilən dövr ərzində 87600 ədəd balıq körpəsi böyüdülərək dairəvi hovuzlara buraxılmışdır.  Bu il 120 000 yeni balıq kürüsü alınmış və onların yetişdirilməsi istiqamətində müvafiq işlərə başlanılmışdır.
Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayonumuzun kənd təsərrüfatı məhsulları istehsalçıları da fəal iştirak etmişdir. 2013-cü il ərzində həmin  yarmarkalarda 59 ton tumlu, 83 ton qərzəkli,  10 ton çəyirdəkli  meyvələr satılmışdır. Məhsul istehsalçılarının satış yarmarkalarında iştirakı davam edir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncama əsasən  “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul olunmuşdur. Həmin proqramın icrası ilə əlaqədar taxılçılığın inkişafına xüsusi diqqət verilir. Bununla bağlı bu gün rayonda  5 özəl toxumçuluq  təsərrüfatı  fəaliyyət göstərir. 2014-cü ilin məhsulu üçün  həmin təsərrüfatlarda 2978 ton I və II reproduksiyalı toxumlar istehsal edilmiş və  münasib qiymətlərlə torpaq  mülkiyyətçilərinə satılmışdır.
Kənd təsərrüfatının mühüm sahələrindən olan bağçılığın və üzümçülüyün inkişafına da diqqət artırılmışdır. Rayonda mövcud bağ sahələri 6854 hektar, üzüm plantasiyaları isə 458 hektardır. Hazırda bağlarda və üzüm sahələrində becərmə işləri həyata keçirilir.
Hörmətli yığıncaq iştirakçıları,
Rayonda çıxan “Qəbələ” qəzetinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin, ölkədə və rayonda sosial-iqtisadi sahədə əldə olunan konkret nəticələrin işıqlandırılması və milli-mənəvi dəyərlərin təbliğ edilməsi istiqamətində gördüyü işlər mühüm əhəmiyyətə malikdir. Qəzetdə dərc olunan materiallar əsasən aktual mövzuları əhatə edir və ayda 4 dəfə çıxır. Qəzetə olan oxucu marağının sayı ildən-ilə artmış və 2014-cü ilin yanvar ayından artıq qəzet 2300 nüsxə tirajla çap olunmağa başlamışdır.
Həyata keçirilən tədbirləri, görülən işləri böyük oxucu auditoriyasına çatdırmaq üçün yaradılmış rayon icra hakimiyyətinin internet saytı və interfaksın Qəbələ İnformasiya Sektorunun materialları müntəzəm olaraq yenilənir, azərbaycan dili ilə bərabər ingilis və rus dillərində də yayımlanır. İndi rayonumuzda həyata keçirilən tədbirlər haqqında dünyanın hər yerində həmin gün operativ məlumat almaq mümkündür.
Rayonda ictimai-siyasi həyatın mühüm sahəsi olan tolerantlıq, dini durum və dini ayinlərin icrası nəzarətdə saxlanılır. Mövcud 45 məsciddən aktiv fəaliyyət göstərən 32-də 22 dövlət qeydiyyatından keçmiş dini icma yaradılmışdır. Nic qəsəbəsində fəaliyyət göstərən xristian provaslav kilsəsində isə dövlət qeydiyyatından keçmiş udi xristian dini icması təşkil olunmuşdur. İcmalar “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq dini ayinlərin icrasını tənzimləyir və həyata keçirir.
Rayonumuzda yaşayan etnik xalqlar öz adət-ənənələrinin, milli mədəniyyətlərinin, dillərinin qorunması, inkişaf etdirilməsi istiqamətində fəal mövqe nümayiş etdirir, biri-digərinə bərabər hüquqlu vətəndaş kimi qarşılıqlı hörmət bəsləyir. Həyata keçirilən abadlıq-quruculuq işləri milli azlıqların yaşadığı qəsəbə və kəndləri də əhatə edir, onların bu  işlərdən bəhrələnməsini təmin edir.
2013-cü il ərzində rayonda hüquq mühafizə orqanları tərəfindən qanunçuluq, hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş azadlıqlarının və hüquqlarının qorunması sahəsində də xeyli işlər görülmüşdür.
Müqayisəli təhlil əsasında müəyyən edilmişdir ki, 2012-ci ildə 110 cinayət hadisəsəi qeydə alındığı halda 2013-cü ilin müvafiq dövründə 86 cinayət hadisəsi qeydə alınmışdır. Göründüyü kimi 14 cinayət hadisəsi azalmışdır.
Eləcə də 2012-ci il ərzində cinayətlərin açılması 94.5 faiz, 2013-cü ilin müvafiq dövrü ərzində cinayətlərin açılması 95.0 faiz təmin edilmişdir.
Hesabat dövründə əvvəlki illə müqayisədə böyük ictimai təhlükə törətməyən cinayətlər 7, az ağır cinayətlər 10 hadisə azalmış, ağır və xüsusilə ağır cinayət hadisələr isə 3 hadisə artmışdır.
Rayon prokurorluğunda hesabat dövrünün əvvəlinə 4 cinayət işi qalıq qalmış, hesabat dövründə icraata 12 cinayət işi qəbul edilməklə, cəmi icraatda olmuş 16 cinayət işlərindən 8 cinayət işinin icraatına xitam verilmişdir. 5 nəfər barəsində 2 cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, 1 cinayət işinin icraatı dayandırılmış, 1 cinayət işi digər işlərə birləşdirilmiş, 4 cinayət işi hesabat dövrünün sonuna qalıq qalmışdır. Qurtarmış işlər üzrə 5 nəfər, qalıq işlər üzrə 1 nəfər barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hörmətli toplantı iştirakçıları,
Qəbələ Rayon İcra Hakimiyyəti başçısı aparatına 2013-cü ildə 1090 nəfər vətəndaş müraciət etmişdir. O cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 436, Milli Məclisdən 29, Nazirlər Kabinetindən 21, respublikanın digər təşkilatlarında 78, vətəndaşlardan isə 526 ədəd ərizə daxil olmuşdur.
Daxil olmuş müraciətlərin 416-sı müsbət, 318-i qismən həll edilmiş, 244-nə müvafiq izahat verilmiş, 46-sı əsassız sayılmış, 17-si tabeli qurumlara, 30-u isə aidiyyəti orqanlara göndərilmişdir.
Ərizələr əsasən körpülərin tikilməsinə, yolların təmir edilməsinə, qaz təchizatının yaxşılaşdırılmasına, birdəfəlik və ünvanlı dövlət sosial müavinətlərin verilməsinə, vətəndaşların mənzillə təmin olunmasına köməklik göstərilməsinə dair olmuşdur.
Əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də rayon icra hakimiyyətində informasiya texnologiyalarından geniş istifadə edilmiş, daxil olan elektron məktublar dərhal araşdırılaraq müvafiq tədbirlər görülmüşdür. Elektron müraciətlərdə şikayət hallarına rast gəlinməmişdir. Hazırda 3 qəsəbə və 7 kənd inzibati ərazi dairələri ilə RİH arasında informasiya mübadiləsi üçün operativ idarəetmə mərkəzi fəaliyyət göstərir.
2013-cü ildə müntəzəm olaraq rayon icra hakimiyyəti başçısı aparatında həftənin beşinci günləri başçı, digər iş günlərində isə müavinlər və şöbə müdirləri tərəfindən vətəndaşların qəbulu həyata keçirilmişdir. Qəbullarda 3119 nəfər vətəndaş müraciət etmişdir ki, onların da 1205 nəfəri RİH başçısı tərəfindən qəbul olunmuşdur. Qəbul zamanı verilən tapşırıqların icrasına nəzarət edilmiş, cavabdeh şəxslərdən bununla əlaqədar rəsmi məlumatlar alınmışdır.
Hesabat dövründə rayon icra hakimiyyəti başçısının 46 səyyar görüş-qəbulu keçirilmişdir. Səyyar qəbullarda 5735 nəfər çıxış edərək müxtəlif səpkili təkliflər irəli sürmüşdür.
İrəli sürülən təkliflərin və edilən müraciətlərin 349-u müsbət həll edilmiş,    14-ü ilə əlaqədar mövcud qanunçuluq izah olunmuş, 17 məsələnin həlli isə respublikanın digər aidiyyəti təşkilatları tərəfindən icra edilməli olduğuna görə həmin müraciətlərlə bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalarının, səhiyyə, mədəni-maarif obyektlərinin, körpülərin tikilməsi, subartezian quyularının qazılması və çaylarda sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.
2013-cü ildə RİH-nin iş planına uyğun olaraq Şura iclasında 49 məsələ müzakirə edilmişdir. Həmin məsələlərin üçü vətəndaşların müraciətlərinə baxılmasına dair olmuşdur.
Rayon icra hakimiyyəti başçısı aparatında və inzibati ərazi nümayəndəliklərində çalışan hər bir məsul dövlət qulluqçusu tərəfindən vətəndaşların qəbulu, müraciətlərinə baxılmasının qanunvericiliyin müddəalarına uyğunluğu başçı tərəfindən daim nəzarətdə saxlanılır, vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Hörmətli yığıncaq iştirakçıları,
Nazirlər Kabinetinin iclasında qarşıda duran vəzifələrdən danışan cənab İlham Əliyev 2014-cü ildə də əvvəlki illərdə olduğu kimi bütün proqram və layihələrin uğurla icra olunacağına əminliyini bildirib. O qeyd edib ki, ölkədə yeni infrastruktur layihələrinin icrasına böyük ehtiyac vardır. İnvestisiya proqramlarının icrası, xarici investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitliyin qorunması kimi amillər ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir.
Cənab Prezident ərzaq təhlükəsizliyinin təmin olunması, yerli sahibkarlığın inkişaf etdirilməsi, sosial infrastruktur obyektlərinin tikintisinin genişləndirilməsi, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması istiqamətində də mühüm addımlar atılacağını vurğulamışdır.
Ölkə başçısı qarşıda duran vəzifələrdən danışarkən, ağır və yüngül sənayenin inkişafı ilə bağlı ciddi addımların atılmasının vacibliyini diqqətə çatdırmış və 2014-cü ili “Sənaye ili” elan edərək demişdir: “Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparkların, yeni sənaye müəssisələrinin, ixrac yönümlü sənaye məhsulları istehsalının, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması  - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir”.
Hörmətli toplantı iştirakçıları,
2013-cü ildə rayonumuzda görülən işlər və bu işlərin yerinə yetirilməsi istiqamətində rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların fəaliyyəti barədə Sizə qısa məlumat verdim.
2014-cü ildə qarşımızda daha mühüm vəzifələr durur.
Məruzəmin sonunda əminliklə bildirmək istəyirəm ki, Qəbələ Rayon İcra Hakimiyyəti 2014-cü ildə də yeni uğurların əldə olunması, rayonumuzun daha dinamik inkişaf etdirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinin, eyni zamanda qanunvericiliklə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı lazım gələn bütün tədbirləri həyata keçirəcəkdir.
Hörmətli yığıncaq iştirakçıları,
İcazə verin sizin hər birinizin, bütün qəbələlilərin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edim ki, biz həmişə olduğu kimi vətənimizə, dövlətimizə, xalqımıza sədaqətlə xidmət edəcək, 2014-cü ili də uğurla başa vuracağıq.
Diqqətinizə görə təşəkkür edirəm.
Hesabat yığıncağında çıxış edənlərdən rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Cavanşir Məlikov, rayon  Maliyyə idarəsinin rəisi Namiq Ağayev, Qəbələ şəhər 2 saylı tam orta məktəbinin direktoru Təranə Səlimova, Bum qəsəbə Uşaq bağçasının müdiri Rəhilə Sədirova çalışdıqları sahələr üzrə əldə olunmuş uğurlardan söz açmışlar.
Hesabat yığıncağında iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı tərəfindən təhlil edilən iqtisadi inkişaf göstəricilərinin və Azərbaycanın beynəlxalq birliklərdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ən vacib məqamlarını işıqlandırmışdır.
O cənab Prezidentin dediyi kimi Azərbaycanın BMT təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə respublikamızın beynəlxalq hüququ və ədaləti əsas götürərək daim prinsipial mövqe tutduğunu, ölkəmizin nüfuzunun bu müddət ərzində daha da artdığını bildirdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutmasını, lakin 2013-cü ilin sonunda bu prosesdə müəyyən canlama müşahidə edildiyini söylədi.
Əflatun Rufiyev respublika üzrə bütövlükdə 20 min məcburi köçkünün yeni mənzillərlə təmin edildiyini, 80 mini daimi olmaqla 10 min yeni iş yerlərinin açıldığına diqqət çəkərək, 2013-cü ildə ümumi daxili məhsulun 6 %, qeyri-neft sektorunun 9,8 %, əhalinin pul gəlirlərinin 8 % artdığını və infilyasiyanın 2,4 % təşkil etdiyini qeyd etdi.  
Rəqabət qabiliyyətlərinə görə dünyada 39-cu yerdə olan ölkəmizdə bundan sonra da sosial-iqtisadi inkişafın uğurla davam edəcəyi toplantı iştirakçılarının nəzərinə çatdırılmışdır.
Çıxışların yekununda hesabat yığıncağında iştirak edən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edərək əldə olunmuş uğurlardan söz açaraq, ötən ilin ən böyük siyasi hadisəsinin Azərbaycanda 9 oktyabrda keçirilən Prezident seçkiləri olduğunu vurğuladı.
Millət vəkili əksəriyyətin səs çoxluğu ilə cənab İlham Əliyevin yenidən müstəqil Azərbaycanın Prezidenti seçildiyini və siyasi kompaniyada qəbələlilərin daha çox fəallıq göstərdiyini söylədi.
Qəbələnin öz tarixi şöhrətinə qovuşması və burada həyata keçirilən abadlıq-quruculuq işlərinə ölkə  başçısı tərəfindən yaxından göstərilən köməkliyin rayon sakinləri tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Fəttah Heydərov qəbələlilərin cənab İlham Əliyevə olan rəğbət və məhəbbətini bu siyasi kompaniyada ona göstərdikləri yüksək ehtimadla ifadə etdiklərini bildirdi.
2013-cü ildə rayonda görülən ilər və bu işlərin yerinə yetirilməsində Qəbələ Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının yorulmaz fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edən millət vəkili 2014-cü ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində bütün qəbələlilərə can sağlığı, firəvanlıq və əminəmanlıq arzuladı.
Hesabat yığıncağında qərar layihəsi oxunmuş, yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir. Sonda rayonun sosial-iqtisadi inkişafında çalışdıqları sahə üzrə xidmətləri olan bir qrup vətəndaşa qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər