"Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi başa çatıb
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olmuş Qəbələ rayonu Vəndam qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Səadət Məhərrəmovanın "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Layihə rəhbəri Səadət Məhərrəmova müsabiqənin müəllimlər və şagirdlər üçün əhəmiyyətindən danışmış və "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi haqqında ətraflı məlumat verərək layihənin başa çatdığını, layihə çərçivəsində təlimlərin sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun olaraq əyani qaydada həyata keçirildiyini, təlimlərə 60 nəfərdən çox şagird (Qəbələ şəhəri 3 saylı tam orta məktəb, Qəbələ şəhəri 5 saylı tam orta məktəb və Qəbələ rayon Vəndam qəsəbəsi 2 saylı tam orta məktəb, 1-11-ci siniflər arasından) cəlb edildiyini diqqətə çatdırmışdır. Daha sonra çıxış edən Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı barədə məlumat verdi, ənənəvi təhsilin davam etdirilməsində pandemiya qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğuladı, Robototexnikanın inkişafının müxtəlif sənaye sahələrində inkişafa töhvə verəcəyini, məktəblilər üçün robototexnika üzrə təlimlərin təşkilinin gələcəkdə bu sahədə mütəxəssislərin yetişməsində müstəsna rolu olacağını bildirmişdir.
Sonda layihə fəaliyyətini əks etdirən video görüntülər izlənildi və layihənin təlimçisi Ayaz Məmmədovun müşayiəti ilə iştirakçılar hazırladıqları robotların və əl işlərinin təqdimatını həyata keçirmişdir.