Qəbələ rayon Mədəniyyət Mərkəzində "Azərbaycan Gəncləri Günü" ilə bağlı tədbir keçirilib
Qəbələ rayon Mədəniyyət Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin təşkilatçılığı ilə "2 fevral- Azərbaycan Gəncləri günü"nün təsis edilməsinin 25 illiyi münasibətilə "Sağlam gələcək sağlam gənclik ilə gələcək" adlı tədbir keçirilib. Öncə istedadlı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, sonra dəyirmi masa ətrafında tədbir davam etdirilmişdir. Tədbiri giriş sözü ilə MİHİ Qəbələ Rayon Komitəsinin sədri Malik Ağayev açmış və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qəbələ rayonu üzrə baş məsləhətçisi Nargilə Qafarova əksəriyyəti gənclərdən ibarət kollektivi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Tədbirdə çıxış edən gənclər dövlət tərəfindən onlara göstərilən böyük diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açmış, dövlətin gənclərə verdiyi dəyərin qarşılığı olaraq gənclərin də ölkə həyatında yüksək fəallıq və vətənpərvərlik nümayiş etdirməli olduqlarını qeyd etmişlər. Sonda bir qrup mədəniyyət işçisinə ve sərgidə fərqlənən iştirakçılara MİHİ Qəbələ rayon Komitəsi tərəfindən "Fəxri Fərman"lar təqdim olunmuşdur.